RU

"İş saatlarının dəyişdirilməsi Bakıda ən çox müzakirə olunan məsələlərdəndir " - Millət vəkilindən AÇIQLAMA

Bakıda uzun illərdir davam edən tıxac problemi şəhər sakinlərinin gündəlik həyatına ciddi təsir göstərir. Xüsusilə səhər və axşam saatlarında yolların yüklənməsi işə gecikmələrə və vaxt itkisinə səbəb olur. Bu problemin aradan qaldırılması üçün müxtəlif variantlar müzakirə edilir. Belə ki, paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üçün Dövlət Proqramında tıxacların aradan qaldırılması məqsədilə müəyyən işlərin görülməsi nəzərdə tutulub. Bu işlərdən biri də Bakıda nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən iş qrafikinə əsasən tənzimlənməsidir. Bu istiqamətdə artıq aidiyyəti qurumlar tərəfindən müəyyən araşdırmalar və təkliflər hazırlanır. 

Mövzu ilə bağlı Missiya.Az-a danışan millət vəkili Razi Nurullayev qeyd edib ki, iş saatlarının dəyişdirilməsi ilə bağlı prosesin başlanması son dövrlər Bakıda ən çox müzakirə olunan məsələlərdən biridir".

"Paytaxtda tıxac problemi uzun illərdir həm vətəndaşların gündəlik həyatına, həm də iqtisadi fəaliyyətin səmərəliliyinə mənfi təsir göstərən əsas amillərdəndir. Buna görə də iş saatlarının tənzimlənməsi məsələsi, nəqliyyat yükünün azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir.

Əslində, iş saatlarının fərqli sektorlarda mərhələli şəkildə başlanması beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Bu sistemin əsas məqsədi eyni vaxtda minlərlə insanın eyni istiqamətdə hərəkət etməsinin qarşısını almaqdır. Hazırda Bakıda səhər saat 08:00–09:00 aralığında və axşam 18:00–19:00 arasında yollarda hərəkət intensivliyi pik həddə çatır. Əgər dövlət idarələrinin, məktəblərin, özəl sektorun və ticarət obyektlərinin işə başlama və bitmə vaxtı bir qədər fərqləndirilsə, bu, nəqliyyat axınını hiss olunacaq dərəcədə azalda bilər.

Məsələn, bəzi dövlət qurumlarının işə saat 08:00-da, bəzilərinin 09:00-da, özəl sektorun isə 09:30 və ya 10:00-da başlaması yollarda yükün paylanmasına şərait yaradacaq.

R.Nurullayev vurğulayıb ki, beynəlxalq təcrübəyə baxsaq, məsələn, Sinqapur, London, Seul və Dubay kimi böyük şəhərlərdə iş saatlarının diferensiallaşdırılması tıxacların azalmasında əhəmiyyətli rol oynayıb:

"Bu sistem təkcə yollardakı sıxlığı azaltmır, həm də şəhər içi hərəkət vaxtını qısaldır, yanacaq sərfiyyatını və hava çirklənməsini azaldır.

Nəticə etibarilə, iş saatlarının dəyişdirilməsi tıxac probleminin azaldılmasına real təsir göstərə bilər, amma bu, kompleks yanaşma tələb edir. Nəqliyyat infrastrukturu, ictimai nəqliyyatın təşkili və şəhər planlaşdırılması məsələləri də eyni zamanda yenidən baxılmalıdır və artıq müəyyən addımlar atılmaqdadır. Yalnız bu halda atılan addımlar uzunmüddətli və davamlı nəticə verəcək".

Seyranə QuliyevaMissiya.Az

Избранный
10
1
missiya.az

2Источники