BAKI, 13 oktyabr. TELEQRAF
Fransanın sağçı müxalifət partiyası “Milli Birlik” (Rassemblement National) bazar ertəsi yeni hökumətə qarşı etimadsızlıq qətnaməsini parlamentə təqdim edəcək.
Teleqraf xəbər verir ki, bu barədə fraksiya lideri Marin Le Pen sosial şəbəkə "X"də məlumat verib.
“Son günlər dediyimiz kimi, hökumətə ‘Milli Birlik’ və müttəfiqimiz olan ‘Respublika uğrunda sağ ittifaq’ tərəfindən etimadsızlıq göstəriləcək. Sabah biz rəsmi olaraq qətnaməni təqdim edəcəyik,” - Le Pen bildirib.
Siyasətçi həmçinin Prezident Emmanuel Makronu Milli Məclisi buraxmağa və yeni parlament seçkiləri keçirməyə çağırıb. Onun sözlərinə görə, Fransa vətəndaşları yeni çoxluğu müəyyən etmək və öz fikirlərini bildirmək imkanı əldə etməlidirlər.
Yeni hökumət sentyabrın sonunda formalaşdırılıb, lakin artıq ilk gündən müxalifət tərəfindən sərt tənqidlərə məruz qalır.