RU

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək - ŞƏRH

Azər Allahverənov: Yeni qanun türk soylulara dövlət və özəl sektorda işləmək imkanı açır

Əmək miqrasiyası sahəsində son dövrlərdə Türkiyənin qanunvericiliyində aparılan dəyişikliklər, xüsusilə türk soylu əcnəbilərə yönəlik yeni yanaşmalarla diqqət çəkir. Bu dəyişikliklər, Türkiyədə işləmək istəyən türk mənşəli şəxslərə əlavə imkanların yaradılmasını və onların əmək bazarına inteqrasiyasını asanlaşdırmağı hədəfləyir. 

R.T.Ərdoğanın qəbul etdiyi yeni hüquqi çərçivə türk soylu əcnəbilərin yalnız müəyyən sahələrdə deyil, artıq daha geniş sektorlarda-o cümlədən dövlət və özəl qurumlarda da peşə və ixtisaslarına uyğun şəkildə fəaliyyət göstərmələrinə şərait yaradır. Bu yanaşma, bir tərəfdən Türkiyənin əmək bazarını daha açıq və rəqabətə dayanıqlı hala gətirməyi, digər tərəfdən isə tarixi və mədəni bağları olan türk topluluqlarına dəstək göstərməyi məqsədləyir.

Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov Sherg.az-a açıqlamasında qanunda türk soylu şəxslərə əlavə güzəştlərin verilməsinin və ya əlavə iş şəraitinin yaradılmasının təsbit olunduğunu qeyd edib:

"Təsdiq olunmuş qanundan da bəlli olur ki, Türkiyənin qanunvericiliyində dəyişiklik baş verməkdədir. Bu da bilavasitə Türkiyədə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən türk soylu əcnəbilərlə bağlıdır. Çünki qanunda konkret olaraq türk soylu şəxslərə əlavə güzəştlərin verilməsi və ya əlavə iş şəraitinin yaradılması təsbit olunub. Bu, deməkdir ki, əgər bugünə qədər əcnəbi olan şəxslər-fərq etməz, türk soylu olsun və ya digər millətlərə aid olsun onlar konkret olaraq Türkiyədə bəzi sahələrdə işləmələri üçün türk vətəndaşı olmalı idilər. Eləcə də yalnız türk vətəndaşlarının əmək fəaliyyəti ilə məşğul ola biləcəyi dövlət və özəl sektorlarda sahələr var idi. İndi artıq yeni qanuna görə türk soylu şəxslər türkiyə vətəndaşlarının işləyə bildiyi bütün sahələrdə öz sənətlərinə və peşələrinə uyğun əmək fəaliyyəti göstərə bilərlər. Bu o deməkdir ki, türk soylu şəxslər üçün əlavə imkanlar yaradılır ki Türkiyə ərazisində, əmək bazarında yerli vətəndaşlarla bağlı rəqabətə dözümlü olsunlar və rahat şəkildə əmək fəaliyyəti göstərmələri üçün bu iddiada olsunlar. 
Burada vacib nüanslar var. Birincisi, türk soylu şəxslər üçün “türk soylu bəlgəsi” adlı sənəd əldə olunmalıdır. Bu, həmin şəxsin türk soylu olduğunu göstərməlidir. Türk dilli xalqlar belə bir sənəd almaq hüququna malikdirlər. Amma məsələ burasındadır ki, bu daha çox öz ölkələrində hansısa səbəbə görə təbiqlərə və ya təzyiqlərə məruz qalan türk dilli xalqlara şamil olunur. Ahıska türkləri ilə həmçinin, Çində uyğurlarla bağlı türk soylu bəlgəsinin verilməsi prosesi daha rəvan şəkildə həyata keçirilirdi. Son zamanlar bu siyahıya Kırım tatarları da əlavə olunub. Amma digər türk dilli respublikaların vətəndaşları da türk soylu bəlgəsinin alınması üçün müraciət edə bilərlər. Lakin burada əsas meyar odur ki, həmin şəxsin Türkiyə hökumətinin hər hansısa bir formada dəstəyinə ehtiyacı var deyə türk soylu bəlgəsinin əldə olunması üçün müraciət edir. Bu sübuta yetirildikdə həmin şəxs qeyd olunan sənədlə təmin olunur. Sənədlə təmin olunan şəxs artıq Türkiyə ərazisində qanunda baş vermiş yeni dəyişikliyə görə əmək fəaliyyəti ilə məşğul ola bilər. Hətta dövlət qurumlarında da, özəl qurumlarda da çalışa bilər. Artıq onun qarşısında hər hansısa bir maniə olmayacaq. Türk soylu bəlgəsi mütləq olmalıdır".

Deputat ikinci vacib nüansın isə türk soylu şəxslərin hansısa konkret sənət və peşəyə uyğun olaraq əmək fəaliyyəti ilə məşğul ola bilmələrindən ibarət olduğunu söyləyib: 

"Mütləqdir ki, həmin şəxsin konkret hansısa ixtisasa, sənətə malik olduğunu təsdiq edən müvafiq sənədləri olmalıdır. Yalnız sertifikatlar, diplomlar və digər sənədlər, xüsusilə də onun bilik və bacarıqlarını təsdiq edən sənədlər olduğu halda türk soylu yabancı kimi bəlgəyə mənsub şəxs olaraq əmək fəaliyyəti ilə məşğul olması üçün müraciət edə bilər. Üçüncü nüans isə bilavəstə bu qanun Türkiyə ərazisində qanuni əsaslarla yaşayan şəxslərə şamil olunur. Bu o deməkdir həmin şəxslər artıq Türkiyə ərazisində yaşayırlar və onlar yeni qanunun yaratdığı imkandan yararlanaraq əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Amma gələcəkdə hansısa bir türk soylu şəxs Türkiyədə əmək fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bunun üçün türk soylu bəlgəsini əldə etməlidir. Sonra isə həmin şəxs Türkiyə ərazisində miqrasiya uçotuna alınmalıdır".

Parlamentari bildirib ki, türk soylu şəxslər Türkiyə ərazisində qeydiyyata düşdükdən, ölkə ərazisində qanuni yaşayan miqrant olaraq təsdiq edildikdən sonra yeni qanuna görə əmək fəaliyyəti ilə məşğul olmaları üçün müraciət edə bilər: 

"Burada həmin şəxsin qarşısında hər hansı bir sahəvi əngəl  görsənmir. Qanunda göstərilir ki, Türkiyə Respublikasının vətəndaşlarının çalışdığı istənilən sahədə türk soylu əcnəbilər də əmək fəaliyyəti ilə məşğul ola bilərlər".
Избранный
14
sherg.az

1Источники