RU

Paşinyanın sülh mesajı: Bu hələ yolun başlanğıcıdır! - RƏY

Abutalıb Səmədov: "Düşmənçiliyi aradan qaldırmaq üçün hamımız çalışmalıyıq"

Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Düşənbədə keçirilən sammitində Azərbaycanla sülh prosesindən danışıb. Baş nazir bildirib ki, təsdiqlənmiş sülh Ermənistan-Azərbaycan gündəliyindəki bütün məsələlərin həll olunduğu demək deyil. Onun sözlərinə görə, hələ qarşılıqlı ticari, iqtisadi, siyasi və mədəni əlaqələr möhkəmləndirilməli, humanitar məsələlər həll edilməlidir: 

"Bu isə uzunmüddətli düşmənçilik tarixini nəzərə alsaq, asan iş deyil. Amma təsdiqlənmiş sülh bizə əminlik verir ki, bu məsələlər mərhələli şəkildə həll olunacaq". Paşinyan sülhün təsdiqlənməsi münasibətilə təkcə Ermənistanı və Azərbaycanı deyil, həm də bütün MDB üzvlərini təbrik edib: "Çünki bilirəm ki, siz hamınız bunu çox istəyirdiniz və bu, baş verdi. Sülh indi reallıqdır. Bu münasibətlə hamımızı təbrik edirəm və bu müddət ərzində göstərilən dəstəyə görə həmkarlarıma təşəkkürümü bildirirəm".

Paşinyanın sülh mesajlarını "Sherg.az"a dəyərləndirən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, sülh sazişinin imzalanması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan çox mühüm addım olacaq. Ekspertin sözlərinə görə, bunun üçün ilk növbədə sazişin imzalanmasına mane olan məsələlər aradan qaldırılmalıdır: 

"Vaşinqtonda imzalanmış memorandumun 5-ci bəndində açıq şəkildə göstərilir ki, mövcud reallıq təftiş olunmamalıdır. Bu səbəbdən Ermənistanın Baş naziri N.Paşinyan "Qarabağ erməniləri" ilə bağlı suala cavab vermədi. Reallıq bundan ibarətdir ki, Qarabağda ermənilər yaşamaq istəmədilər və könüllü şəkildə getdilər. Azərbaycanın bütün ərazisində suverenlik təmin olunub. Bu reallıq təftiş olunmamalıdır. Memorandumun əsas tələblərindən biridir. Digər tələb Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Son aylarda Azərbaycan-Ermənistan arasında normallaşma, münasibətlərin qurulması yönündə müəyyən addımlar atılıb. Paşinyanla Azərbaycan Prezidenti arasında münasibətlər də xeyli yaxşılaşıb. Ancaq bu, hələ yolun başlanğıcıdır. Sülh sazişinin imzalanmasından sonra düşmənçiliyin tamamilə aradan qaldırılması üçün ciddi işlərin görülməsinə ehtiyac olacaq. Əvvəlcə diplomatik münasibətlər yaranacaq, səfirlik mübadiləsi ediləcək. Ermənistan nümayəndələri Azərbaycana, Azərbaycanın təmsilçiləri Ermənistana tez-tez səfərlər edəcəklər və s.".

Analitik əlavə edib ki, dövlət qurumlarının üzərinə çox böyük iş düşür: 

"Ölkələrimiz, xalqlarımız arasında olan düşmənçiliyi aradan götürmək üçün hamımız çalışmalıyıq. Qonşularla düşmənçilik dövlətlərin normal inkişafına mane olur. Ona görə ki, qonşunun düşmən olduğunu bildiyin üçün daim hazırlaşmaq, güc toplamaq, pul sərf etmək məcburiyyətində qalırsan. Bu da, ölkəyə iqtisadi zərbə vurur, xüsusən zəif Ermənistanı iqtisadi cəhətdən xeyli geri salır. O səbəbdən düşmənçiliyi aradan qaldırmaq üçün hamımız çalışmalıyıq. İlk addımları artıq dövlət liderləri atıblar. Yekun sülh sazişinin imzalanmasından sonra bu proses daha da sürətlənəcək və müəyyən zaman sonra Azərbaycan-Ermənistan normal qonşuluq münasibətlərini quracaqlar".
Избранный
7
1
sherg.az

2Источники