Afsəddin Nəbiyev: “Moskvanın Vaşinqton razılaşmasının həyata keçməsinə birbaşa dəstək verəcəyi real görünmür”
Məlum olduğu kimi, Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti ərəfəsində Azərbaycan və Rusiya liderləri – İlham Əliyev və Vladimir Putin arasında baş tutan təkbətək görüşdə iki ölkə arasında olan bir sıra məsələlər ətrafında yaranmış çətinliklər müzakirə olunub.
Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədə baş tutan təkbətək görüşü və aparılan ətraflı müzakirələr iki ölkə arasında münasibətlərin sabit və konstruktiv məcraya yönəldiyini nümayiş etdirib. Görüş zamanı bir sıra aktual məsələlər, o cümlədən son dövrlərdə yaranmış problemlər açıq və qarşılıqlı etimad şəraitində müzakirə olunub. Tərəflərin səmimi dialoqu göstərib ki, Bakı və Moskva ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, anlaşılmazlıqların aradan qaldırılması və gələcək əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində eyni mövqedən çıxış edirlər.
Maraqlıdır, Pitin-Əliyev görüşündən sonra Rusiya Azərbaycan- Ermənistan normallaşmasında pozitiv mənalarda nələr edə bilər? İki ölkə arasında olan bu qarışıq münasibətdən sonra Azərbaycan-Ermənistan normallaşmasında Rusiyanın mövqeyi, yeritdiyi siyasət nə olacaq?
“Bu baxımdan, ciddi maneə törədəcəyi gözlənilmir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “Əvvəla onu qeyd edim ki, Putinin hadisədən 10 ay sonra belə mövqe sərgiləməsi əslində gecikmiş addımdır. Kreml bu mövqeni faciənin ilk günlərində ifadə etsəydi, iki ölkə münasibətlərində belə bir gərginlik yaranmazdı. İndi münasibətlərin normallaşması prosesi birbaşa Putinin verdiyi vədlərin icra vəziyyətindən asılı olacaq. Qarışıq münasibətdən sonra Azərbaycanla Ermənistan arasında Rusiyanın öncülmövqedə olmağı hədəflədiyi göz önündədir. Ancaq indiki vəziyyət belədir ki, Paşinyan tamamilə Avropaya istiqamətlənib, bu bir aksiomadır. Rusiyanın əsas məqsədi Cənubi Qafqazda maksimum mövqeyini qoruyub saxlamaqdır. Bu baş tutacaqmı, onu zaman göstərəcək. Moskvanın Vaşinqton razılaşmasının həyata keçməsinə birbaşa dəstək verəcəyi real görünmür. Çünki Rusiya istəyir Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində əsas söz sahibi olsun. Ancaq o da var ki, Kreml prosesə əngəl olmaq gücündə deyil, çünki Ukrayna müharibəsi Rusiyanı zəiflədib. Bu baxımdan ciddi maneə törədəcəyi gözlənilmir. Azərbaycanla bağlı da indidən qəti fikir bildirmək hələ tezdir. Bütün bunlar rəsmi Rusiyanın davranışından asılı olacaq. Əgər təyyarə hadisəsinə məsul olan rusiyalı hərbçilər və məmurlar hüquqi qiymət alarsa, kompensasiyalar şəffaf və ədalətli şəkildə ödənilərsə, azərbaycanlılara qarşı basqı, təzyiq və zorakılıq halları dayandırılarsa, yaranmış gərginlik real şəkildə azala bilər. Bu addımlar atılmadığı təqdirdə isə, Putinin bəyanatları yalnız taktiki diplomatik jest kimi qalacaq və ictimai etimad bərpa olunmayacaq. Düşənbə görüşü göstərdi ki, Moskva artıq bu hadisəni tam susqunluqla keçmək niyyətində deyil. Lakin sözlərdən əmələ keçmək Rusiya üçün əsas sınaq olacaq. Azərbaycan cəmiyyəti konkret addımlar, şəffaf istintaq və hüquqi nəticə gözləyir. Bu faciə yalnız bir hava qəzası deyil, həm də etimad böhranı yaratdı. Rusiya bu etimadı bərpa etmək istəyirsə, hadisənin bütün iştirakçılarına hüquqi qiymət verməli və azərbaycanlılara qarşı baş verən ədalətsizlikləri aradan qaldırmalıdır. Əks halda, Putinin gecikmiş etirafı nə siyasi nüfuzunu, nə də iki ölkə arasında yaranmış gərgin münasibətləri düzəltməyə kifayət edəcək”.
Vidadi ORDAHALLI