“Məlhəm” hospitalı məni məhkəməyə verib, 100 min manat da təzminat tələb edirlər nüfuzlarına xələl gətirdiyim üçün. Gülməlidir. Adamda (elə xəstəxanada da) abır-həya yaxşı şeydir. Bu bir yana, xəstəxananın baş həkimi və digər həkimləri mətbuata açıqlama verirlər ki, guya bizim xəstəxanaya borcumuz var, ödəmirik. Bunu deyən qələt edir!

Tribunainfo.az xəbər verir ki, bu sözləri “Məlhəm” Hospitalda doğuş zamanı bacısının övladı ciddi xəsarət olan yazar Ulucay Akif yazıb. O bildirib ki, bacısı doğuşa girən kimi yoldaşı əməliyyatın pulunu xəstəxanaya ödəyib, qəbz də alıb:
“Qəbz qalır bizdə. Əməliyyatdan iki gün sonra xəstəxana özü uşağın artıq yaşamayacağını deyib əməliyyat üçün edilmiş ödənişin bir qismini geri qaytardı.
Daha sonra uşaq həyata tutundu, bir neçə gün küveysdə qaldı, indi də xəstəxanadadır, boru ilə filan qidalanır, çox gözəl başa düşürəm ki, bunların hamısı məsrəfdir, xərc tələb edən şeylərdir və hamısı hesablanır. Uşaq 20 günə yaxındır xəstəxanadadır və bu 20 günə görə bizə 10 mindən çox borc yazılıb və biz bu pulu ödəmirik, bunu düz deyirlər.
Çünki xəstəxananı, həkimi məhkəməyə vermişik. Bunu anlamaq bu qədər çətin olmamalıdır, biz xəstəxananı məhkəməyə vermişik ki, uşağın bu vəziyyətə düşməsinin səbəbkarı həkim Pərvin Xəlilova və dolayısı ilə xəstəxanadır. Hansınız bu cür vəziyyətdə o ödənişi edərsiniz? Məhkəmə aydınlaşdıracaq kim haqlıdır, kim haqsız, onda bəlli olacaq o pulu kim ödəməlidir”.
Şikayətçi və narazı tərəf olan U.Akif bildirib ki, olar qətiyyən pul davası etmirlər:
“Hələ dünən getmişəm xəstəxanaya, baş həkim Sevda Əlizadə ilə görüşməyə, uşağın səhhətini maraqlanmağa, nə etməli olduğumuzu soruşmağa, amma mühafizəçilər məni yanına buraxmır. Telefon zənglərimi açmır. Mühafizəçilər ilə söz göndərir ki, mətbuata açıqlama vermirəm, ancaq birinci dərəcəli qohumlara məlumat veririk.
Deyirəm, ay adam, birinci dərəcəli qohumam da. Bacımın övladıdır. Bacımın atası yoxdur, qardaşı var. Bacım özü uşağın qorxusundan eləcə xəstəxanaya gedib-gəlir. Birinci dərəcəli qohum necə olmalıdır?
Bu arada, niyə özəl xəstəxanaya müraciət etdiyimizi soruşanlara da deyim, bacım neçə ildir o xəstəxananın əməkdaşıdır. Bunu başa düşmək də çətin olmalı deyil, məncə. Və onu da deyim ki, baş həkim Sevda Əlizadə bu 20 gün ərzində bacımı, yəni öz işçisini yanına çağırıb heç təsəlli verməyə də gərək görməyib.
Bax belədir vəziyyət.
Digər məsələ. Xəstəxananın bizə şər atdığı vacib məsələ. Deyirlər ki, guya anam icazə verməyib qeysəriyyə əməliyyatına, hətta sənəd də imzalayıb əməliyyatdan qabaq.
Adam bu dərəcədə alçaq olmaz. Anam əməliyyat zamanı xəstəxanada olmayıb heç. Təsəvvür edin ki, doğuşdan sonra həkim bacıma deyib, əməliyyat uğurlu keçdi, sabah ikinizi də evə buraxacağıq, amma bir dənə bu sənədi imzala ki, qeysəriyyə əməliyyatına özün razı olmamısan.
Bacım da deyib ki, axı mən elə şey deməmişəm.
Həkim isə deyib ki, sən əməliyyata girəndə anan deyib, ananın əvəzindən imzala. Bacım da imzalayıb.
Bacıma buna görə xeyli əsəbiləşmişəm, o başqa, amma əməliyyatdan sonra sənəd imzalatmaq nə deməkdir? Araşdırsın bunu da prokurorluq. Xəstəxananın hər yeri kamerayla doludur, görüntüləri çıxartsınlar, görək əməliyyatdan qabaq bacım nəsə imzalayıb ya əməliyyatdan sonra?
Aydındır ki, öz zibillərini ört-basdır etmək üçün sənəd imzaladıblar tələm-tələsik. 8 aylıq hamiləlik dövründə də bacım bütün müayinələri o xəstəxanada keçib, heç bir problem olmayıb.
Keçək digər məsələyə, lap tutaq ki anam razı olmayıb, o boyda peşəkar həkimlər valideynin, ya kiminsə deməyi ilə qərar verir? Bəs harda qaldı peşəkarlıq? Sən özün gördüyün işin məsuliyyətini bilmirsən? Və sənədi niyə doğuşdan sonra imzalatmısan?”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.