RU

Nobel sülh mükafatı xanım müxalifətçiyə verildi

Nobel sülh mükafatı xanım müxalifətçiyə verildi

Nobel Sülh mükafatının qalibi bəlli olub.

AFN.az xəbər verir ki, Norveç Nobel Komitəsi 2025-ci il üçün Sülh mükafatını Venesueladan olan siyasətçi və müxalifət lideri Maria Korina Maçadoya təqdim edib.

O, bu yüksək mükafata Venesuela xalqının demokratik hüquqlarını müdafiə etmək, ölkədə ədalətli və sülh yolu ilə demokratiyaya keçidi təmin etmək istiqamətində uzunmüddətli və fədakar fəaliyyətinə görə layiq görülüb.

Maria Korina Maçado Venesuela siyasətində tanınmış simadır. O, 7 oktyabr 1967-ci ildə Karakas şəhərində doğulub. Liberal-demokrat baxışlara malik olan Maçado uzun illərdir ölkəsində avtoritar rejimə qarşı mübarizə aparır. O, “Vente Venezuela” adlı müxalif hərəkatın yaradıcısı və lideridir. 2014-cü ildə Nikolas Maduro hakimiyyətinə qarşı keçirilən kütləvi etirazlara görə onun parlament üzvlüyü ləğv olunub. Hazırda Maçado beynəlxalq səviyyədə demokratiya və insan hüquqları uğrunda mübarizənin əsas simalarından biri kimi tanınır.

Bildirilib ki, Nobel Sülh mükafatı qalibinin adı Norveçin Oslo şəhərindəki Nobel İnstitutunda elan edilib.

Xatırladaq ki, 2024-cü ildə bu mükafat Yaponiyanın Nihon Hidankyo təşkilatına verilmişdi. Xirosima və Naqasakidə atom bombası partlayışlarından sağ çıxanlar tərəfindən yaradılan bu hərəkat Hibakuşa adı ilə də tanınır. Nihon Hidankyo nüvə silahlarından azad, təhlükəsiz və sülh içində bir dünyanın qurulması istiqamətində fəaliyyəti, eləcə də nüvə silahlarının bir daha istifadə olunmaması zərurətini dünyaya çatdırdığına görə Nobel Sülh mükafatına layiq görülmüşdü.

Mənbə: Nobelprize.org

Избранный
72
afn.az

1Источники