“Hələ də taktiki işlər üzərində çox işləməliyik”.
Offsideplus.az xəbər verir ki, bunu “Quba”nın mətbuat xidmətinə açıqlamasında komandanın basketbolçusu Levan Qoqaladze deyib.
O, komandasının nəticəsindən razı olduğunu vurğulayıb:
- Komanda mövsümə "Sərhədçi"ni məğlub edərək, qələbə ilə başladı. Həmin görüş sizin üçün necə alındı?
- Komandamız özünün ən yaxşı formasından çox uzaqda olsa da, mövsümə qələbə ilə başlamaq əla idi. Dizimdən zədə aldım və 10 gündür məşq etmirdim. Amma nəticələrdən razıyıq. Çalışacağıq ki, bunun davamını gətirək.
- Səncə, bu görüşdə rəqibi daha çox hansı məqamlarda üstələdiniz?
- Düşünürəm ki, qalib gəlməyimizin əsas səbəbi səy və enerji idi. Biz basketbol oynadıq, komanda oyunu ortaya qoyduq.
- Artıq uzun müddətdir ki, bu komandada oynayırsan. Komanda əvvəlki illərlə müqayisədə, bu sezon daha güclüdür?
- Bu il komanda yaxşıdır. Məşqçinin nə desə, onu etməyə hazır olan bir neçə yerli basketbolçunu da komandaya cəlb etmişik. Mən bir şeyi bilirəm ki, biz hər komandaya qarşı mübarizə aparacağıq və əlimizdən gələni edəcəyik.
- Şəhriyar Əsgərov mövsümün əvvəlində bildirmişdi ki, hər il heyəti dəyişməsək, heyəti saxlaya bilsək, daha da yaxşı nəticələr əldə edə bilərdi. Bu haqda sənin fikrin necədir?
- Düşünürəm ki, Kameron Cons komandada qalsaydı, daha yaxşı olardı. Amma nəticədə bu iş biznesdir. Çox şey pula gəlib çıxır. Hər halda, hər kəsə uğurlar arzulayırıq.
- Bu mövsüm "Quba"nın əsas hədəfi nədir?
- Ən yaxşısına ümid edək. Nə edəcəyimizi qabaqcadan danışmağı xoşlamıram. Oyundan-oyuna irəliləyəcəyik. Necə alınacağını da görəcəyik.
- Bu gün komanda “Ordu” önünə çıxacaq. Matç haqda fikrin necədir?
- “Sərhədçi” ilə matçdan sonra elə bu görüş barədə düşünürdük. “Ordu”nun bir neçə amerikalı oyunçu mənə tanışdır. Onlar Gürcüstanda bir çox dostlarımla birlikdə oynayıblar. Yaxşı oyun olacağı dəqiqdir. Ümid edirəm ki, qələbə bizim olacaq.
Qeyd edək ki, "Quba" bu gün öz meydanında "Ordu”nu qəbul edəcək. Qarşılaşma 15:00-da start götürəcək.