RU

Payızın söz simfoniyası

Bu il payız qəfil gəldi. Havalar birdən soyudu. Bir neçə dağlıq rayona qar da yağdı...

Artıq hər yerdə sarışın payızın nəfəsi güclü duyulur. Yarpaq tökümü günbəgün sürətlənir. Külək torpağa səpilmiş sarı, narıncı yarpaqları sovurub küçələrin kənarlarına yığır, çala-çuxura və dərələrə doldurur. Dağların sinəsində xına rəngli naxışlar getdikcə çoxalır. Zirvələr qar və duman paltarını çoxdan geyinib. Köçəri quşlar qatar-qatar uzaqlara uçurlar...

Yadınızdadırsa, keçən il payız sanki addım-addım, sakit gəlmişdi. Nə şıdırğı yağışı vardı, nə də dumanı-çəni. Demək, hər il yaydan sonra eyni fəsli yaşasaq da payızlar müxtəlif olur. İnsan ömrünün fəsilləri də belədir.

Günəş batmağa az qalmış göyün üzünü bürüyən buludlar qəfil biri-birinə dəydi, ildırım çaxdı. Astaca əsən külək yağış havası gətirdi. Az keçməmiş iri damcılar torpağı, bağ-bağçanı, evlərin damını, küçələri döyəcləməyə başladı. İnsanlar harasa tələsirlərmiş kimi sürətlə addımlamağa başladılar. Küçələr getdikcə boşaldı. Uşaqlar və qocalar pəncərədən çölə boylandılar. Quşlar yuvalarına doğru uçdular. Yağış yağdıqca hər yana sərinlik və həzinlik yayıldı...

Yay boyu gözlədiyimiz bu yağış təkcə yaz-yay günlərində toza bələnmiş dünyanı yuyub təmizləmədi, eyni zamanda, gərilmiş əsəbləri də yumşaltdı.

Payız yağışları şəhərdə bəzən narahatlıqla qarşılanır. Çünki güclü yağışdan sonra bir sıra küçələrdə gölməçələr yaranır, köhnə məhəllələrdə sel suları mənzillərə dolur, nəqliyyatın hərəkəti çətinləşir.

Kənd əhalisi isə yağışa baxıb, “göydən bərəkət yağır”, – deyir. Ona görə ki, bu yağışdan sonra hər yan yenidən yaşıllaşır, Günəş gülümsədikcə otlar boy atır. Ağaclar, ən azından, bir buğum da olsa ucalırlar. Anadolu türkləri buna görə payızı son bahar adlandırırlar.

Payız yaradıcı insanlar üçün ilham qaynağıdır. Bu çağlarda poeziyamız aşıb-daşır. Hətta mənim kimi şair olmayanlar da bəzən şeir qoşmaq həvəsinə düşürlər.

Bir azdan Günəş yenidən gülümsəyir. Yağışda yuyunmuş təbiət cilvələnir. Payız, belə demək olarsa, ilin ahıl çağıdır. Payız həm də rənglər qalereyasıdır. İnsanın həyata baxışlarında da isə işıq və rənglərin rolu böyükdür. Bir anlığa göz önünə gətirin ki, hər gün pəncərədən yaşıl zəmi görürsünüz. O zaman arzu və ümidləriniz çoxalacaq, yaşamaq istəyiniz artacaq. Əgər eyni zaman kəsiyində digər pəncərənizdən baxıb saralmış, külək əsəndə dalğalanan sünbül dənizini görsəniz tamam başqa duyğuları yaşayacaqsınız...

Payız bolluq-bərəkət fəslidir. Bir tərəfdə ilboyu yetişdirilən məhsul yığılır, digər tərəfdə gələn ilin məhsulu üçün təməl qoyulur. Bağın-bağatın meyvəsi dərildikcə əyilmiş budaqlar başlarını qaldırırlar. Budaqlarda qalan tək-tək narlar, heyvalar, üzüm salxımları torpağa ilk qırov düşəndən sonra daha şirəli və dadlı olur. Bizlərdə bu məhsullara "quş payı" deyirlər.

Dərilmiş meyvələr çeşidlənir, bir hissəsi pay verilir, digər hissəsı qışa azuqə kimi xüsusi yerlərə yığılır, qalanı da bazarlara çıxarılır. Buna görə də indi bazarlar hər cür yerli meyvələrlə aşıb-daşır.

Biz uşaq olanda payız yağışından sonra Küdrü düzündə göbələk mövsümü başlayardı. Geniş düz böyük bostana bənzəyərdi. Biz göbələyi səbət-səbət, vedrə-vedrə yığıb gətirərdik. Göbələyin sac üstündə qızardılması daha dadlı olur. Mən şəhərə oxumağa gedəndən sonra gördüm ki, bazarlarda xüsusi istixanalarda yetişdirilmiş göbələk də satılır, ondan müxtəlif salat və xörəklər hazırlayırlar. Amma kim nə deyir desin, təbii göbələyin dadı tamam başqadır.

Təəssüf ki, indi o bolluq yoxdur. İlk yağışdan bir neçə gün son illər əkib-becərdiyim nar ağaclarının arasında dayanmışdım. Torpaqdan şirə, Günəşdən rəng alan narlar necə də böyümüşdülər. Elə sevinirdim ki... Ömrünü yazı-pozuya sərf eləmiş yaşlı biri üçün, bu, böyük sevincdir.

Məlum ki, yurdumuzda çeşid-çeşid meyvələr yetişir. Hər birinin də öz dadı-tamı var. “Kim hansı meyvəni daha çox sevir?” soruşsaq hərə birinin adını çəkəcək. Hamı haqlıdır. Axı, tut, ərik, şaftalı, gavalı, alma, armud, üzüm, heyva, qoz, fındıq və digər meyvələr hər biri ləzzətinə, qidalılığına görə zəngindir. Hər biri də neçə dərdin təbii dərmanıdır (Hələ bu torpaqda yerişən dərman bitkilərini sadalamırıq). Amma bu meyvələr arasında narın öz yeri var. Belə ifadə eləmək olarsa, nar yurdumuzun rəmzidir. Nar ağacı çiçəkləyəndə sanki bağ qırmızı şiləyə bürünür. Baxdıqca adamın ürəyi “atlanır”. Bağı seyr etməkdən yorulmursan – gözün, könlün sevinir. Çiçəklər meyvəyə dönüb böyüdükcə budaqlar torpağa baş əyir. Nar təkcə meyvə kimi yeyilmir, onun şirəsi ləzzətlə içilir. Bundan əlavə, nardan müxtəlif xörəklərin hazırlanmasında, şirəsindən mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Qədim misirlilər nar şirəsini Yer üzünün möcüzəsi adlandırmışlar. Xalqın diliylə desək, nar girən evə xəstəlik girməz.

Payızda görüləsi mühüm işlərdən biri toxum səpinidir. İndə ölkəmizin əksər rayonlarında gələn ilin məhsulu üçün min hektarlarla sahəyə buğda və arpa toxumu səpilir. Vaxtında səpilmiş toxumlar yağışdan sonra yaxşı göyərir və bitkilərin vegetasiyası normal gedir. Gələn ildə çörəyimizin bol olması üçün payızlıq əkinin nümunəvi aparılması çox vacib aqrotexniki tədbirlərdən biridir.

İndi dağların qoynundan keçən yolların kənarlarında qoyun sürülərinə, naxırlara tez-tez rast gəlmək olur. Yaylaq mövsümü başa çatdığından heyvanlar qışlama üçün arana sürülür. O gün Ağsuyun ətəyində çobanlardan biri ilə söhbət etdik. Həmsöhbətimiz yaylaq-qışlaq sahələrinin ilbəil azaldığını, təbii otlaqlardan müxtəlif məqsədlər üçün istifadə edildiyini dilə gətirdi. Onu da əlavə etdi ki, indi kəndli heyvan saxlamaq üçün "dəridən-qabıqdan" çıxır. Çünki kəndlərin çoxunun örüş sahələri yoxdur.

Günlər qısaldıqca və havalar soyuduqca daha çöldən əl-ayaq kəsiləcək. Bəzən leysan, bəzən də qar yağacaq. Bunu nəzərə alaraq qışa hazırlığın gedişinə diqqət etmək mühümdür. Hər sahədə qışa hazırlığın vaxtında görülməsi şaxtalı, qarlı qışı itkisiz keçirməyə imkan verəcək.

Payız həm də toylar, bayramlar dövrüdür. Oktyabr və noyabr aylarında biri-birindən mühüm tarixi günləri qeyd edəcəyik. Elimizdə-obamızda toy şənlikləri də bu günlərdə daha geniş və yaddaqalan keçirilir.

Dostlar, ömrünüzün və ilin payızı xoş və bərəkətli olsun!

Səməd MƏLİKZADƏ,
yazıçı-publisist

Избранный
36
1
xalqqazeti.az

2Источники