Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü türk dünyasının birliyini və həmrəyliyini təcəssüm etdirən, tarixi əhəmiyyətə malik mühüm tədbir kimi qiymətləndirilir. Bu Zirvə, TDT-nin regionda artan nüfuzunu və üzv ölkələr arasında siyasi, iqtisadi, həmçinin mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib. Mövcud geosiyasi proseslər fonunda keçirilən toplantı, eyni zamanda, TDT-nin bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət göstərmək əzmini ortaya qoyur. Bu baxımdan, Azərbaycanın xarici siyasət kursunda türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K.Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin Zirvə görüşlərində səsləndirdiyi fikirlər və irəli sürdüyü təşəbbüslər Türk Dövlətləri Təşkilatının (TDT) təkcə mədəni platforma deyil, həm də mühüm geosiyasi mərkəzə çevrilməsinə yönəlib. Qəbələdə keçirilən XII Zirvə Görüşündə sədrliyin Qırğızıstandan Azərbaycana keçməsi isə ölkəmizin təşkilat daxilində liderlik mövqeyinin rəsmi təsdiqi kimi qiymətləndirilir. Toplantıda səsləndirilən fikirlər bir daha göstərdi ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq meydanı deyil, geosiyasi çəkisi və strateji əhəmiyyəti getdikcə artan güc birliyinə çevrilib.
Deputat diqqətə çatdırıb ki, əsası 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi ilə qoyulan Türk Dövlətləri Təşkilatı (TDT) türk dünyası ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm inkişaf yolu keçib. Təşkilat bu illər ərzində qarşısında duran vəzifələrin həyata keçirilməsi, ortaq maraqlara əsaslanan siyasi, iqtisadi və mədəni inteqrasiyanın gücləndirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə edib.
Azərbaycan isə hər zaman Türk dünyası ölkələri arasında siyasi, təhlükəsizlik, müdafiə sənayesi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əsas təşəbbüskarı və hərəkətverici qüvvəsi kimi çıxış edib.
Qəbələ Zirvəsi də Naxçıvan Sazişinin ruhuna uyğun şəkildə vahid təhlükəsizlik məkanının möhkəmləndirilməsi yolunda mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyev çıxışında bu məqamı xüsusi vurğulayaraq bildirib ki, təhlükəsizlik təmin olunmadan inkişafdan danışmaq mümkün deyil. Bu fikirlə dövlət başçısı bir daha diqqəti regionda sabitliyin qorunmasının və ortaq müdafiə mexanizmlərinin gücləndirilməsinin strateji əhəmiyyətinə yönəldib: ”Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir. Bu çərçivədə müttəfiqimiz olan Türkiyə ilə dərin əməkdaşlıq mövcuddur. Yalnız son bir ildə Türkiyə ilə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlər keçirilmişdir. Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir.”
K.Bayramov vurğulayıb ki, dövlətimizin başçısı Zirvə Görüşündəki çıxışında diqqəti bir sıra mühüm məqamlara yönəltdi. Azərbaycanın türk ölkələrinə 20 milyard dollardan çox sərmayə yatırması bu dövlətlər arasında iqtisadi əməkdaşlığın səmərəli modelini nümayiş etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu vəsaitlərin əsas hissəsi Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla birgə fondlara yönəlib. Bu, təkcə maliyyə axını deyil, həm də ortaq inkişaf fəlsəfəsinin göstəricisidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi türk dünyasının dünya iqtisadi sistemində vahid güc mərkəzinə çevrilməsini təmin edəcək.
K.Bayramov xüsusi olaraq qeyd edib ki, Zirvə Görüşü həmçinin Azərbaycanın regional sabitliyin və birliyin möhkəmlənməsində oynadığı rolu bir daha nümayiş etdirdi. Bu kontekstdə Prezident İlham Əliyevin hər bir beynəlxalq tədbirdə xüsusi önəm verdiyi əsas mövzulardan biri tarixi Zəfərimiz və ölkəmizin suverenliyinin tam bərpa olunmasıdır. Dövlət başçısının çıxışında vurğulandığı kimi, qardaş ölkələr Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində fəal iştirak edirlər. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda macar qardaşlarımızın hədiyyəsi olan məktəbin, həmçinin Füzuli məscidinin inşası türk həmrəyliyinin parlaq təzahürüdür. Bu layihələr sadəcə tikinti deyil, mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzidir.
K.Bayramov əlavə edib ki, Türk dövlətlərini birləşdirən ortaq mənəvi dəyərlər xalqların gələcək inkişafına ideoloji istiqamət verir və bu birliyin əsas dayağını formalaşdırır. Azərbaycan isə bu mənəvi inteqrasiyanın mərkəzində dayanaraq, tarixi irsi qorumaqla yanaşı, müasir dövrün tələblərinə cavab verən mədəni və humanitar platformalar yaradır.
Qeyd edək ki, oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü keçirilib. Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.