BAKI, 8 oktyabr. TELEQRAF
Rusiya Müsəlmanları Ruhani İdarəsi xüsusi fətvası ilə kuryerlər tərəfindən daşınan yükləri iki kateqoriyaya ayırıb — halal (icazə verilən) və haram (qadağan olunan).
Teleqraf xəbər verir ki, fətvanın mətni Rusiya Müsəlmanları Ruhani İdarəsinin saytında dərc olunub.
Fətvaya əsasən, kuryerlərə aşağıdakı malları çatdırmaq qadağandır:
Spirtli içkilər
Donuz əti
Şəriət (İslam) qaydalarına uyğun kəsilməmiş heyvanların əti
Bütpərəstliklə bağlı əşyalar
Qumar oyunları ilə əlaqəli mallar.
İstisna: əgər bu mallar utilizasiya (yəni məhv edilməsi) üçün daşınırsa, bu zaman daşınmaya icazə verilir.
Əgər kuryer bağlamanın içində nə olduğunu bilmirsə, bu, günah sayılmır.
Əgər bir sifarişdə həm halal, həm də haram mallar varsa, amma əsas hissə halaldırsa, çatdırma icazəlidir. Bununla belə, kuryerə gəlirin bir hissəsini sədəqə kimi vermək tövsiyə olunur — “qazancı təmizləmək” məqsədilə.
Rusiya İnsan Haqları Şurasının rəhbəri Kirill Kabanov bu məsələyə münasibət bildirib: “Bu qərar cəmiyyəti süni şəkildə bölmək istiqamətində daha bir addımdır — “özünkülər və özgələr”, “imanlılar və kafirlər” kimi. Ən təhlükəlisi insanları dinə görə bölməkdir”.
O, həmçinin vurğulayıb ki, bu yenilik Mərkəzi Asiya və Zaqafqaziyadan olan miqrantların kütləvi şəkildə işdən çıxarılmasına səbəb ola bilər.