Xalq arasında "40 gün" məsəli ilə bağlı deyim var. Deyirlər ki, yenidoğulan körpəni 40 gün heç yerə aparmazlar. Buna səbəb olaraq isə gah "göz dəyər", "nəzər olar" , gah isə uşağın hələ immuniteti zəifdir, 40 gün gözləmək lazımdır.
Həqiqətən də yenidoğulan körpə 40 gün heç yerə aparılmamalıdır?
Pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, yenidoğulan körpə evə gəldiyi gündən havaya çıxarılmalıdır:
"Körpənin böyüməsi üçün 3 əsas faktor var: Qida, yəni, ana südü, təmiz hava, rahat yuxu. Uşaq hər gün normal hava qəbul etsə onun yuxu rejimi də normal olar. Bəzi valideynlər uşağı nəinki çölə çıxartmır, heç evin pəncərələrini belə bağlayır ki, uşağa soyuq olmasın. Ancaq o valideynlər bunu etməklə uşağı ən böyük ziyanı edirlər, körpənin inkişafını gecikdirirlər. Valideynlər uşağın gecələr yatmasından şikayət edir, soruşursan ki, körpə gün ərzində heç olmasa 40 dəqiqə havada olur? Valideyn cavab verə bilmir. Uşaq gün ərzində ən azı 30 dəqiqə havada olsa körpə gecəni çox rahat yatacaq".
Sevinc