RU

Tramp NATO-nun "açıq qapı"sını həmişəlik bağlayır: ABŞ-ın yeni planı Qərbin müdafiə sistemini tənəzzülə uğradacaq

NATO-nun “qapalı alyansa” çevrilməsi ilə bağlı ideya əslində, Qərb təhlükəsizlik sisteminin əsas sütunlarını ciddi sual altına sala biləcək ssenaridir... Əgər, Tramp administrasiyası bu ssenarini reallaşdırmağa çalışarsa, onda Avropanın müdafiə arxitekturasında sarsıntılı kataklizmlər qaçılmaz olacaq...

Ukrayna savaşı daha da intensivləşir, Rusiyanin Avropa dövlətlərinə qarşı hərbi təhdidləri ən yüksək həddə çatıb. Belə bir situasiyada NATO-nun gələcək taleyi ciddi müzakirə mövzusuna çevrilib. İndi bir çox Qərb eksperti bu hərbi-siyasi alyansın əhəmiyyətinin artdığını vurğulayır. Eyni zamanda, NATO-nun fəaliyyət istiqamətlərinə yenidən baxılmasının vacibliyi də iddia olunur. Və bu baxımdan, Qərb düşərgəsində yeni təhlükəsizlik arxitekturasına yanaşma tərzi ciddi maraq doğurur.

Onu da qeyd etmək lazımdır ki, hazırda ən ciddi müzakirə olunan mövzulardan biri də NATO-nun “açıq qapı” strategiyasına artıq elə bir ciddi ehtiyacın qalmaması ilə bağlıdır. Bəzi ehtimallara görə, məhz Tramp administrasiyasının NATO ilə bağlı verəcəyi siyasi qərarlar bu hərbi-siyasi alyansın gələcək taleyinə fərqli məzmun və keyfiyyət qata bilər. Belə ki, ABŞ-ın nüfuzlu analitik-təhlil mərkəzləri bu barədə sensasiyalı bir tezis irəli sürüb.

Həmin tezisə görə, prezident Donald Tramp NATO-nun genişlənmə prosesini artıq tamamilə dayandırmalıdır və alyans “qapalı formatda” fəaliyyət göstərən struktura çevrilməlidir. Bu ideyanın müəllifləri hesab edirlər ki, "soyuq müharibə" dövründən qalma “açıq qapı” siyasəti artıq tarixi funksiyasını itirib və alyans indi yeni geopolitik reallıqlara uyğun olaraq, "çevik və məhdud" modelə keçməlidir. Və bu, yalnız texniki təklif deyil, həm də Qərb təhlükəsizlik sisteminin artıq daha dərin transformasiyasına birbaşa işarədir.

Halbuki, 1949-cu ildən indiyə qədər NATO-nun əsas təməl prinsiplərindən biri məhz “açıq qapı” strategiyası idi. Yəni, Avropanın istənilən dövləti, əgər, demokratik və müdafiə meyarlarını qarşılayırsa, alyansa qoşula bilərdi. "Soyuq müharibə"nin son çatması və rəqib hərbi-siyasi alyans olan Varşava Müqaviləsinin dağılması ilə bu prinsip Qərbin əsas geopolitik alətinə çevrildi. Şərqi Avropa və Baltikyanı ölkələr sürətlə NATO-ya inteqrasiya olundu, alyans öz təsir dairəsini Rusiyanın sərhədlərinədək genişləndirə bildi.

Ancaq XXI əsrin ikinci onilliyindən etibarən bu genişlənmə siyasəti geostrateji tıxanma nöqtəsinə çatdı. Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü ilə bağlı məsələ alyans daxilində konsensus doğurmadı. Rusiya isə bu prosesi öz milli təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul etdi. İndi Qərbdə hesab edirlər ki, “açıq qapı” siyasəti öz dövrünü başa vurub. Və NATO artıq “inkluziyadan” daha çox “stabilizasiya” mərhələsinə keçməlidir.

Maraqlıdır ki, Ağ Ev sahibi Donald Tramp hələ ilk prezidentliyi dövründə  NATO-nu “köhnəlmiş qurum” adlandırmışdı, Avropa ölkələrini isə minimal müdafiə xərclərinə görə “müftəxor dövlətlər” kimi tənqid etmişdi. Onun elə indi də əsas tezisi ABŞ-ın Avropanı qorumaq üçün çox xərc çəkməsi, bu səbəbdən də Avropa ölkələrinin öz təhlükəsizliyinə maliyyə ayırmağa ehtiyac duymaması ilə bağlıdır. Və indi “qapalı alyans” ideyası bu doktrinanın məntiqi davamıdır.

ABŞ siyasi dairələri hesab edirlər ki, "qapalı alyans" modeli bir neçə önəmli prinsipə əsaslanmalıdır. İlk növbədə alyansa yeni üzvlər qəbul edilməməlidir və mövcud üzvlər isə müdafiə xərcləri ilə bağlı ortaq məsuliyyəti yenidən bölüşdürməlidirlər. Buna paralel olaraq isə ABŞ-ın Avropadakı hərbi yükü azaldılmalıdlr. Alyans regional müdafiə çərçivəsində qalmalıdır və qlobal ekspansiya ssenarilərindən imtina etməlidir. Və bu, əslində, NATO-nu statik, ancaq sabit təhlükəsizlik sisteminə çevirmək deməkdir.

Maraqlıdır ki, əgər, Tramp administrasiyası bu konsepsiyanı tətbiq edərsə, ilk birbaşa təsirə məruz qalacaq ölkə şübhəsiz ki, məhz Ukrayna olacaq. Çünki NATO-nun rəsmi Kiyevə üzvlük vədi uzun illərdir ki, simvolik xarakter daşıyır. Ancaq indi artıq bu perspektivin ümumiyyətlə, dondurulması da gündəmə gələ bilər. Ağ Evdə ümid edirlər ki, bu, həm alyansın Rusiya ilə birbaşa toqquşma riskini azaldacaq, həm də ABŞ-ın Avropa təhlükəsizliyindən Asiya-Sakit okean regionuna strateji resurs yönləndirməsinə şərait yaradacaq. Və NATO-nun genişlənmə prosesi dayandırılsa, onda Balkanlarda, Qafqazda və postsovet məkanında təşkilatın təsir imkanları əhəmiyyətli dərəcədə azalacaq.

Ancaq hazırkı şəraitdə NATO Rusiyanın əsas strateji hərbi rəqibi olaraq qalır. Ukraynaya hərbi və kəşfiyyat dəstəyi, Baltik və Polşa istiqamətində savaş gücünün artırılması alyansın Şərq cinahında aktiv müdafiə siyasətini biruzə verir. Halbuki, Tramp administrasiyasının əsas prioriteti Çinlə rəqabətdir və məhz bu səbəbdən Rusiya ilə münasibətlərin “selektiv sabitlik” mərhələsinə keçirilməsi qətiyyən istisna deyil. Və bu halda, NATO-nun Rusiya ilə münasibətləri açıq düşmənçilikdən daha çox kontrollu rəqabət xarakteri daşıya bilər.

Digər tərəfdən, əgər, ABŞ NATO-nun hərbi yükünü azaltmağa və “qapalı format”a keçməyə qərar verərsə, onda Avropa dövlətlərinin qarşısında ən yaxşı halda, cəmisi iki seçim variantı qalacaq. Birinci variant müstəqil müdafiə arxitekturası yaratmaq məcburiyyəti ilə bağlıdır. Yəni, Fransa və Almaniyanın təşəbbüsü ilə Avropa Müdafiə İttifaqı ideyasının reallaşdırılması barədə düşünmək lazım gələcək.

İkinci variant isə Avropa dövlətlərinin məmnun olmadığı ssenaridir. Çünki bu ssenaridə Avropa ölkələri NATO-nu qorumaq üçün daha çox maliyyə və siyasi öhdəlik götürməli, ABŞ-ın azaltdığı yükü öz üzərinə almalı olacaq. Halbuki, hər iki variant istənilən halda, Avropanı daha çox geopolitik məsuliyyətə və daxili koordinasiyaya məcbur edəcək.

Bütün bunları nəzərə aldıqda, NATO-nun gələcək taleyinin indi daha çox iki ssenari arasında qaldığını da düşünmək olar. Birinci ssenari "Tramp modeli"dir. Yəni, qapalı və müdafiə yönümlü NATO-ya yeni üzvlük dayandırılır, ABŞ-ın yükü azaldılır, Rusiya ilə münasibətlərdə nisbi sabitlik yaradılır. İkinci variant isə hələlik qüvvədə olan Bayden modelidir. Belə ki, açıq qapı və ekspansionist NATO yoluna eynilə davam edir. Ukrayna və Gürcüstan üçün alyansa üzvlük şansı açıq saxlanılır. Rusiya ilə qarşıdurma daha da dərinləşir, transatlantik birlik ciddi şəkildə möhkəmlənir.

Göründüyü kimi, NATO-nun “qapalı alyansa” çevrilməsi ilə bağlı ideya əslində, Qərb təhlükəsizlik sisteminin əsas sütunlarını ciddi sual altına sala bilər. Əgər, Tramp administrasiyası bu ideyanı reallaşdırmağa çalışarsa, bu, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin paradigmasında ciddi dəyişiklik yaradacaq. NATO isə artıq qlobal ekspansiyanın deyil, məhz regional sabitliyin alətinə çevriləcək. Bu isə Qərb üçün yeni strateji düzən, Rusiya üçün hərbi-siyasi "nəfəslik", Avropa üçün yeni təhlükəsizlik dilemması deməkdir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Избранный
29
musavat.com

1Источники