RU

“Tağıyev: Sona” bədii filminin təqdimatı

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Oktyabrın 3-də Nizami Kino Mərkəzində “Tağıyev: Sona” bədii filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, hökumət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.

“Tağıyev: Sona” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin üçüncü bölümüdür.

Kinolent Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Taleyin çətin yollarından keçən Hacı Zeynalabdin Tağıyevin illər sonra həyatına gənc və savadlı Sona xanım daxil olur. Bu gənc xanıma qarşı duyduğu sevgi onu yeni maneələrlə üz-üzə qoyur. “Tağıyev: Sona” filmində məhz məşhur xeyriyyəçi ilə onun qəlbinə yol tapan Sona xanımın maneələri aşan unudulmaz məhəbbət hekayəsi əks olunub.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir. Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.

Tamaşadan sonra filmin baş rejissoru Zaur Qasımlı çəkilişlərə göstərilən dəstəkdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən dördhissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. Filmin ilk iki bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən 98-ci Kino Akademiyası Mükafatları (“Oskar”) üzrə Azərbaycan Film Seçim Komitəsi rəsmi olaraq “Tağıyev: Neft” filmini Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına namizəd təqdim edib. Bununla yanaşı, bədii filmin ilk bölümü dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Ekran əsərinin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər düzəldilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
19
xalqqazeti.az

10Источники