RU

Sergey Naqornyak: Ukraynaya qaz tədarükünə dəstək olduqları üçün azərbaycanlı dostlarımıza minnətdarıq

Kiyev, 3 oktyabr, AZƏRTAC

Ukraynanın həm generasiya güclərini, həm ötürücü sistem operatorlarının yarımstansiyalarını, həm də son bir ildə ciddi zərər görmüş daxili qaz hasilatını bərpa etməyimiz lazımdır. Faktiki olaraq qaz hasilatımızın təxminən 40 faizini itirmişik və indi onun bərpası üçün böyük resurslara ehtiyac var.

Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının Energetika və kommunal xidmətlər məsələləri komitəsinin üzvü, Enerji qənaəti və enerji səmərəliliyi altkomitəsinin sədri, deputat Sergey Naqornyak söyləyib.

Deputat bildirib ki, ukraynalı energetiklər operativ şəkildə enerji təchizatını bərpa edir və vətəndaşları elektrik enerjisi ilə təmin edirlər.

“İstilik mövsümünə hazırlıq məsələsinə gəldikdə, Ukrayna növbəti mövsümə ciddi şəkildə hazırlaşır və bu gün müxtəlif ölkələrdən daxil olan yardım çox önəmlidir, çünki Rusiya Ukraynanın energetikasına zərbələrini heç də azaltmır. Ukraynaya qaz tədarükünə dəstək olduqları üçün azərbaycanlı dostlarımıza minnətdarıq. Eyni zamanda görürük ki, Rusiya Azərbaycanın Ukraynaya qaz tədarükünə kəskin reaksiya verir. Ukraynada fəaliyyət göstərən SOCAR şirkəti və Azərbaycan dövlət-özəl və özəl şirkətlərinin gücləri də Rusiya hücumlarından zərər çəkib. Təəssüf ki, Rusiya Azərbaycanın Ukraynaya göstərdiyi yardıma son dərəcə aqressiv yanaşır. Lakin bütün bunlara baxmayaraq, biz yeni istilik mövsümünə hazırlaşırıq və əminik ki, bu mövsümü ləyaqətlə keçirəcəyik. Buna heç bir şübhəmiz yoxdur. Bir daha Azərbaycan xalqına, Azərbaycan hökumətinə və Azərbaycan Prezidentinə Ukraynanın həqiqi dostlarından gördüyümüz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk”, - deyə Sergey Naqornyak əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
38
3
azertag.az

4Источники