RU

AMEA-dakı yoxlamalarda Mehdiyev müəmması

Hüquqşünas deyib ki, təqsirləndirilənlər arasında Milli Elmlər Akademiyasının sabiq rəhbərliyinə yaxın şəxslərin olması qaçılmazdır

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-cü illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır. Xəbər verdiyimiz kimi, bu açıqlamanı baş prokuror Kamran Əliyev verib. Onun sözlərinə görə, həmin cinayət işində bir-bir neçə epizod üzrə istintaq aparılıb: “Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik”. Qeyd edək ki, sözügedən dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. O, 2019-2022-ci illərdə bu vəzifəni icra edib. Hələ ötən il Hesablama Palatası Ramiz Mehdiyevin idarəçiliyi dövründə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialları Baş Prokurorluğa göndərib. Xeyli müddətdir ki, Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Maraqlıdır ki, Ramiz Mehdiyev 2021-ci ildə AMEA-da yoxlamalar apardıb. Yəni baş prokurorun açıqlamasından dəqiq müəyyən etmək çətindir ki, söhbət Ramiz Mehdiyevin o zaman apartdığı yoxlamalardan gedir, yoxsa onun rəhbərlik etdiyi dövrlə bağlı ayrıca araşdırma aparılır. Ramiz Mehdiyev bir müddət öncə AMEA-da cinayət işinin başlanması barədə danışmışdı. “Mənim heç nədən xəbərim yoxdur. Bununla bağlı mənimlə heç kim əlaqə saxlamayıb. Məlumatsız olduğum üçün hazırda bu məsələlərlə bağlı çox danışa bilmərəm”, - deyə o, iddialara cavab verib. Baş prokurorun dediklərindən o da məlum olur ki, bir çox epizodlar üzrə iş məhkəməyə göndərilib. Bu, o deməkdir ki, yaxın müddətdə məhkəmədə və media səhifələrində “AMEA işi”nin şahidi ola bilərik. Bu işdə baş fiqurantın kim olacağını indidən demək çətindir. Qeyd edək ki, illərdir AMEA-da çalışanlar elmi işlər üçün ayrılan vəsaitlərin aşağı olmasından şikayət edirlər. Onlar qeyd edirlər ki, AMEA bir elmi qurum olaraq müasir idarəetmə tələblərindən çox uzaqdır. AMEA-da köklü islahatlara ehtiyac vardı. İlk növbədə AMEA-nın idarə olunması, onun funksional təyinatı, mahiyyəti üzrə ciddi işlər görülməli idi. Son illər müsbət istiqamətdə nə isə baş vermək əvəzinə, İsa Həbibbəyli də AMEA-ya prezident olandan sonra mənfi, xoşagəlməz tendensiyalar var.

natiq

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, AMEA-da gedən yoxlamalar və hazırda məhkəmə perspektivi olan cinayət işləri ölkənin hüquqi, inzibati və elmi idarəçilik sistemində çox ciddi suallar doğurur: “Burada söhbət sadəcə maliyyə intizamının pozulmasından getmir. Əgər baş prokurorun açıqladığı kimi, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) ilə iş aparılırsa, bu, artıq dövlət vəsaitinə qəsd və vəzifə səlahiyyətlərinin kobud şəkildə aşılması deməkdir. Hüquqi baxımdan, əgər ittihamın əsasını təşkil edən əməllər Mehdiyevin dövründə baş veribsə, o, məsuliyyət daşıya bilər. Praktikada istintaq belə işlərdə birinci növbədə qərarverici şəxsin məsuliyyətini araşdırır. Maraqlı məqam odur ki, Mehdiyev hələ 2021-ci ildə AMEA-da daxili yoxlamalar aparılmasına göstəriş vermişdi. Həmin yoxlamaları formal xarakterli, "önləyici müdafiə" addımı kimi qiymətləndirə bilər. Çünki əksər hallarda dövlət qurumlarında daxili yoxlamalar gələcək məsuliyyətin üzərindən atılması üçün rəsmi sənəd dövriyyəsi rolunu oynayır. Bu cinayət işini sadəcə Mehdiyevin adı ilə bağlamaq düzgün olmazdı. Uzun illərdir AMEA-da idarəçilik böhranı, islahatların olmaması, elmi işlərə ayrılan vəsaitin effektiv istifadə edilməməsi barədə ictimai şikayətlər mövcuddur. Hüquqi nöqteyi-nəzərdən burada problem ortaya çıxır. Dövlət vəsaiti ayrılır, amma nəzarət mexanizmi işləmirsə, nəticədə həm rəhbər şəxslər, həm də icraedici strukturlar cinayət məsuliyyətinə cəlb edilə bilirlər. Baş prokurorun dediklərindən göründüyü kimi, artıq bir sıra epizodlar üzrə işlər məhkəməyə göndərilib. Bu isə yaxın zamanda ictimai rezonans doğuracaq məhkəmə proseslərinin başlanacağını göstərir".

Natiq Ələsgərov deyib ki, təqsirləndirilənlər arasında AMEA rəhbərliyinə yaxın şəxslərin, təsərrüfat şöbələrinin, maliyyə idarələrinin əməkdaşlarının olması qaçılmazdır: “Əgər işin miqyası genişlənərsə, o zaman keçmiş prezident Ramiz Mehdiyevin də şahid və ya təqsirləndirilən statusu ilə məhkəməyə çağırılması mümkündür. Məhkəmə prosesinin nəticəsi təkcə AMEA rəhbərliyinin məsuliyyətini müəyyən etməyəcək. Burada dövlət büdcəsindən elmə ayrılan vəsaitin səmərəli istifadə olunmaması faktı sübuta yetirilərsə, bu, gələcəkdə bütün elmi-tədqiqat institutlarının fəaliyyətinin təftişi üçün əsas olacaq. Digər tərəfdən, məhkəmə prosesi uzun illər "toxunulmaz" kimi qəbul edilən Ramiz Mehdiyevin də hüquqi cavabdehliyə cəlb edilə biləcəyinin presedenti ola bilər. Əgər 179.4 və 308.2-ci maddələrlə ittihamlar təsdiqlənərsə, bu, çox ağır cəza ilə nəticələnə bilər. Məsələn, 179.4-cü maddə üzrə cəza 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutur. İstintaqın gedişindən asılı olaraq, işin hədəfi sırf orta ranqlı məmurlar ola bilər, yaxud siyasi çəkisi olan daha böyük fiqurlar da məsuliyyətə cəlb oluna bilər".

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

 

 

Избранный
11
musavat.com

1Источники