Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"i qəbul edən "Qarabağ" Danimarka təmsilçisi üzərində inamlı qələbə qazanıb. Turnirin 1-ci turunda səfərdə "Benfika"nı parlaq geridönüşlə üstələmiş Ağdam komandası ikinci qələbə sayəsində xallarının sayını 6-ya çatdırıb. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb tarixi oyun barədə fikirlərini bölüşməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyun çox gərgin keçdi. Belə olacağını əvvəldən təxmin edirdim. Rəqibin sürətli keçidlərini və "standartlar"dan yaxşı istifadə bacarığını matçdan öncə də vurğulamışdım. Həqiqətən təhlükəlidirlər. Oyunda bunu bir daha gördük. İkinci hissədə ortaya qoyduqları təzyiq də nə dərəcədə güclü olduqlarını isbatladı.
"Qarabağ" rəqibi yaxşı təhlil etmisdi. Bilirdilər ki, "Kopenhagen"in keçidləri təhlükəlidir. Rəqib həm 2-ci, həm də 3-cü zonada "Qarabağ"a pressinq tədbiq etməyə calışsa da, komandamız pressinqdən düşünülmüş ötürmələrlə cıxır, təhlükəli hücumlar qururdu. Hesab açılana qədər də "Qarabağ"ın yüzfaizli qol epizodu oldu. Təəssüf ki, Zubir bu şansı dəyərləndirə bilmədi. Kapitan dirəkdən qayıdan topu tora qovuşdurandan sonra, hissənin sonlarında yenə də "Qarabağ" əla fürsəti qaçırdı.
İkinci hissədə qonaqlar təyziqi artırdılar. Danimarka təmsilçisi "Qarabağ"ı öz yarımeydanında "otuzdurmuşdu". Top itdikdən sonra dərhal pressinq edib geri alır, hesabı bərabərləşdirmək istəyirdilər. Amma "Qarabağ" da ağıllı müdafiə olunur, rəqibə qol epizodu verməməyə çalışırdı. Təbii ki, "Kopenhagen" keyfiyyətli oyunçularının hesabına bir-iki qol epizodu da yaratdı. Hərçənd onu da deyim ki, Danimarka komandasının ikinci yarıda bir tirə tuş gələn zərbəsi, bir də bir real qol vəziyyəti oldu. Əksinə, ikinci yarıda təmsilçimizin ifasında iki maraqlı, sürətli keçid izlədik. Bunlardan birində "Kopenhagen"i üçə iki yaxaladılar. Həmin epizodda Leandro Andrade ötürmə etmək əvəzinə, oyunu üzərinə götürüb topu itirdi...
Ümumi baxsaq, düşünürəm ki, "Qarabağ" bu matçda rəqibindən üstün futbol oynadı və 2:0 hesablı layiqli qələbə qazandı. İkinci hissədə ağıllı müdafiə də düşünülmüş plan idi. Qurban müəllimi və "Qarabağ"ı təbrik edirəm, komandamıza növbəti oyunlarda uğurlar arzulayıram".
Kamil Xudiyev