RU

Covid-in yeni variantları Nimbus və Stratus haqqında nə bilinir?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Əgər özünüzü yaxşı hiss etmirsinizsə, boğazınız ağrıyırsa və hərarətiniz varsa, payızda yayılan yeni Covid viruslarından birinə yoluxmuş ola bilərsiniz.

Rəsmi qurumlara görə, bəzilərinin Stratus adlandırdığı XFG və Nimbus kimi tanınan NB.1.8.1 hazırda ən çox yayılan variantlardır.

Mütəxəssislər bildirirlər ki, bu variantlar əvvəlki Covid-19 növləri ilə müqayisədə daha böyük təhlükə yaratmır və insanların özlərini daha xəstə hiss etməsinə səbəb olmur.

Lakin virusun son dövrlərdə keçirdiyi genetik dəyişikliklər yoluxma ehtimalını artıra bilər.

Boğazda kəskin, güclü ağrı

Virusların zamanla, insanlar arasında yayıldıqca təkamül keçirməsi adi haldır.

Dəyişikliklər əhəmiyyətli dərəcədə fərqləndikdə, yeni virus növləri "variant" adlanır.

Son variantlarda səsin batması və ya kəskin boğaz ağrısı kimi simptomlar müşahidə olunur.

Covid-19 baş ağrısı, öskürək, burun tutulması və ya axması, yorğunluq kimi müxtəlif simptomlara səbəb ola bilər ki, bu da onu soyuqdəymə və ya qripdən ayırmağı çətinləşdirir.

Əgər Covid-ə yoluxduğunuzu düşünürsünüzsə, həssas insanlarla təmasdan qaçmalı və mümkün olduqda evdə qalmalısınız.

Əlamətləriniz varsa və evdən çıxmalı olsanız, maskadan istifadə etmək tövsiyə olunur.

Əlləri mütəmadi yumaq və salfetləri zibil qutusuna atmaq bu və digər tənəffüs yolu xəstəliklərinin yayılmasını azalda bilər.

Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) boğaz ağrısı üçün bol maye qəbul etməyi və bir çay qaşığı balın faydalı ola biləcəyini bildirir.

Krallıq Ailə Həkimləri Kollecinin məlumatına görə, Britaniyada Covid halları xüsusilə azyaşlı uşaqlar və yaşlılar arasında artır.

Covid-lə bağlı xəstəxanaya yerləşdirmə halları da yüksəlir.

Covid testi və peyvənd hələ də təsirlidirmi?

Birləşmiş Krallıq Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) bildirir ki, peyvənd olunmaq yeni variantlara qarşı belə, yaxşı qoruma təmin edə bilər.

"Virusların mutasiyaya uğraması və dəyişməsi normaldır. Bu variantlar haqqında daha çox məlumat əldə etdikcə, onların immun sistemimizlə necə qarşılıqlı təsir yaratdığını və qorunmamızı necə optimallaşdıra biləcəyimizi daha yaxşı anlayacağıq.

Ən həssas insanları qorumaq və həyatımızı mümkün qədər normal yaşamaq üçün hansı tədbirləri görə biləcəyimizi də öyrənəcəyik", - qurum açıqlayıb.

"Əsas olan odur ki, peyvənd hüququ olanlar vaxtında peyvənd olunsunlar", - UKHSA bildirib.

Agentliyin baş epidemioloqu Dr. Alex Allen deyir: "İndiyə qədər əldə olunan məlumatlara əsasən, bu variantların daha ağır xəstəliyə səbəb olduğuna və ya hazırda istifadə olunan peyvəndlərin onlara qarşı daha az təsirli olduğuna dair heç bir sübut yoxdur".

Covid-ə yenidən yoluxma

Yaxın zamanda Covid keçirmiş və ya peyvənd edilmiş olsanız belə, yenidən yoluxma mümkündür.

Yenidən yoluxmalar, adətən, yüngül keçir, lakin özünüzü pis hiss edə bilərsiniz və virusu başqalarına ötürə bilərsiniz.

Covid testləri artıq geniş şəkildə pulsuz təqdim olunmur, lakin apteklərdə hələ də satılır.

Избранный
25
bbc.com

1Источники