Kornell Universitetinin alimləri müəyyən ediblər ki, güclü sosial əlaqələr bioloji qocalmanı yavaşlada və orqanizmdə iltihabı azalda bilər.
Editor.az xəbər verir ki, nəticələr Brain, Behavior & Immunity – Health (BB&IH) elmi jurnalında dərc olunub.
Araşdırma ABŞ-da aparılan uzunmüddətli MIDUS (Orta Yaş) layihəsi çərçivəsində 2000-dən çox yetkin insanın məlumatları əsasında aparılıb. Alimlər burada güclü ailə bağları, emosional dəstək, dini və sosial icmalarda iştirak kimi faktorları əhatə edən “kumulyativ sosial üstünlük” (CSA) göstəricisindən istifadə ediblər.
Məlum olub ki, yüksək CSA səviyyəsinə sahib şəxslərin epigenetik saatları – yəni qocalma sürətini əks etdirən biomarkerləri xronoloji yaşlarından daha gəncdir. Həmçinin həmin şəxslərdə yaşlanma ilə əlaqəli iltihabı protein – interlökin-6 daha aşağı səviyyədə qeydə alınıb.
Bununla belə, alimlər CSA ilə stress hormonları (kortizol, kortizon və katekolaminlər) arasında ciddi əlaqə aşkar etməyiblər. Bu da göstərir ki, sosial faktorların qocalmaya təsiri daha çox iltihabi proseslər və epigenetika ilə bağlıdır.
Mütəxəssislər vurğulayırlar ki, sosial əlaqələrin güclü olması yalnız psixoloji rahatlıq deyil, həm də fizioloji sağlamlıq üçün vacibdir. Nəticələr göstərir ki, güclü sosial münasibətlər qocalmanı ləngidə, sağlam və aktiv ömrün uzadılmasına töhfə verə bilər.
// Gülnarə Abasova, Editor.az