RU

Həssas təbəqə xüsusi diqqət mərkəzində

218 qazi tam reabilitasiya olunaraq aktiv həyata qayıdıb

Son illər aparılan ardıcıl sosial islahatlar çərçivəsində ölkəmizdə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi, yeni avadanlıqlarla təchizatı istiqamətində mühüm tədbirlər görülüb.

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 4452 nəfər Vətən müharibəsi qazisinə əlillik təyin edilib,  o cümlədən 500-ə yaxın qazimiz son nəsil yüksək texnologiyalı 612 protezlə təmin edilib. Bununla yanaşı, Vətən müharibəsindən sonra agentliyin reabilitasiya mərkəzlərində 3665 nəfər müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin olunublar. Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar. Agentlik tərəfindən qazilərin sağlamlıqlarının bərpası, onların cəmiyyətə adaptasiyası istiqamətində görülən işlərin nəticəsində təkcə cari ilin 8 ayında 218 nəfər Vətən müharibəsi qazisi tam reabilitasiya olunaraq aktiv həyata qayıdıb. Ümumiyyətlə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəli reabilitasiya xidmətlərinin göstərilməsi, onların tibbi-sosial reabilitasiya imkanlarının artırılması agentliyin daim diqqət mərkəzindədir. Adıçəkilən agentlik tərəfindən bu ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib. Onlardan 5,6 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli), 1,7 mini aşağı və yuxarı ətraf protezi, 4,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Bununla yanaşı, əlilliyi olan şəxslərə 7,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 388 korset və sair reabilitasiya vasitələri təqdim edilib.

Agentliyin Sumqayıt Reabilitasiya Mərkəzində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə mütəmadi görüşlər keçirilir. Növbəti görüşdə agentliyin idarə heyəti sədrinin müavini Vüqar Məmmədov ölkəmizdə əlillik və reabilitasiya sahəsində aparılan islahatlar barədə danışıb, reabilitasiya infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işləri, qabaqcıl dünya təcrübəsi əsasında tətbiq edilən alternativ reabilitasiya üsullarını diqqətə çatdırıb. Qeyd olunub ki, möhtəşəm Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonra agentliyin reabilitasiya mərkəzlərində 3665 müharibə iştirakçısı, onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib, peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşublar.

ƏƏSMN-nin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Cuma Nəbiyev şəhid ailəsi üzvləri və müharibə iştirakçısı olan şəxslərin məşğulluqlarının təminatı sahəsində aparılan işlər barədə ətraflı məlumat verib. Postmüharibə dövründə bu kateqoriyalardan olan şəxslərin bir qisminin məşğulluğunun təmin edildiyini, o cümlədən özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərini qurduğunu bildirib. Vurğulayıb ki, döyüşlərdə yaralanaraq əzalarını itirmiş 500-ə yaxın hərbçimiz yüksək texnologiyalı son nəsil protezlə təmin olunub.

Görüşdə həmçinin əlillik və reabilitasiya sahəsində aparılan islahatlara, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin səmərəli reabilitasiya xidmətləri ilə təminatı sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Rüstəm KAMAL,

"Azərbaycan"

Избранный
26
3
azerbaijan-news.az

5Источники