Akif Nağı: “Səsləndirdiyi bu fikirlər əsasən daxili auditoriyaya hesablanıb, belə rəy yaratmaq istəyir ki, guya o, Bakıda məhkəməsi gedən separatçılarla da maraqlanır”
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı qeyri-müəyyən fikirlər də səsləndirib. Paşinyan deyib ki, sülh gündəmini saxlamaq münaqişəyə əsaslanan gündəmdən qat-qat çətindir:
“Bu kontekstdə, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək və uzun müddətdir davam edən münaqişə nəticəsində azadlıqdan məhrum edilmiş şəxslərin probleminin həlli həlledici əhəmiyyət kəsb edir ki, bu da bizim gündəmimizdədir”.
Bununla o nə demək istəyir? Paşinyan azadlıqdan məhrum edilmiş şəxslər deyəndə Bakıda hazırda ittiham olunan şəxslərimi nəzərdə tutur? Əgər onları nəzərdə tutursa, bunun Azərbaycan-Ermənistan normallaşmasına nə dəxli var?
“Seçkilərdə ona qarşı səsləndirilə biləcək sərt sualları indidən neytrallaşdırmağa çalışır”
Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, hər iki məsələ Ermənistanda müxalifət tərəfindən gündəmdə saxlanılır və Paşinyan hakimiyyətinə qarşı bir təzyiq vasitəsi kimi istifadə olunur: “Bu günlərdə İrəvanda Müdafiə Nazirliyinin binası qarşısında itkin düşənlərin yaxınlarının etiraz aksiyası keçirildi, hakimiyyətə qarşı çox sərt fikirlər səsləndirildi, nazirliyin girişini və çıxışını bağlayıb, rəsmilərin çıxıb onların övladlarının taleyi ilə bağlı məlumat verməsini tələb edirdilər. Polislə qarşıdurma yarandı, bu məsələ orda gündəmdədir, geri çəkilmək istəmirlər. Ermənistanda bu məsələdən vaxtaşırı istifadə edirlər. Bu həm də Paşinyan hakimiyyətinin incə yeridir. Onlar bu cür sualların qarşısında acizdilər. Çoxlu sayda suallar var. Müharibə istəməyənlər itkin düşənlərlə bağlı məsələni vaxtaşırı qaldırırlar. Paşinyan da buna cavab verə bilmir.
Azərbaycan tərəfində itkin düşən ermənilərin meyitləri saxlanılmır. Böyük ehtimalla, onlar Ermənistanın İkinci Qarabağ müharibəsində uduzmasından sonra Paşinyan o itkilərin yarısını gizlədir və açıqlaya bilmir. Ola bilsin ki, onların meyitləri Ermənistanda morqlarda saxlanılır, yaxud hardasa kütləvi məzarlıqlarda basdırıblar. Ona görə də hakimiyyət tərəfindən suallara cavab verilmir. Azərbaycan tərəfi dəfələrlə mövqe bildirib ki, bizdə erməni əsirləri və meyitləri yoxdur, hamısı təhvil verilib. Bu, Paşinyanın cavab verməkdə çətinlik çəkdiyi ən böyük suallardan biridir. Çox böyük ehtimalla, Paşinyan hakimiyyəti onları gizlətməklə o vaxt elə addım atıb. İndi vaxtaşırı bu məsələ ortaya çıxdığı üçün Paşinyan da daxili auditoriyaya hesablanmış açıqlamalar verir. BMT-də də dedi ki, bu məsələ gündəmdədir, danışıqlar prosesində guya bu məsələyə də baxılır. Azərbaycan tərəf isə hər hansı bir formada bu məsələ ilə bağlı müzakirə aparmaq fikrində deyil. Yəni məsələ müzakirə olunmur. Digər tərəfdən, onlar Bakıda həbsdə olanlarla bağlı da deyirlər. Halbuki, onlar cinayətkarlardır. Ermənistan daxilindəki müxalif qüvvələr dəfələrlə hərbi canilərlə bağlı məsələni qabardıb gündəmə gətirirlər və onunla da siyasi dividend qazanmağa çalışırlar. Erməni mərkəzləri də bu məsələ ilə beynəlxalq müstəvidə məşğul olurlar və bundan Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Ona görə də Paşinyan bu məsələni arxa plana keçirmir və həqiqəti açıq şəkildə, bu cür qeyri-müəyyən şəkildə danışır. Hətta Paşinyan daxildən ona ünvanlanan suallara cavab olaraq deyib ki, əgər biz onları açıq şəkildə müdafiə etməyə başlasaq, bu, sülh prosesinə mənfi təsir göstərər, Azərbaycanı qıcıqlandırar. Yəni bu cür açıqlamalarla belə rəy yaratmaq istəyir ki, guya bu məsələni gündəmdə saxlayır. Əslində bu, suallardan qaçmaqdır. Paşinyan reallığı da qiymətləndirir ki, onlar hərbi canilərdir, onların Bakıya gətirilməsi, üzərlərində məhkəmə qurulması tam obyektiv şəkildə həyata keçirilir, məhkəmə işləri aparılır, faktlar ortaya qoyulur. O insanlar törətdikləri cinayətlərə görə cəzalarını almalıdırlar”.
A.Nağının sözlərinə görə, bu cür danışmaqla Paşinyan sadəcə daxili suallardan yayınmağa çalışır. Bakı məhkəməsində R.Vardanyanın Paşinyanın da, Minsk Qrupunun həmsədrlərinin və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin üzvlərinin də məhkəməyə gətirilməli olduğunu deməsini xatırladan A.Nağı bildirdi ki, onlar məhkəməyə qarşı heç nə edə bilmirlər, o üzdən artıq başqalarını da bu işə cəlb etmək istəyirlər. “Paşinyanın BMT-də səsləndirdiyi bu fikirlər əsasən daxili auditoriyaya hesablanıb, belə rəy yaratmaq istəyir ki, guya o, Bakıda məhkəməsi gedən separatçılarla da maraqlanır. O yaxşı başa düşür ki, Sarkisyan, Köçəryan və digər caniləri də həbs edib Bakıya təhvil verməlidir. Bu beynəlxalq öhdəlikdir və bu məsələ beynəlxalq səviyyədə açıq şəkildə ortaya qoyulur. Nə qədər vaxt keçsə də, hərbi canilər məsuliyyətə cəlb olunur. Caninin məsuliyyətə cəlb edilməsinin müddəti yoxdur. Ermənistanda əgər normal dövlət qurmaq istəyirlərsə, birinci növbədə o hərbi canilərin üzərində məhkəmə prosesi qurmalıdırlar. Məncə quracaqlar. Ermənistanın bizə qarşı deməyə sözləri yoxdur. Sadəcə, Ermənistanın baş naziri hər iki məsələdənistifadə etməklə müəyyən qüvvələri özünə cəlb etmək istəyir. Gələn il də seçkilərdir. Seçkilərdə ona qarşı səsləndirilə biləcək sərt sualları indidən neytrallaşdırmağa çalışır”-deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA