RU

Eltun Süleymanov: "Ulu Öndər Heydər Əliyevin irsi bu gün də yolumuzu işıqlandırır"



XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan 1991–1993-cü illərdə ağır sınaqlardan keçirdi. Siyasi xaos, dövlət institutlarının iflic vəziyyəti, qanunsuz silahlı dəstələrin meydan sulaması ölkəni parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu. Xarici qüvvələrin təzyiqləri və Ermənistanın təcavüzü fonunda Azərbaycan dövləti demək olar ki, məhv olmaq ərəfəsində idi. Məhz belə bir tarixi anda xalq öz xilaskarını – Ulu öndər Heydər Əliyevi seçdi. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri təkcə siyasi qərar deyil, dövlətçiliyin xilası və gələcəyin təminatı idi. Ulu öndərin siyasi missiyası isə xalqın xilası oldu. Oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində Ulu öndər Heydər Əliyevin xalqa verdiyi vəd – “ömrümün sonuna qədər Azərbaycan xalqına xidmət edəcəyəm” – dövlət başçısının xilaskarlıq missiyasının mahiyyətini bir daha göstərirdi.

Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, ilk addım kimi ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qiyam və vətəndaş qarşıdurmalarına son qoyuldu, dövlətçiliyi dağıtmaq istəyən qüvvələr zərərsizləşdirildi. Ordu quruculuğuna başlanıldı, hüquqi dövlətin əsasları qoyuldu və xalq dövlətinə sahib çıxdı. 1990-cı illərin əvvəlində Azərbaycan dövlətçiliyi uçurumun kənarına gətirilmişdi. Xaos, parçalanma, silahlı dəstələrin hakimiyyət uğrunda çəkişməsi – bunların hamısı ölkəni məhvə aparırdı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü, digər tərəfdən isə daxildə xəyanət və xəfif düşüncə xalqı ümidsizliyə sürükləmişdi. Məhz belə bir çətin anda xalq ümidini Ulu öndər Heydər Əliyevə bağladı. Həmin illərin ortalarında Azərbaycan iqtisadi cəhətdən iflic olmuşdu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, liberal iqtisadi mühitin yaradılması ölkəni böhrandan çıxardı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji məkanına daxil olmasını təmin etdi və müstəqilliyimizin möhkəmlənməsində həlledici rol oynadı. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi transmilli layihələr yalnız iqtisadi deyil, həm də siyasi qələbə idi. Azərbaycan regionda enerji təhlükəsizliyinin əsas təminatçısına çevrildi. 1995-ci ildə qəbul edilən Konstitusiya Azərbaycan dövlətçiliyinin hüquqi bünövrəsini formalaşdırdı. Dövlət hakimiyyətinin bölgüsü, insan hüquq və azadlıqlarının təminatı, demokratik prinsiplərin tətbiqi bu sənəddə təsbit olundu. Müstəqil məhkəmə sistemi yaradıldı, kütləvi informasiya vasitələrində senzura ləğv edildi, ölüm hökmü aradan qaldırıldı. Bütün bunlar dövlət idarəçiliyində demokratik prinsiplərin möhkəmlənməsinə xidmət etdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırdı. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəviyə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin qəbul edilməsi onun diplomatik məharətinin nəticəsi idi. Azərbaycan qlobal enerji və nəqliyyat layihələrinin mərkəzinə çevrilməklə yanaşı, beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş imici qazandı. Ulu öndər Heydər Əliyev təkcə daxildə deyil, beynəlxalq aləmdə də Azərbaycanın mövqeyini gücləndirdi. Müstəqil Azərbaycan dünya dövlətləri içində layiqli yerini tutdu, qlobal layihələrin ayrılmaz hissəsinə çevrildi. Onun uzaqgörən diplomatiyası nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi tanındı, bölgədə söz sahibinə çevrildi.
Bu gün Azərbaycan qalib ölkədir. 2020-ci ilin Vətən müharibəsi ilə tarixi ədalət bərpa olundu, 2023-cü ildə isə antiterror tədbirləri ilə suverenlik tam təmin edildi. Bu qələbələrin kökündə 1993-cü ilin 3 oktyabrında qoyulan möhkəm təməl dayanır. Cənab Prezident İlham Əliyev həmin yolu uğurla davam etdirərək Azərbaycanın gücünü, müstəqilliyini və mövqeyini daha da yüksəltdi. Əgər Ulu öndər Heydər Əliyev xalqı uçurumdan qurtardısa, cənab Prezident İlham Əliyev bu xalqı zirvələrə, qələbələrə ucaltdı. 3 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında qurtuluş, xilaskar, dirçəliş günü kimi həmişə yaşayacaq. Bu gün yalnız bir siyasi hadisənin deyil, bir millətin taleyinin dəyişdiyi gündür. Artıq Azərbaycan regional və qlobal miqyasda söz sahibidir. Bu, Ulu öndər Heydər Əliyevin qoyduğu möhkəm təməl və cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətinin vəhdətindən doğan reallıqdır. Ulu ğndər Heydər Əliyevin irsi bu gün də yolumuzu işıqlandırır, cənab Prezident İlham Əliyevin siyasətində öz bəhrəsini verir. Xalqımızın ən böyük gücü də məhz bundadır. Bizim liderlərimiz dövlətimizi qoruyur, gücləndirir və qələbələrə aparır-deyə E. Süleymanov fikrini tamamlayıb. .



Избранный
6
aia.az

1Источники