Bakı İqlim Fəaliyyəti Həftəsi 2025 (BCAW2025) çərçivəsində dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moteratorluğu ilə keçirilən dəyirmi masada “İqlim dayanıqlılığı və sıfır emissiyaya keçid üçün iqlim qanunlarının və təşkilatlarının gücləndirilməsi” mövzusu müzakirə olunub.
Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov tədbirdə qlobal iqlim dəyişikliyi fəsadlarının hər gün daha aydın şəkildə hiss olunduğuna diqqət çəkib: “Bu dəyişikliklər yalnız ətraf mühitə deyil, həm də insanların sağlamlığına və gələcək nəsillərin həyatına ciddi təsir göstərir. Genetik problemlərə yol açan iqlim dəyişiklikləri göstərir ki, biz daha rasional və davamlı addımlar atmalıyıq”.
O qeyd edib ki, hazırkı dünyada hərbi əməliyyatların da təsirini nəzərə alsaq, görüləcək tədbirlər yalnız insanlara deyil, həm də planetimizin gələcəyinə təsir göstərir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən sülh və əməkdaşlıq prinsipləri xüsusilə önəm daşıyır. “Davamlı inkişafın əsas meyarlarından biri enerji istehsalıdır. Son dövrlərdə enerji şəbəkəsinə tələbat əhəmiyyətli dərəcədə artıb. Azərbaycanda bərpaolunan enerji sahəsində atılan addımlar bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaradılan yeni enerji obyektləri ölkəmizin enerji təhlükəsizliyinə və davamlı inkişafına böyük töhfə verir. Statistik göstəricilər göstərir ki, gələcəkdə qlobal enerji tələbatı daha da artacaq. Bu isə bizi daha çox məsuliyyətli və innovativ yanaşmalar tətbiq etməyə məcbur edir. Məqsədimiz həm ekoloji dayanıqlılığı təmin etmək, həm də enerji resurslarını səmərəli istifadə etməkdir”, - deyə deputat vurğulayıb.
Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Azərbaycanın bu gün iqlim və ətraf mühit sahəsində 20 beynəlxalq konvensiyanın üzvü olmasına diqqət çəkib. Vurğulanıb ki, bu, ölkəmizin bu siyasətə verdiyi dəyərin bariz nümunəsidir. Həmçinin COP29-un keçirildiyi ərəfədə Azərbaycan parlamenti ilə birgə çox vacib iclaslar təşkil edilib. O bildirib ki, Azərbaycanda keçən il qəbul olunmuş çağırışlar və təşəbbüslər COP30-da davam edəcək: “İqlim və ətraf mühit sahəsində parlamentin rolu böyükdür. Çünki qanunvericilik orqanında qəbul olunan qanunlar bu sahədə effektiv tədbirlərin əsasını təşkil edir. Biz bilirik ki, yaxın zamanda Türkiyədə ilk iqlim qanunu təsdiqlənib. Bu, olduqca vacib və təşviqedici addımdır. Ümid edirəm ki, Türkiyədə qəbul edilən bu qanun digər ölkələr üçün də nümunə olacaq və qlobal əməkdaşlıqda yeni imkanlar açacaq”.
COP29-un Prezidenti vurğulayıb ki, Azərbaycan davamlı olaraq beynəlxalq təcrübəni öyrənir.” Təcrübələri yerli qanunvericilikdə və siyasətdə tətbiq edirik. İqlim və ətraf mühitin qorunması yalnız ölkəmiz üçün deyil, bütün dünya üçün prioritet məsələdir”, - deyə o diqqətə çatdırıb.
Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai özəl sektorun iqlim dəyişikliyi ilə mübarizədə vacib tərəfdaş olduğunu bildirib. O qeyd edib ki, özəl sektorun fəaliyyətləri, innovasiyaları və maliyyə resursları iqlim tədbirlərinin səmərəliliyini artırmaq üçün böyük potensiala malikdir. “Biz bu potensialdan səmərəli istifadə etməli, tərəfdaşlıq və əməkdaşlıq imkanlarını genişləndirməliyik. COP29 çərçivəsində məqsədlərimizdən biri də özəl sektor nümayəndələrini yaşıl investisiyalar və davamlı texnologiyalar istiqamətində təşviq etmək idi. Bu, yalnız biznes üçün deyil, bütün cəmiyyət üçün faydalıdır”, - deyə N.Arpadarai əlavə edib.
“GLOBE Legislators”un CEO-su Malini Mehra bildirib ki, iqlim dəyişikliyi sahəsi bütün ölkələrin prioritet məsələsi olmalıdır: “Parlamentlərin bu sahədə rolu olduqca əhəmiyyətlidir, çünki onlar iqlimlə bağlı qanunlar və qərarlar qəbul edirlər. Bu, böyük uğurdur. Ancaq qanunvericilik yalnız qərar qəbul etməkdən ibarət olmamalı, həm də ətrafı əhatə etməli və praktik nəticələr doğurmalıdır”.
O qeyd edib ki, Azərbaycanda bu sahədə qanunvericiliyin tənzimlənməsi nümunəvidir. Parlament artıq iqlim sahəsində işlərə başlayıb və yeni qanunlar qəbul etməyə hazırlaşır. Bu, həm sevindirici, həm də ümidverici bir haldır. “Qanunvericilər bilməlidirlər ki, parlamentlər milli büdcənin qəbulunda vacib rol oynayır və iqlim məsələləri üzrə maliyyələşmə strateji əhəmiyyət daşıyır. Parlamentlər bir arada işləməli və real hədəflər müəyyən etməlidirlər. Bir çox ölkələrdə parlamentlər öz konstitusiyasına uyğun qərarlar qəbul edərək büdcələrini iqlimlə bağlı prioritetlərə uyğunlaşdırır. Azərbaycan da bu prosesdə fəal iştirak edir. Biz, həmçinin Bakı Dövlət Universiteti ilə birgə iqlim dəyişikliyi üzrə təlimat kitabçası nəşr etmişik. Bu kitabçaların əsas məqsədi mütəxəssislərin iqlim dəyişikliyi barədə biliklərini artırmaq, həmçinin maarifləndirmə və məlumatlılığı genişləndirməkdir”, - deyə o vurğulayıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib: “Bu gün hökumətlər iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün böyük maliyyə resursları ayırır. Bu isə öz növbəsində nəzarət və şəffaflığın daha da gücləndirilməsini prioritet məsələyə çevirir”.
O bildirib ki, dünyada ekoloji problemlərin araşdırılması və iqlim fəaliyyəti üzrə mütəxəssislərə tələbat sürətlə artır. “Müəssisələrdə iqlim fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və təqdim olunması da artıq vacib şərtlərdən birinə çevrilib.
Hesablama Palatası bu sahədə iqlim maliyyəsi və yaşıl büdcə anlayışlarının tətbiqini diqqət mərkəzində saxlayır. Bu anlayışlar getdikcə daha çox populyarlaşsa da, etiraf etməliyik ki, hələ də praktik təcrübələrin sayı kifayət qədər deyil. Biz inanırıq ki, müasir yanaşmalar, beynəlxalq təcrübə və milli prioritetlər əsasında həyata keçirilən fəaliyyətlər iqlim dəyişikliyi ilə mübarizədə və ekoloji tarazlığın qorunmasında mühüm nəticələr verəcək”, - deyə V.Gülməmmədov əlavə edib.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev ətraf mühitin mühafizəsi sahəsində ixtisaslaşan qurumun 2020-ci ildə təsis edildiyini deyib: “Son 5 ildə bu istiqamətdə 600-dən çox cinayət işi, 1400-dən artıq inzibati xəta haqqında icraat başlanıb, təbiətə dəymiş ziyanla bağlı 14 milyon manatdan çox vəsaitin ödənilməsi təmin edilib. Baş prokurorun əmrinə əsasən, bu sahədə aparılan araşdırma və istintaq olunan cinayət işləri üzrə vahid reyestr aparılır”.
O qeyd edib ki, ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinə uyğun olaraq, hüquq-mühafizə orqanları transsərhəd su hövzələrinin çirkləndirilməsi sahəsində beynəlxalq araşdırmalar aparır. Eyni zamanda, müxtəlif beynəlxalq platformalarda Xəzər dənizinin iqtisadi fəaliyyət nəticəsində çirkləndirilməsinə və səviyyəsinin aşağı düşməsinin qarşısının alınmasına dair hüquqi əməkdaşlıq müzakirə edilir. “Azərbaycan prokurorları cinayət hüququ vasitəsilə ekoloji cinayətlərə qarşı yeganə beynəlxalq sənəd olan Avropa konvensiyasının hazırlanmasında iştirak ediblər. Nəticə olaraq, bu sahədə uğurlu fəaliyyətin həyata keçirilməsi üçün tələb edilən ekoloji cinayətlərin vahid standartlara uyğun milli qanunvericilikdə əks olunmasına, bu sahədə istintaq və prokurorluq orqanlarında ixtisaslaşdırılmanın həyata keçirilməsinə, proaktiv araşdırmaların həyata keçirilməsinə dair beynəlxalq standartların tətbiqinə davamlı hazırlıq həyata keçirilir”, - deyə E.Musayev vurğulayıb.
ESG Eksperti Kalyani Inampudi isə tədbirə onlayn qoşularaq qeyd edib ki, müasir biznes dünyasında iqlimlə bağlı görülən işlər maliyyə göstəriciləri uğurun ölçüsü deyil. Şirkətlərin davamlılığı, sosial məsuliyyət və idarəetmədə şəffaflıq prinsipləri artıq investorların və cəmiyyətin əsas gözləntiləridir.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29-un beynəlxalq əməkdaşlıqda yeni bir mərhələ açdığını diqqətə çatdırıb: “İqlim maliyyələşməsi sahəsində əldə olunan razılaşmalar, bərpaedilən enerji üzrə öhdəliklərin gücləndirilməsi və adaptasiya tədbirlərinin dəstəklənməsi bu konfransın əsas nailiyyətləridir. COP29 həm də ölkələr arasında ədalətli keçidə dair qarşılıqlı anlayışı dərinləşdirərək, gələcək nəsillər üçün daha dayanıqlı dünya qurmaq yolunda əhəmiyyətli addım oldu. Bu nəticələr Azərbaycanın ev sahibliyi etdiyi COP-un qlobal iqlim gündəminə verdiyi töhfənin bariz nümunəsidir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsini ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə qlobal təşəbbüslərə verdiyi töhfənin bariz nümunəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycanın həyata keçirdiyi iqtisadi islahatların mərkəzində yaşıl inkişaf modeli dayanır. “Bizim məqsədimiz iqtisadi artımı təmin etməklə yanaşı, dayanıqlı enerji həlləri, innovativ sənaye sahələrini və sahibkarlığın yaşıl transformasiyasını dəstəkləməkdir. Əminəm ki, bu həftə ərzində aparılacaq müzakirələr gələcək əməkdaşlıq imkanlarını genişləndirəcək və regionumuzun dayanıqlı inkişafına mühüm töhfə verəcək”, - deyə komitə sədri əlavə edib.
Milli Məclisin deputatları Fatma Yıldırım və Afət Həsənova isə Bakı İqlim Fəaliyyəti Həftəsinin hər kəsə iqtisadi inkişafı ekoloji məsuliyyətlə birləşdirməyin vacibliyini xatırlatdığını deyiblər. Çıxışlarda vurğunlanıb ki, Azərbaycanın hədəfi yaşıl enerji, innovasiya və sahibkarlıqla dayanıqlı gələcək qurmaqdır.
Dəyirmi masa müzakirələrlə davam edib.