RU

Azərbaycan BMT tribunasında "iki standartlı demokratiya" siyasətinə kəskin etiraz etdi...


Müasir dövrdə fikir, söz və məlumat azadlığının, insan hüquq və azadlıqlarının qorunması beynəlxalq münasibətlərin ən mühüm prinsiplərindən biri hesab olunur. Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlar bu məsələlərin təminini əsas vəzifə kimi qarşıya qoyurlar. Lakin reallıqda qeyd edilən sahədə ikili standartların tətbiqi tez-tez müşahidə edilir.

Bu, həm beynəlxalq hüquqa, həm də ədalət və bərabərlik prinsiplərinə ziddir.

Dövlətlərə selektiv yanaşmanın aratdığı böyük problemlər

Qeyd edək ki, Azərbaycan daim bu məsələyə xüsusi diqqət edib və etməkdədir. Azərbaycan tərəfindən BMT İnsan Hüquqları Şurasında 5-ci gündəm maddəsinin müzakirəsi zamanı səsləndirilən bəyanat da bunun daha bir göstəricisidir. Ölkənin Cenevrədəki nümayəndəliyi tərəfindən səsləndirilən bəyanatda vurğulanır ki, Azərbaycan BMT-nin insan hüquqları orqanları və mexanizmləri ilə konstruktiv dialoq və əməkdaşlığa sadiq qaldığını bir daha təsdiq edib: “Biz xüsusi prosedurların mandatını daşıyan şəxslərin işinə böyük əhəmiyyət veririk. Onların fəaliyyəti ciddi şəkildə mandatları çərçivəsində, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, müvafiq qətnamələrə və Davranış Kodeksinə tam hörmətlə həyata keçirilməlidir. Üzv dövlətlərlə konstruktiv əməkdaşlıq vacibdir və dövlətlər tərəfindən təqdim edilən məlumatlar əməkdaşlıq ruhu ilə lazımi şəkildə nəzərə alınmalıdır”. O da diqqətə çatdırılıb ki, Azərbaycan insan hüquqları mexanizmləri ilə həqiqi dialoqun daha yaxşı anlaşmanı təşviq edə və sistemin effektivliyini gücləndirə biləcəyinə inanır: “Biz insan hüquqlarının təşviqi və müdafiəsi üçün daha geniş səylərimizin bir hissəsi kimi BMT-nin insan hüquqları mexanizmləri ilə fəal şəkildə əməkdaşlığa davam edəcəyik. Birləşmiş Millətlər Təşkilatının səkkiz dekadasını nəzərdən keçirərkən insan hüquqları mexanizmlərinin effektiv, şəffaf və siyasiləşmə ilə ikili standartlardan azad olmasını təmin etmək üçün səylərimizi artırmalıyıq, bununla da dünyada insan hüquqlarının təşviqi və müdafiəsinə kollektiv öhdəliyimizi irəli aparmalıyıq”. Burada qeyd edək ki, müasir dünyada fikir, söz və məlumat azadlığı insan hüquq və azadlıqlarının əsas sütunlarından biri hesab olunur. BMT-nin İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlər bu azadlıqları təmin etməyi dövlətlərin əsas öhdəliklərindən biri kimi müəyyənləşdirir. Lakin təcrübədə bu sahədə də ikili standartların mövcudluğu açıq şəkildə görünür. Fikir və söz azadlığı insanların istədiyi düşüncəni sərbəst şəkildə ifadə etmək, müxtəlif baxış və mövqeləri yaymaq, hakimiyyət və ictimai proseslər haqqında tənqidi fikir söyləmək hüququnu nəzərdə tutur. Bu, demokratik cəmiyyətin vacib dayaqlarından biridir. Media və informasiya mühitinin azadlığı isə cəmiyyətin obyektiv məlumat əldə etməsini, şəffaflığı və ictimai nəzarəti təmin edir. Fikir, söz və məlumat azadlığının, insan hüquq və azadlıqlarının qorunması sahəsində ikili standart o zaman meydana çıxır ki, beynəlxalq təşkilatlar və ya aparıcı dövlətlər müəyyən hallarda bu hüquqlarınn pozulmasına sərt reaksiya verir, digər hallarda isə oxşar və ya daha ağır pozuntulara göz yumurlar. Başqa sözlə, eyni hadisəyə münasibətdə fərqli yanaşma sərgilənir. Bu, siyasi maraqların, geosiyasi rəqabətin və iqtisadi əlaqələrin hüquqi və humanitar prinsiplərdən üstün tutulduğunu göstərir. Azərbaycan məhz buna qarşıdır. İndi dünyada reallıqda söz və məlumat azadlığına münasibət çox vaxt seçici xarakter daşıyır. Siyasi maraqlara uyğun yanaşma buara öz sözünü deyir. Bəzi ölkələrdə informasiya azadlığı məhdudlaşdırıldıqda beynəlxalq təşkilatlar və Qərb dövlətləri sərt bəyanatlar verir, sanksiyalar tətbiq edir. Lakin müttəfiq ölkələrdə oxşar məhdudiyyətlər görməzlikdən gəlinir. Mətbuat azadlığında fərqli meyarlar d adiqqətdən qaçmamalıdır. Jurnalistlərin hüquqlarının pozulması bəzi regionlarda geniş işıqlandırılır, amma digər ölkələrdə bu hadisələr ya səssiz qarşılanır, ya da zəif reaksiya ilə kifayətlənilir. Sosial şəbəkələrdə seçici yanaşma faktoru da var. Beynəlxalq platformalar bəzən müəyyən ölkələrin ictimai-siyasi mövqeyini dəstəkləyən fikirləri önə çıxarır, digər tərəfin mövqelərini isə ya senzura edir, ya da məhdudlaşdırır. Məlumat müharibələri fonunda isə geosiyasi rəqabət şəraitində informasiya azadlığı çox vaxt “ikili standart” prinsipi ilə dəyərləndirilir: “özününkü – təbliğat, qarşı tərəfinki – dezinformasiya” kimi qiymətləndirilir.

Azərbaycana qarşı hələ də qərəzli yanaşma var

Söz və məlumat azadlığında ikili standartlar beynəlxalq hüquqa və demokratiyanın əsas prinsiplərinə ziddir. Bu, bir tərəfdən ictimaiyyətin obyektiv informasiya almaq imkanlarını azaldır, digər tərəfdən beynəlxalq təşkilatların nüfuzunu zəiflədir. Həmçinin, bu seçici yanaşma insanlarda ədalətə inamsızlıq yaradır və qlobal miqyasda dezinformasiya mühitini gücləndirir.

Azərbaycan da tez-tez söz azadlığı ilə bağlı ikili standartların hədəfində olur. Qərb təşkilatları ölkədəki bəzi halları sərt şəkildə tənqid edir, amma Ermənistanın 30 illik işğalı dövründə yüz minlərlə azərbaycanlının söz və informasiya azadlığından məhrum olmasına susqun yanaşılır. Bu, ikili standartların ən bariz nümunələrindən biridir. Digər tərəfdən, Qarabağda müharibə dövründə Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyalarının beynəlxalq mediada geniş yer alması, amma Azərbaycanın mövqeyinin çox vaxt kölgədə qalması da informasiya azadlığında qeyri-obyektiv yanaşmanı üzə çıxarır. İstənilən hald aisə fikir, söz və məlumat azadlığı demokratiyanın təməl dəyərlərindəndir. Lakin bu sahədəki ikili standartlar universal hüquqların siyasi maraqlara qurban verildiyini göstərir. Əsl azadlıq yalnız seçici yanaşmadan imtina edildiyi, bütün ölkələrə və xalqlara eyni hüquqlar tanındığı zaman mümkündür. Ölkımzi isə ikili standratlara qarşımübarizəni davam etdirir. Eyni zamanda fikir, söz və məlumat azadlığının inkişafı istiqamətində müvafiq addımlar atır. Ölkədə media sektorunda genişmiqyaslı struktur islahatları da bunun sübutudur. Bu çərçivədə Medianın İnkişafı Agentliyinin yaradılması, “Media haqqında” Qanunun qəbul olunması və Media Reyestrinin formalaşdırılması kimi yeniliklər həyata keçirilib. Media subyektlərinə vergi və digər sahələrdə müəyyən güzəştlərin tətbiqi, jurnalistlərin sosial rifahının yüksəldilməsi məqsədilə ipoteka imkanlarının genişləndirilməsi də bu islahatların tərkib hissəsidir. 2025-ci il Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə ölkədə bir sıra tədbirlərin keçirilməsi də fikir, söz və məlumat azadlığına diqqətin təzahürüdür.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Избранный
52
baki-xeber.com

1Источники