RU

Pedaqoji Universitetin rəhbərliyi doktorantlarla görüşüb

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025-2026-cı tədris ili üzrə doktorantura səviyyəsinə qəbul prosesində uğurlu nəticə göstərərək ADPU-ya qəbul olunmuş şəxslər və əvvəlki illərin doktorantları ilə görüş keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd doktorantların elmi fəaliyyətə adaptasiyası, universitetdə mövcud imkanlar, elmi rəhbərlik və beynəlxalq əməkdaşlıq istiqamətlərində onları daha ətraflı məlumatlandırmaq olub.

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov qeyd edib ki, doktoranturaya sənəd qəbulu prosesinin yekununda 36 nəfər xarici dil imtahanlarına buraxılıb. Xarici dil imtahanlarında iştirak edənlərdən 16 nəfəri uğurlu nəticə göstərərək fəlsəfə fənni üzrə imtahanlarda iştirak hüququ qazanıb. Onlardan 13-ü bu imtahanları uğurla keçərək ixtisas fənlərindən imtahana buraxılıb, yekunda 10 nəfər ADPU-nun doktorantura səviyyəsinə qəbul olunub. Professor Cəfər Cəfərov universitetin son illər elmi-tədqiqat sahəsində əldə etdiyi nailiyyətlərdən danışaraq qeyd edib ki, doktorantura mərhələsi gənc alimlərin professional inkişafında əsas pillələrdən biridir. Elmi araşdırmaların keyfiyyətli və beynəlxalq standartlara uyğun şəkildə aparılması üçün universitetdə geniş imkanlar yaradılıb: müasir laboratoriyalar, zəngin elmi kitabxana, elektron resurslar və beynəlxalq layihələrdə iştirak imkanı, tədris proqramlarının müasirləşdirilməsi, yeni ixtisasların formalaşdırılması bu addımlar sırasındadır. Gənc alimlər yalnız universitet daxilində deyil, ölkə və beynəlxalq elmi mühitdə də özlərini tanıtmağa çalışmalıdırlar. Bu məqsədlə nüfuzlu jurnallarda məqalə dərc etdirmək, beynəlxalq konfranslarda çıxış etmək və xarici elmi mərkəzlərlə əməkdaşlıq yaratmaq böyük əhəmiyyət daşıyır.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov doktoranturaya qəbulun gərgin mübarizə şəraitində keçdiyini və nəticədə 9 nəfər Azərbaycan Respublikası vətəndaşının və 1 nəfər Çin Xalq Respublikasının vətəndaşının ADPU-ya qəbul olunduğunu qeyd edib. A.Zamanov universitetdə elmi araşdırmaların müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlərdən bəhs edib. O, doktorantların beynəlxalq konfrans və simpoziumlarda fəal iştirakının vacibliyini, elmi məqalələrin nüfuzlu jurnallarda dərc olunmasının gənc tədqiqatçılar üçün prioritet məsələ olduğunu xüsusi vurğulayıb. Prorektor, həmçinin doktorantlara universitetin beynəlxalq əlaqələri, xarici elmi mərkəzlərlə birgə layihələrdə iştirak imkanları barədə məlumat verib.

Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov qəbul mərhələsinin təşkilati tərəfləri, doktorantların elmi rəhbərlərlə iş prinsipləri, dissertasiya mövzularının seçilməsi və təsdiqi prosesi haqqında geniş təqdimatla çıxış edib. O, doktorantları qarşıda duran vəzifələrlə tanış edərək elmi fəaliyyətin planlı şəkildə qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra doktorantlar təəssüratlarını bölüşüblər və onları maraqlnadıran sualları ünvanlayıblar.

Избранный
14
2
azertag.az

3Источники