Azərbaycanda ictimai nəqliyyat tarifləri uzun illər sosial dövlət prinsiplərinə əsaslanaraq dövlət tərəfindən tənzimlənir. Bu model vətəndaşlara münasib qiymətlərlə nəqliyyatdan istifadə imkanı yaratsa da, daşıyıcıların maliyyə dayanıqlılığına ciddi təsir göstərir. Gediş haqlarının maya dəyərindən aşağı müəyyənləşdirilməsi nə mənfəət yaradır, nə də əməliyyat və investisiya xərclərini qarşılamağa imkan verir. Nəticədə bir çox daşıyıcıların maliyyə yükü artır, borcları yığılır və xidmət keyfiyyəti zəifləyir.
Yeni tariflər və dövlət proqramı
Mövcud şəraitdə hökumətin qarşısında duran əsas vəzifə ictimai nəqliyyatın keyfiyyətini artırmaq və onun dayanıqlığını təmin etməkdir. Məhz bu məqsədlə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində metro və avtobuslarda yeni tariflər təsdiqlənib.
- Metroda bir gediş – 0,60 manat
-Müasir tələblərə cavab verən marşrutlarda minimal gediş – 0,60 manat (məsafədən asılı olaraq 0,50- 1,10 manat)
Vacib məqam odur ki, bu dəyişiklik yalnız paytaxt marşrut şəbəkəsinin 30 %-ni əhatə edəcək və sırf keyfiyyət dəyişikliyi baş vermiş xətlərdə tətbiq olunacaq.
İqtisadi məntiq: maya dəyərinə uyğunlaşma
Yeni tariflər 10 qəpik artıb və bu tamamilə maya dəyərini qarşılamır, sadəcə ona doğru atılmış addım hesab etmək olar. Burada iki əsas məqsəd var:
- Xidmətin sabitliyini qorumaq - daşıyıcıların zərər hesabına işləməsinin qarşısını almaq.
- İnvestisiyaya motivasiya yaratmaq - avtobus parkının yenilənməsi, ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin gətirilməsi, nağdsız ödəniş sisteminə keçid.
Başqa sözlə, tarif artımı yalnız sərnişinlərdən əlavə gəlir toplamaq məqsədi daşımır, həm də bazarda keyfiyyət dəyişikliklərini stimullaşdırmaq vasitəsidir.
Regional müqayisə: Bakı harda dayanır?
Yeni tarifləri digər ölkələrlə müqayisə etdikdə, Azərbaycanın hələ də sərnişinlər üçün münasib qiymət saxlamağa çalışdığı görünür.
Ölkələr üzrə gediş haqqı tarifləri, dizel qiyməti və orta aylıq əmək haqqı
Dövlət və şəhərlər | Gediş haqqı tarifi | Dizelin qiyməti | Orta aylıq əmək haqqı |
Gürcüstan, Tbilisi | 1 lari (0,63 manat) | 3 lari (1,9 manat) | 2108 lari (1327 manat) |
Rusiya, Moskva | Mərkəzi zona - 67 rubl (1,4 manat), Şəhərətrafı zona - 90 rubl (1,85 manat), Uzaq zona 126 rubl - (2,6 manat) | 71,44 rubl (1,5 manat) | 110000 rubl (2256 manat) |
Ermənistan, Yerevan | 150 dram - (0,67 manat) | 500 dram (2,23 manat) | 295000 dram (1315 manat) (Ermənistan üzrə) |
Türkiyə, İstanbul | İlk minmə zamanı 27 lirə - (1,1 manat) 1-ci transfer 19,33 lirə - (0,8 manat) 2-ci transfer 14,67 lirə - (0,6 manat) 3, 4, 5-ci transfer 9.27 lirə - (0.4 manat) | 52,1 lirə (2,13 manat) | 28700 lirə (1173 manat) |
Azərbaycan | 15 km-dək 0,50 manat 15 km-dən 30 km-dək 0,60 manat 30 km-dən 40 km-dək 0,70 manat 40 km-dən 45 km-dək 0,80 manat 45 km-dən 50 km-dək 1,00 manat 50 km-dən yuxarı 1,10 manat | 1 manat | Bakı üzrə 1375 manat Respublika üzrə 1097 manat |
Müqayisədən görünür:
-Bakı qiymətləri Tbilisi və Yerevanla eyni səviyyədə, lakin Moskva və İstanbuldan aşağıdır.
-Azərbaycanda dizel qiyməti regionla müqayisədə daha aşağıdır, bu da tariflərin əlçatan qalmasına kömək edir.
-Əmək haqqı göstəriciləri fonunda isə Bakıda gediş haqqı vətəndaşların gəlirlərinə nisbətən daha münasibdir.
Sosial təsirlər və perspektivlər
Tariflərin artımı sərnişinlər üçün ilkin mərhələdə əlavə yük yaratsa da, uzunmüddətli perspektivdə daha keyfiyyətli xidmətin təmin edilməsinə xidmət edəcək. Əlavə gəlirlər daşıyıcıları yeni avtobuslar almağa, ekoloji təmiz nəqliyyat vasitələri gətirməyə və sərnişin məmnuniyyətini artırmağa yönləndiriləcək.
Ən əsası, hökumət balansı qorumağa çalışır: bir tərəfdən sosial dövlət prinsiplərini saxlayaraq qiymətləri münasib səviyyədə tutur, digər tərəfdən nəqliyyat sektorunun inkişafını maliyyələşdirir. (Report)