AZ

Azərbaycanda ictimai nəqliyyatın iqtisadi reallıqları və regional müqayisədə mövqeyi

Azərbaycanda ictimai nəqliyyat tarifləri uzun illər sosial dövlət prinsiplərinə əsaslanaraq dövlət tərəfindən tənzimlənir.

Bu model vətəndaşlara münasib qiymətlərlə nəqliyyatdan istifadə imkanı yaratsa da, daşıyıcıların maliyyə dayanıqlılığına ciddi təsir göstərir. Gediş haqlarının maya dəyərindən aşağı müəyyənləşdirilməsi nə mənfəət yaradır, nə də əməliyyat və investisiya xərclərini qarşılamağa imkan verir. Nəticədə, bir çox daşıyıcıların maliyyə yükü artır, borcları yığılır və xidmət keyfiyyəti zəifləyir.

Yeni tariflər və dövlət proqramı

Mövcud şəraitdə hökumətin qarşısında duran əsas vəzifə ictimai nəqliyyatın keyfiyyətini artırmaq və onun dayanıqlığını təmin etməkdir. Məhz bu məqsədlə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində metro və avtobuslarda yeni tariflər təsdiqlənib.

- Metroda bir gediş - 0,60 manat

-Müasir tələblərə cavab verən marşrutlarda minimal gediş - 0,60 manat (məsafədən asılı olaraq 0,50- 1,10 manat)

Vacib məqam odur ki, bu dəyişiklik yalnız paytaxt marşrut şəbəkəsinin 30 %-ni əhatə edəcək və sırf keyfiyyət dəyişikliyi baş vermiş xətlərdə tətbiq olunacaq.

İqtisadi məntiq: maya dəyərinə uyğunlaşma

Yeni tariflər 10 qəpik artıb və bu tamamilə maya dəyərini qarşılamır, sadəcə ona doğru atılmış addım hesab etmək olar. Burada iki əsas məqsəd var:

- Xidmətin sabitliyini qorumaq - daşıyıcıların zərər hesabına işləməsinin qarşısını almaq.

- İnvestisiyaya motivasiya yaratmaq - avtobus parkının yenilənməsi, ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin gətirilməsi, nağdsız ödəniş sisteminə keçid.

Başqa sözlə, tarif artımı yalnız sərnişinlərdən əlavə gəlir toplamaq məqsədi daşımır, həm də bazarda keyfiyyət dəyişikliklərini stimullaşdırmaq vasitəsidir.

Regional müqayisə: Bakı harada dayanır?

Yeni tarifləri digər ölkələrlə müqayisə etdikdə, Azərbaycanın hələ də sərnişinlər üçün münasib qiymət saxlamağa çalışdığı görünür və Bakıda bir gedişin qiyməti 0,50- 1,10 manat arası olacaq.

Bakı sərnişinlərinin oktyabrın 1-dən ödəyəcəyi gediş haqqı digər ölkələrlə müqayisədə hələ də daha münasibdir. Məsələn, Tbilisidə hazırda 1 lari (0,63 manat), Yerevanda - 0,67 manat təşkil edir, bu isə Azərbaycanın paytaxtında tətbiq olunacaq tarifdən yüksəkdir. Moskvada isə bir gedişin qiyməti Bakıdakından 2-3 dəfə bahadır. Belə ki, Moskvada zonadan asılı olaraq 1,4- 2,6 manat arasında dəyişir, İstanbul isə ilk minmə 1,1 manat, növbəti transferlərlə qiymət azalır.

Ölkələr üzrə gediş haqqı tarifləri, dizel qiyməti və orta aylıq əmək haqqı

Müqayisədən görünür:

- Azərbaycanda dizel qiyməti regionla müqayisədə daha aşağıdır, bu da tariflərin əlçatan qalmasına kömək edir.

-Əmək haqqı göstəriciləri fonunda isə Bakıda gediş haqqı vətəndaşların gəlirlərinə nisbətən daha münasibdir.

Sosial təsirlər və perspektivlər

Tariflərin artımı sərnişinlər üçün ilkin mərhələdə əlavə yük yaratsa da, uzunmüddətli perspektivdə daha keyfiyyətli xidmətin təmin edilməsinə xidmət edəcək. Əlavə gəlirlər daşıyıcıları yeni avtobuslar almağa, ekoloji təmiz nəqliyyat vasitələri gətirməyə və sərnişin məmnuniyyətini artırmağa yönləndiriləcək.

Ən əsası, hökumət balansı qorumağa çalışır: bir tərəfdən sosial dövlət prinsiplərini saxlayaraq qiymətləri münasib səviyyədə tutur, digər tərəfdən nəqliyyat sektorunun inkişafını maliyyələşdirir.//Report

Seçilən
8
5
far.az

6Mənbələr