RU

Orxan Məmmədov: Qlobal tullantıların 50–70%-i KOS-ların payına düşür

BAKI, 29 sentyabr. TELEQRAF

Yaşıl inkişaf yalnız ətraf mühitin, insan sağlamlığının və sosial rifahın qorunması ilə bağlı deyil. Bu, eyni zamanda, biznes üçün, xüsusən də kiçik və orta sahibkarlıq subyektləri (KOS) üçün çox önəmlidir. KOS-lar həm yaşıl keçidə təsir edir, həm də yaşıl iqtisadiyyatda yaranan imkanlardan faydalanır.

Teleqraf xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2025) deyib.

O qeyd esib ki, ənənəvi olaraq, ətraf mühit məsələlərində diqqət əsasən iri şirkətlərə yönəlib:

“Halbuki, KOS-lar dünyada qeydiyyata alınmış bütün bizneslərin təqribən 90%-ni təşkil edir. Onlar kiçik görünsələr də, birlikdə çox böyük təsir gücünə malikdirlər. Mütəxəssislərin hesablamalarına görə, qlobal tullantıların 50–70%-i KOS-ların payına düşür. Digər tərəfdən, onlar dünyada təqribən 70% məşğulluq təmin edirlər. Bu da göstərir ki, KOS-lar yalnız səmərəli istehsal vasitəsilə deyil, həm də istehlakçı davranışını formalaşdırmaqla ətraf mühitin qorunmasına ciddi təsir göstərə bilərlər.

KOS sektorunda yaşıl siyasətlərin tətbiqi üçün böyük potensial var, lakin çətinliklər də mövcuddur. Beynəlxalq təşkilatlarla, biznes federasiyaları və assosiasiyalarla birgə biz üç əsas problemi müəyyən etmişik: birincisi, informasiya və bilik çatışmazlığı, məhdud bacarıq və potensial; ikincisi, maliyyəyə çıxışın çətinliyi. KOBİA olaraq biz KOS-lara bu çağırışların öhdəsindən gəlməkdə dəstək olur və onları yaşıl iqtisadiyyatda daha güclü rol oynamağa təşviq edirik.

Biz vahid dəstək modeli tətbiq edirik. Bu modeldə KOS-lar bütün xidmətləri bir platforma üzərindən əldə edə bilirlər. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu modelin əsas elementi olan “KOB evi” ötən il beynəlxalq səviyyədə tanınıb və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiya üzrə Müşahidə Şurası tərəfindən qabaqcıl təcrübə nümunəsi kimi seçilərək üzv dövlətlərə təqdim olunub. Ölkə üzrə fəaliyyət göstərən KOS inkişaf mərkəzləri də mühüm rol oynayır – onlar sahibkarlara və yeni biznes qurmaq istəyənlərə, o cümlədən yaşıl inkişaf sahəsində təlim və məsləhət xidmətləri göstərirlər”.

Orxan Məmmədov əlavə edib ki, uğurlu təşəbbüslərdən biri də dövlət sektoru, özəl sektor və universitetlərin əməkdaşlığı ilə yaradılmış KOS model müəssisəsidir:

“Bu müəssisə sahibkarlara müasir texnologiyaları praktikada görmək və təcrübə qazanmaq imkanı verir. Sahibkarlar, məsələn, resurslardan səmərəli istifadə və effektiv istehsal bacarıqlarını burada öyrənərək gündəlik fəaliyyətlərində tətbiq edə bilirlər.

Bundan əlavə, biz qrantlar, startap sertifikatları, yerli və beynəlxalq sərgilərdə iştirak vasitəsilə qabaqcıl təşəbbüsləri dəstəkləyirik. Agentliyimiz həmçinin yaşıl biznes standartlarının təşviqində fəal iştirak edir. 2024-cü ildə “Yaşıl biznesin idarə olunması sistemləri üzrə milli standart” qəbul edildi. Bununla yanaşı, milli ESG çərçivəsi və onlayn ESG Hub platforması da istifadəyə verildi.

COP29 çərçivəsində KOBİA ilk dəfə olaraq KOS-ların yaşıl keçidi üçün qlobal iqlim hərəkatı – Bakı KOS Yaşıl Keçid Koalisiyasının yaradılmasını təklif edib. Bu, birgə bəyannamə xarakteri daşıyır və məqsəd KOS-ların yaşıl keçiddəki rolunu önə çıxarmaq, bu istiqamətdə beynəlxalq səyləri birləşdirməkdir. Dəyərli dəstəyə görə aidiyyəti qurumlara və insanlara təşəkkürümü bildirirəm.

İndiyədək beynəlxalq təşkilatlar və biznes şəbəkələri də daxil olmaqla 23 qurum artıq bu təşəbbüsə qoşulub. Burada SEBRAE və Dünya İqlim Fondunun üzvlərini, digər dostlarımızı da görməkdən məmnunam. Proses hələ də açıqdır və daha çox tərəfdaşı qoşulmağa dəvət edirik. Tədbir iştirakçıları arasında daha çox qurum və assosiasiyanı Koalisiyada görməkdən məmnun olarıq.

Azərbaycan 2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyasının hazırlanmasına başlayıb. Burada irəli sürülən ideyalar yaşıl gündəmin strategiyaya inteqrasiyası üçün əhəmiyyətli olacaq”.

Избранный
8
1
teleqraf.com

2Источники