Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi baş tutub.
Doğru.az xəbər verir ki, sentyabrın 28-də Heydər Əliyev Sarayında festivalın bağlanış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının yeni quruluşda nümayişi olub.
Tamaşada Azərbaycanın aparıcı səhnə ustaları iştirak edib. Əsərin baş qəhrəmanı Koroğlu obrazını Xalq artisti Yusif Eyvazov canlandırıb. Nigar rolunda Əməkdar artisti İlahə Əfəndiyeva, Həsən xan obrazında isə Əməkdar artist Cahangir Qurbanov çıxış edib. Digər rolları isə Fəhmin Əhmədli, Nazim Mahmudov, Əməkdar artist Fərid Əliyev, Xalq artisti Əkrəm Poladov və digər səhnə ustaları ifa ediblər.
Səhnə əsəri Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev tərəfindən hazırlanıb, orkestrin dirijoru Mustafa Mehmandarovdur. Tamaşanın quruluşçu rəssamı SSRİ Xalq rəssamı Tahir Salahov, xormeysteri isə Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olub.
Festival çərçivəsində səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Nümayişin sonunda yaradıcı heyət səhnəyə çıxaraq izləyicilərə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu il Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd olunur və festival Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstəyi ilə bir sıra ölkələrdən tanınmış ifaçı və kollektivləri bir araya gətirib. Festival ölkəmizin 10-dan çox şəhər və rayonunu, həmçinin xarici ölkələri əhatə edib.
DOĞRU.AZ