28 sentyabrda Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, “Qafqaz” Biznes Mərkəzinin Konfrans zalında 61 rayon (şəhər) təşkilatından seçilmiş nümayəndələrin iştirakı ilə baş tutan Qurultay dövlət himninin səsləndirilməsi, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə öz işinə başlayıb.
AMİP sədri tərəfindən açıq elan olunan qurultayda Rəşad Bayramov Qurultayın sədri, Elşən Müstafayev sədr müavini, Məmmədəli Səfərov və Nuranə Səlimova katib seçilmişlər. AMİP-in Qurucu lideri Etibar Məmmədovun Qurultay nümayəndələrinə təbriki və tövsiyyələri dinlənilmiş, daha sonra müvafiq hesabat çıxışları olub.
AMİP sədri, millət vəkili Arzuxan Əlizadənin, AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun və Mərkəzi İntizam Komissiyasının sədri Maarif Abbasovun hesabatları dinlənilmiş, hesabat ətrafında müzakirələrdən sonra müvafiq strukturların fəaliyyəti qənaətbəxş hesab edilib.
Qurultayda ölkədəki cari vəziyyət geniş şəkildə müzakirə edilib, özündə siyasi, sosial-iqtisadi, yerli özünüidarəetmə və xarici siyasətlə bağlı təkliflərin yer aldığı Qətnamə qəbul olunub. Qurultayda partiyanın ötən dövr ərzindəki fəaliyyəti haqqında məruzə dinlənilib, cari siyasi vəziyyətlə bağlı geniş müzakirələr aparılıb və gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Qurultayda partiya sədrliyinə, Siyasi Şura və Ali Məclis üzvlüyünə, o cümlədən də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib. Səsvermə nəticəsində yekdilliklə Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədri seçilib. Qurultay nümayəndələri Arzuxan Əlizadənin rəhbərliyi altında partiyanın fəaliyyətinin daha da güclənəcəyinə əminlik ifadə ediblər. Qurultay həmçinin bir sıra təşkilati məsələlərə baxıb, partiyanın strukturlarında dəyişikliklər edilib və yeni seçilən rəhbər heyətə uğurlar arzulanıb.
Azərbaycan Milli İstiqlal Partiyasının XIII Qurultayı öz işini yüksək siyasi əhval-ruhiyyə və həmrəylik şəraitində başa çatdırıb.
"Cebheinfo.az"