RU

Üzeyir Hacıbəyli festivalının təntənəli bağlanışı “Koroğlu” operasının yeni quruluşu ilə yadda qaldı — FOTOLAR

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib.

Sentyabrın 28-də Heydər Əliyev Sarayında festivalın bağlanış mərasimi və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Koroğlu” operasının yeni quruluşda nümayişi baş tutub. 

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin və qətiyyətli addımlarının nəticəsi kimi müasir tariximizə yazılıb. Bu böyük dönüş mədəni həyatımızın bütün sahələrinə – teatr, muzey, konsert və sərgi fəaliyyətinə də yeni məzmun gətirib. Son illərdə klassik irsin yenidən dəyərləndirilməsi, səhnə və ekran əsərlərinə müasir baxışların tətbiqi diqqətəlayiq istiqamətlərdən biridir. Hazırlanan layihələrdə həm dövrün aktual çağırışları, həm də milli-mənəvi dəyərlərin, tariximizin və mədəniyyətimizin təbliği xüsusi önəm daşıyır. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının, Fikrət Əmirovun "Nəsimi dastanı” baleti və “PAŞA Bank”ın dəstəyi ilə yenidən bərpa olunan və müasir səhnə estetikasına uyğunlaşdırılan “Koroğlu” tamaşasına münasibətdə də bu amilləri görmək mümkündür. Çünki mədəniyyət sahəsində yaradılan məhsullar təkcə estetik zövqü deyil, həm də ictimai yaddaşı və milli kimliyi möhkəmləndirən mühüm vasitədir. 

“Koroğlu” operasını rəsmilər, Milli Məclisin deputatları, tanınmış mədəniyyət və elm xadimləri, ictimaiyyət nümayəndələri və operasevərlər izləyiblər.

Səhnə əsəri Əməkdar incəsənət xadimi, rejissor Hafiz Quliyev tərəfindən hazırlanıb. Orkestrin dirijoru Mustafa Mehmandarov, tamaşanın quruluşçu rəssamı SSRİ Xalq rəssamı Tahir Salahov, rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri SSRİ Xalq artisti Qəmər Almaszadə, repetitorlar Xalq artisti Mədinə Əliyeva və Əməkdar artist Yuri Lobaçevdir.

Üçpərdəli, 5 şəkilli tamaşada Azərbaycanın aparıcı səhnə ustaları iştirak ediblər. Əsərin baş qəhrəmanı Koroğlu (Rövşən) obrazını dünyaşöhrətli tenor, Xalq artisti Yusif Eyvazov canlandırıb. Nigar rolunda Əməkdar artisti İlahə Əfəndiyeva, Həsən xan obrazında isə Əməkdar artist Cahangir Qurbanov çıxış ediblər.
Ehsan paşa – Fəhmin Əhmədli, İbrahim xan – Nazim Mahmudov, Həmzə bəy – Əməkdar artist Fərid Əliyev, Alı – Xalq artisti Əkrəm Poladov, kəndli Nadir və Eyvaz rollarında isə Nəzər Bəylərov səhnədə olub.

Digər rolları isə Əməkdar artist Əliəhməd İbrahimov (Təlxək və Carçı), Hidayət Əliyev (Polad), Xalq artisti Fidan Hacıyeva (Xanəndə qız), Əməkdar artist Tural Ağasıyev və Məmmədhəsən Şəmmədov (Əyanlar) canlandırıblar.

Zəngin ifa tərkibi və yüksək səhnə mədəniyyəti ilə təqdim olunan tamaşa Üzeyir Hacıbəyli festivalının yaddaqalan anlarından olub. Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Nümayişin sonunda yaradıcı heyət səhnənin önünə gəlib, əsərin baş qəhrəmanını canlandıran Xalq artisti Yusif Eyvazov çıxış edib, tamaşaçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, ənənəvi musiqi bayramı bu il milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin (1885-1948) 140 illik yubileyi ilə yadda qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3 fevral 2025-ci il tarixində dahi bəstəkarın yubileyi haqqında Sərəncam imzalanıb.

Türk Mədəniyyəti və İrsi Fondu ilə ICESCO-nun dəstək verdiyi festival bu il də bir sıra ölkələrdən (Türkiyə, Portuqaliya ,ABŞ, Almaniya, Fransa, İsveçrə, Koreya Respublikası və s.) tanınmış ifaçı və kollektivləri, musiqişünasları bir araya gətirib.

Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı tarixində ilk dəfə olaraq builki musiqi bayramının tədbirləri paytaxtımızdan əlavə ölkəmizin 10-dan çox şəhər və rayonunu da əhatə edib. Eləcə də bu çərçivədə unudulmaz bəstəkarın musiqi əsərləri əsasında konsert və müvafiq tədbirlər xarici ölkələrdə də rellaşdırılıb.

 

 




 


Избранный
34
9
demokrat.az

10Источники