Ajans.az xəbər verir ki,hadisə zamanı kilsədə yüzlərlə insan ibadətdə iştirak edirdi. 40 yaşlı Tomas Yakob Sanford, keçmiş dəniz piyadası, pikap avtomobili ilə Flint şəhəri yaxınlığındakı Grand Blanc qəsəbəsində yerləşən kilsəyə çırpılıb, daha sonra avtomobildən çıxaraq atəş açmağa və kilsəni yandırmağa başlayıb. O, hadisə yerinə gələn polis tərəfindən ölümcül güllə yarası alaraq zərərsizləşdirilib. Hücum yerli vaxtla səhər saat 10:25 radələrində baş verib. Grand Blanc Polis Departamentinin rəisi Uilyam Renye bildirib ki, Sanford pikapın yük yerində iki Amerika bayrağı qaldırılmış vəziyyətdə kilsəyə yaxınlaşıb və avtomobildən çıxaraq atəş açmağa başlayıb. ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcılar Bürosunun rəsmisi Ceyms Dier bildirib ki, hücumçu yanğın törətmək üçün qazdan istifadə edib və onun üzərində partlayıcı qurğular da aşkarlanıb. Lakin həmin qurğulardan istifadə olunub-olunmadığı hələlik məlum deyil. Polis rəisi Renyenin sözlərinə görə, ilk 911 zəngi daxil olduqdan 30 saniyə sonra hüquq-mühafizə orqanları hadisə yerində olub. Sanford kilsəni tərk etdikdən sonra iki polis əməkdaşı tərəfindən təqib olunub və təxminən səkkiz dəqiqə sonra atəşlə zərərsizləşdirilib. Renye bildirib ki, hücum zamanı kilsə icmasının üzvləri, xüsusən valideynlər, uşaqları qoruyaraq təhlükəsiz zonalara aparıblar. Kilsə binası tamamilə yanaraq xarabalığa çevrilib və yanğının söndürülməsi saatlarla davam edib. Dağıntılar altında iki cəsəd tapılıb və axtarış işləri zamanı daha çox qurbanın aşkar olunacağı istisna edilmir. Hadisənin istintaqına Federal Təhqiqat Bürosu (FTB) rəhbərlik edir. FTB-nin məsul xüsusi agenti Ruben Coleman bildirib ki, bu hadisə “məqsədli zorakılıq aktı” kimi qiymətləndirilir. Polis rəsmiləri əlavə ediblər ki, hadisədən sonra bölgədəki digər kilsələrə də bomba hədələri daxil olub. Miçiqan ştat polisinin leytenantı Kim Vetter bildirib ki, bu hədələrlə bağlı araşdırmalar aparılır, lakin heç bir bomba tapılmayıb. Yaralanan səkkiz nəfərdən birinin vəziyyəti kritik, digərlərinin isə sabit olduğu bildirilib. Rəsmilər bir neçə nəfərin hələ də xəbərsiz olduğunu qeyd etsələr də, dəqiq say açıqlanmayıb.