RU

“11 mindən çox hərbçimizin həyatda qalması həkimlərimizin fədakarlığı sayəsindədir” ƏDALƏT VERDİYEV

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Vətən Müharibəsi zamanı qələbənin əldə olunmasında tibb işçilərinin də böyük fədakarlığı olub. Əməliyyatlar zamanı ümumilikdə 159 tibb işçisi yaralanıb, onlardan 9 həkim, 7 feldşer və 26 sanitar isə şəhidlik zirvəsinə ucalıb.

Ağdam, Füzuli, Tərtər, Goranboy, Naftalan, Şəmkir, Ağcabədi, Gəncə, Bərdə və Yevlax xəstəxanalarının kollektivləri könüllü olaraq cəbhə bölgəsində yerləşən hərbi və mülki təyinatlı tibb müəssisələrinə yollanaraq yaralı əsgərlərin həyatda qalması üçün əllərindən gələni ediblər”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib:

“Məhz bu qəhrəman həkimlərimizin sayəsində Azərbaycan Ordusunun 11 100 nəfər yaralı hərbçisi bu gün həyatda qalmaqdadır.

20 sentyabr tarixində Ermənistan tərəfindən cəbhə boyu bütün ərazilərə endirilən artilleriya zərbələri nəticəsində bir çox tibb müəssisələri də zərər görüb. Buna baxmayaraq, həkimlər yaralılarla birlikdə cəbhə xəttindən digər ərazilərə köçürülərək fəaliyyətlərini davam etdiriblər.

Füzuli Rayon Xəstəxanası 2008-ci ildən Zobucuq qəsəbəsində fəaliyyət göstərirdi və cəmi 25 çarpayıdan ibarət idi. Lakin düşmən təxribatlarının başladığı ilk gündən 40 xəstə ilə birlikdə onlar Böyük Bəhmənli ərazisinə köçürüldülər. Müharibənin ilk günündə 78 yaralı xəstəxanaya qəbul edilib, sonrakı günlərdə isə yaralıların sayı daha da artıb. Ümumilikdə, təkcə Füzuli Rayon Xəstəxanasına 5 mindən çox yaralı qəbul olunub.

Müharibənin sonuna qədər cəmi 6 nəfər ağır yaralı həyatını itirib. Bu itkilər əsasən müharibənin son günlərində qeydə alınıb. Yaralıların bir qismi uzaq məsafələrdən – məsələn, Şuşa və ətraf kəndlərdən gətirilirdi. 100 kilometrdən artıq məsafəni çətin yol şəraitində qət edən ağır yaralıların vəziyyəti daha da ağırlaşırdı ki, nəticədə onların həyatını xilas etmək mümkün olmurdu”.

Ekspert fikirlərinə davam edərək vurğulayıb ki, yaralıların ən çox qəbul edildiyi xəstələr cənub istiqamətində yerləşirdi.

“Buraya Füzuli Rayon Xəstəxanası, həmin ərazidə fəaliyyət göstərən hərbi qospital və Diaqnostika Mərkəzi aid edilirdi. Ümumilikdə bu istiqamətdə 10 mindən çox yaralıya tibbi yardım göstərilib və onların böyük əksəriyyəti həyatda qalıb.

Yaralıların əsas hissəsi qəlpə yaraları almışdı, yalnız təxminən 5%-i güllə yarasından əziyyət çəkirdi. Həmçinin, 2 mindən çox şəhidimiz Füzulinin Əhmədbəyli məscidində yuyulub, kəfənlənərək ailələrinə təhvil verilirdi. Bu baxımdan Əhmədbəyli məscidinin fəaliyyəti xüsusi qeyd olunmalıdır.

Bəzi günlərdə, xüsusilə dumanlı və çiskinli havalarda itkilər və yaralıların sayı daha çox olurdu. Lakin həkimlərimizin yüksək peşəkarlığı və fədakarlığı nəticəsində bu gün 11 mindən çox qazimiz həyatdadır. Buna görə həm hərbi, həm də mülki həkimlərimizin əməyi xüsusi təşəkkürə layiqdir”-deyə ekspert əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
icma.az

1Источники