RU

Buça qətliamını onlar törədib - ADLAR/FOTO

Böyük Britaniyanın nüfuzlu "Sunday Times" qəzeti Ukraynanın Buça şəhərində törədilən hərbi cinayətlərdə adı hallanan 13 rus zabitinin kimliyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, nəşrin məlumatına görə, onların adları müstəqil hüquqşünaslar və araşdırmaçılar tərəfindən açıq mənbələr əsasında müəyyən edilib.

Məlumatları Ukrayna xüsusi xidmət orqanları da təsdiqləyib.

Ukrayna Prokurorluğu həmin şəxslərdən səkkizinə dair rəsmi sənədlər təqdim edib. Bu sənədlər onların Ukrayna məhkəmələrində və Beynəlxalq Cinayət Məhkəməsində mümkün cinayət təqibinə başlanması üçün ilkin addım hesab olunur.

Daha beş zabitin adı isə onların tabeliyində xidmət edən hərbçilərə verilmiş bildirişlər və açıq rus hərbi arxivləri ilə müqayisə yolu ilə müəyyənləşdirilib.

Ümumilikdə həmin zabitlərin tabeliyində olan 80-dən çox əsgər artıq Buçada törədilən cinayətlərdə şübhəli şəxs qismində tanınıb.

Cenevrə konvensiyalarına əsasən, hərbi cinayət törədən sıravi əsgər məsuliyyət daşıdığı kimi, onun komandiri də məsuliyyətdən kənarda qala bilməz. Beynəlxalq məhkəmədə zabitə qarşı ittiham irəli sürmək üçün prokurorlar sübut etməlidirlər ki, o, tabeliyindəki şəxslərin cinayət törətdiyini bilib və ya bilməli idi, lakin bunun qarşısını almaq üçün tədbir görməyib.

Rusiya hakimiyyəti isə hələlik "Sunday Times"ın araşdırmasına münasibət bildirməyib.

Xatırladaq ki, Buça qətliamı 2022-ci ilin martında Rusiya ordusunun Kiyev vilayətindəki Buça şəhərini tərk etməsindən sonra üzə çıxıb. Şəhərdə 450-dən çox mülki şəxsin meyiti tapılıb, onların çoxu güllələnmiş, işgəncə izləri daşıyan, bəziləri isə küçələrdə, kütləvi məzarlıqlarda aşkarlanmışdı. Hadisə müharibə cinayəti kimi qiymətləndirilir.



Bizim.Media

Избранный
5
2
bizim.media

3Источники