RU

Məktub yetişdi

"Məktəbli Əsmanın biz döyüşçülərə yazdığı məktub silahdan da güclü idi"

27 sentyabr 2020-ci il tariximizin səhifəsinə böyük hərflərlə yazılıb. Çünki həmin il, həmin ay, həmin gün - 28 ildən sonra erməni təxribatı nəticəsində Qarabağın azadlığı uğrunda döyüşlər yenidən başladı. Atəşkəsin davam etdiyi illərdə susan silahlar bir an içində od püskürdü. Gurlayan mərmilərin, güllələrin səsi yeri-göyü titrətdi. Müharibənin başladığını eşidən xalqın cəsur oğulları çağırış gözləmədən torpaqlarımızın müdafiəsinə qalxdılar.

İllərdən bəri ermənilərin işğalında qalmış torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda hamı bir nəfər kimi səfərbər oldu. İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə 30 ilə yaxın erməni qəsbkarlarının işğalında qalmış yurdumuzun azadlığı naminə döyüşənlər təkcə ön səngərdəki hərbçilər deyildilər. Arxa cəbhədəki insanların da ürəyi, qəlbi ön mövqelərdə torpaq uğrunda vuruşan əsgərlərin, zabitlərin yanında döyünürdü. Hər kəs öz cəbhəsində zəfər naminə, yurdumuzun xilası uğrunda döyüşürdü, illərdən bəri yağıların tapdağında inləyən Qarabağın və Şərqi Zəngəzurun azadlığı uğrunda döyüşürdü, Zəfər sevincinə təşnə kimi döyüşürdü, düşmənlərdən şəhidlərin  qisasını almaq amalı ilə döyüşürdü, Vətənin bütövlüyü uğrunda döyüşürdü!

İlıq payız günlərində qəflətən qapımızı nəriltisi, gurultusu ilə ikiəlli döyən müharibə qısa müddət ərzində xalqı yumruq kimi birləşdirdi. Bu yumruq nəyin bahasına olursa olsun, Qarabağa, eləcə də işğalda qalmış başqa şəhər və kəndlərimizə gedən yolları qara qüvvələrdən təmizləməli, düşmənə qalib gəlməli, erməniləri məğlub etməli, diz çökdürməliydi. Biz bu yerlərin əbədi-əzəli sahibi olduğumuzu dünyaya göstərməliydik. 

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə böyüklərlə bərabər, kiçiklər də özlərini döyüşlərdə hiss edirdilər. Həmişə gülümsər çöhrələrini gördüyümüz, şən səslərini eşitdiyimiz məktəblilər cəbhəyə kömək edənlərdən geri qalmırdılar. Onlar gücləri çatan qədər torpaq uğrunda vuruşan zabit və əsgərlərə kömək edir, mənəvi dəstək verirdilər. Kimi isti paltar, kimi şirniyyat göndərir, kimi də valideynlərindən pul alıb Silahlı Qüvvələrin Yardım Fonduna pul köçürürdü. Və bütün bunlar xalqın həsrətlə gözlədiyi Zəfər sevincini yaşamaq üçün idi. 

Amma məktəblilər yalnız cəbhəyə yardım göstərməklə kifayətlənmirdilər, bununla borclarını bitmiş hesab etmirdilər. Onlar həm də İkinci Qarabağ müharibəsində yurdumuzun azadlığı uğrunda vuruşan zabit və əsgərlərimizin döyüş ruhunu daha da yüksəltmək üçün, vətənpərvərlik və Zəfər ovqatına köklənmələri üçün onlara xoş sözlərlə dolub-daşan məktublar yazırdılar. Şagirdlər əsgərlərə böyük sevgi ilə yazdıqları məktublarında Vətən uğrunda vuruşan döyüşçülərimizi yeni-yeni zəfərlərə, parlaq qələbələrə ruhlandırırdılar. Yurdunu göz bəbəyi kimi qoruyan zabit və əsgərlərə qələbə dolu döyüşlər, zəfərlər qazanmağı arzulayırdılar. Bir-birindən mənalı və dəyərli sözlərlə onlara qol-qanad verirdilər. Arzulayırdılar ki, hərbçilərimiz yaxın günlərdə erməni qəsbinə son qoyub düşmənləri məhv etsinlər, 30 ilə yaxın müddətdə işğalda qalmış torpaqlarımızı azad edib xalqımıza qələbə müjdəsi versinlər. 

Vətən torpaqlarının azadlığı uğrunda müharibənin davam etdiyi günlərdə yurdumuzu azad etmək üçün cəbhədə böyük hünər və qəhrəmanlıq göstərən, qəsbkarlara qan udduran, yağıları illərdən bəri möhkəmləndikləri mövqelərdən vurub çıxaran hərbçilərə məktub yazan şagirdlərdən biri də Bakı Avropa Liseyində oxuyan 5-ci sinif şagirdi Əsma Tağıyeva idi. Başqa məktəblilər kimi Əsmanın da kiçicik ürəyi həmin günlər Vətən torpaqlarının azadlığı uğrunda vuruşanların yanında idi. Yaşı az olsa da, Əsma məktəbdə keçirilən müxtəlif anım tədbirlərində ermənilərin Qarabağda azərbaycanlılara qarşı törətdikləri Xocalı faciəsindən, eləcə də başqa qanlı hadisələrdən çox eşitmişdi. Belə anım mərasimlərində iştirak etdikcə, zərrə-zərrə ürəyinə düşmənə qarşı nifrət sızmışdı. Əsma xalqımıza faciə yaşadanları həmişə lənətləyirdi. İstəyirdi ki, Azərbaycan əsgəri düşməndən qisas alsın. Buna görə də cəbhədə ermənilərlə vuruşan döyüşçülərə məktub yazırdı. Ürəyindən keçirdi ki, hərbçilərimiz bu savaşda Zəfər çalsın, erməniləri torpaqlarımızdan qovsun. 

Əsmanın atası İsmayıl Tağıyev hərbçi idi. O da qanlı döyüşlər gedən günlərdə zabit kimi  üzərinə düşən döyüş tapşırıqlarını bacarıqla, peşəkarlıqla yerinə yetirirdi.  Silaha sarılaraq Vətən uğrunda qələbəmiz naminə vuruşurdu. Vuruşurdu ki, cəbhələrdən ailəsinin, qızı Əsmanın yanına zəfərlə, başıuca, alnıaçıq qayıtsın. 

Əsma Tağıyeva yurdumuzu ermənilərdən azad edəcək hərbçilərə göndərdiyi məktubunda onlara müraciət edərək əvvəlcə özünün oxuduğu məktəbin adını qeyd etmiş, sonra ürək sözlərinə geniş yer verərək yazmışdı: "Əziz əsgərlər, mən Bakı Avropa Liseyində oxuyuram. İndi məktəbimizdə hamı Vətən müharibəsindən danışır. Cəbhələrdən xəbər tutmaq üçün radioya qulaq asır, televiziyadakı verilişləri izləyirik. Şükürlər olsun ki, hər gün cəbhədən xoş xəbərlər eşidirik. Eşitdiyimiz ilk qələbə müjdələri bizi çox sevindirir. O gün xəbərlər proqramına baxarkən eşitdik ki, Cəbrayıl rayonunun mərkəzini ermənilərdən azad etmisiniz. Bu qələbə münasibətilə sizi təbrik edir, uğurlar arzulayırıq. Əziz zabitlər və əsgərlər, hər dəfə sizin qələbələrinizi eşidəndə üzümüz gülür, ürəyimiz açılır. Bilirik ki, siz düşməndən qat-qat güclüsünüz, qüdrətlisiniz. İnanırıq ki, tez bir zamanda uzun illərdən bəri ermənilərin əsirliyində qalmış Qarabağımızı bu qaniçənlərdən azad edəcəksiniz. Biz hamımız sizinlə fəxr edirik, öyünürük. Atam İsmayıl Tağıyev də zabitdir. O da hazırda Cəbrayıl rayonunun azadlığı uğrunda vuruşur, erməniləri torpaqlarımızdan qovur. Sinif yoldaşlarımın hamısı əsgərlərə məktub yazır. Biz də sizin üçün, Vətənimizin gələcəyi üçün dərslərimizi yaxşı oxuyuruq. Tənəffüsə çıxanda hamımız bir yerə yığışıb uca səslə: "Qarabağ Azərbaycandır! Qarabağ bizimdir, bizim olacaq!" - deyirik. Yəqin ki, uzaq da olsa, siz orada bizim səsimizi eşidirsiniz. Biz sizə güvənirik, biz sizə inanırıq. İnanırıq ki, siz işğal olunmuş torpaqlarımızın hamısını ermənilərdən azad edəcəksiniz. Bir qarış da olsun torpağımız düşmənlərə qalmayacaq. Siz qalib əsgər kimi ölkəmizin paytaxtına geriyə dönəndə, mən də sizi gül-çiçəklə qarşılayanların sırasında olacam! Sevinə-sevinə sizə əl edəcəm. Sizə qarşıdakı döyüşlərdə uğurlar və qələbələr arzulayıram. Qollarınıza qüvvət, əziz əsgərlər! Erməniləri qovub çıxardın torpaqlarımızdan. Biz sizdən yalnız və yalnız qələbə gözləyirik!"

Ürək sözlərini səliqə ilə yazıb qurtarandan sonra Əsma məktubunun ağ saxladığı yerində Azərbaycan bayrağını əlində möhkəm tutmuş qəhrəman Azərbaycan əsgərinin  rəsmini çəkmişdi. Yanında isə ordumuza, xalqımıza mənəvi dəstək verən Türkiyə Cümhuriyyətinin bayrağını təsvir etmişdir. Azərbaycan zabitini, Azərbaycan əsgərini qalib görmək istəyən balaca Əsma yazdıqlarını bir də təkrar-təkrar oxuyub vərəqi məktubun içinə qoyduqdan sonra zərfin üzərinə bu sözləri yazmışdı: "Əsmadan əsgərlərə! Biz həmişə sizinləyik!" 

Məktəbli Əsmanın ürək çırpıntısı ilə, böyük sevgi ilə torpaq uğrunda vuruşan hərbçilərimizə yazdığı bu məktubu səfərbərlikdən döyüşlərə çağırılmış əsgər Sənan Rəşidli Murovdağ istiqamətində vuruşarkən almışdı. Beşinci sinif şagirdinin əsgərlərə göndərdiyi məktubu əvvəlcə özü oxumuş, sonra isə uca səslə bölükdəki əsgərlərə oxumuşdu. 12 yaşlı məktəbli qızın yazdıqları onların vətənpərvərlik hisslərini daha da coşdurmuş, düşmənə olan nifrət və qisas hissini daha da artırmışdı. 

Sənan Əsmanın məktubunu oxuduqdan sonra bir kənara atmamış, onu səliqə ilə qatlayıb cibinə qoymuşdu. Qoymuşdu ki, onu Vətən müharibəsindən yadigar saxlasın. Sağ qalıb şəhərə yolu düşəndə həmin balaca qızcığazın oxuduğu məktəbə gedib onunla görüşsün. Hərbçilərə belə dərin məzmunlu, qələbələrə ruhlandırıcı məktub yazdığına görə minnətdarlığını çatdırsın. 

Gözlənildiyi kimi, İkinci Qarabağ müharibəsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında qələbə ilə başa çatdı. 44 günlük Vətən müharibəsində silahlı qüvvələri ordumuz tərəfindən darmadağın edilmiş Ermənistan üçtərəfli Bəyanata imza atdı və işğalçılıq müharibəsini dayandırmağa məcbur oldu. 

Ehtiyatdan çağırılmış başqa hərbçilər kimi, Sənan Rəşidli də 2020-ci ilin son günlərində ordu sıralarından ehtiyata buraxıldı. Yeni ili evlərində qələbə ovqatı ilə qarşılayan Sənan Əsmanın məktubunu da özü ilə gətirmişdi. Məktəbli qızın məktubunu Vətən müharibəsindən ən dəyərli bir yadigar kimi saxlamaq istəyirdi. O, yeri düşdükcə beşinci sinif şagirdinin döyüşçülərə yazdığı məktubu dost-tanışlara göstərirdi. Hamı da məktubu maraqla oxuyurdu.

Vaxt yavaş-yavaş ötüb keçirdi. Cəbhədən Zəfərlə qayıdan Sənan gündəlik işləri ilə məşğul idi. Nəhayət, Sənan günlərin birində ürəyində gəzdirdiyi bu istəyi yerinə yetirdi - bir yaz günü Əsmanın təhsil aldığı Bakı Avropa Liseyinə gedərək onunla görüşdü. Bu münasibətlə təhsil ocağında maraqlı tədbir keçirildi. Artıq Əsma bir yaş böyümüşdü, 6-cı sinifdə oxuyurdu.

Məktəbdə keçirilən həmin görüşdən söz açmazdan əvvəl istərdik ki, əsgər Sənan Rəşidlini oxuculara bir az yaxından tanıdaq. Sənan 1995-ci ildə Oğuzun Tərkəş kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2017-2018-ci illərdə "N" saylı hərbi hissəsində xidmət edib. Keçirilən təlim-məşqlərdə fəal iştirak edərək artilleriya qurğusunun sirlərinə dərindən yiyələnib. Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirdikdən sonra Sənan ixtisasına uyğun müxtəlif sahələrdə çalışıb. Səmimiliyi, xeyirxahlığı, mehribanlığı və peşəkarlığı ilə seçilib.

Erməni qəsbkarlarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda Sənan Rəşidli də ilk günlərdən könüllü olaraq döyüşlərə yollanıb, Murovdağ istiqamətində gedən döyüşlərdə ön sıralarda vuruşub. Cəsarəti, hünəri və igidliyi ilə düşməndən Vətənin qisasını alıb, "Kəlbəcərin azad olunmasına görə" medalına layiq görülüb.

Sənan üçün döyüşlər zamanı məktəbli Əsmanın yazdığı məktub çox təsirli olub. Onunla söhbətə də elə Əsmanın məktubundan cığır saldıq. Sənan həmin günü xatırlayaraq dedi: 

- Döyüşlərin gərgin vaxtları idi. Addım-addım erməniləri torpaqlarımızdan sıxışdırıb çıxarırdıq. Döyüşlər bir an olsun belə, səngimirdi. Növbəti dəfə silah-sursat gətirmək üçün məntəqəyə getmişdik. Qısa zaman ərzində bizə lazım olan hərbi yükləri götürüb geri qayıtmağa hazırlaşdıq. Bu vaxt təminat işlərinə baxan yüksəkrütbəli hərbçilərdən biri bizə yaxınlaşıb dedi ki, məktəblilər əsgərlərə məktub yazıb göndəriblər. Bu məktubları da aparıb döyüşçülərə paylayın. Qoy onlar bu məktubları  oxusunlar. Çünki hazırkı vaxtda bu məktublar da bir silahdır. Bəlkə silahdan da güclüdür. Yəqin ki, məktəblilərin yazdığı sözlər, fikirlər əsgərlərimizin döyüş ruhunu daha da yüksəldəcək, onları növbəti qələbələrə ruhlandıracaq. Yüksəkrütbəli hərbçinin tapşırıqlarını yerinə yetirdik. Məktəblilərin məktublarını əsgərlərə payladıq. Şagirdlərdən birinin məktubunu da özüm götürüb oxudum. Bu, Əsmanın məktubu idi. 

Sözünə davam edən Sənan dedi ki, məktəbli qızın məktubunu müharibədən bir xatirə kimi saxlamaq qərarına gəlib: "Düşündüm ki, onu muzeylərdən birinə hədiyyə edərəm. Vətən müharibəsindən bəhs edən hər söz, hər cümlə tarixdir, dəyərli bir əmanətdir. Hamımız bu tarixin ən kiçik parçalarını qoruyub saxlamalıyıq. Saxlamalıyıq ki, gələcək nəsillər İkinci Qarabağ müharibəsində qələbəyə xidmət edən ən kiçik hadisəni, ən xırda detalı dərindən bilsinlər, onu ətraflı öyrənsinlər. Həyatlarının bütün anlarında zabit və əsgərlərimizin qəhrəmanlığından nümunə götürsünlər. Müharibədən qayıtdıqdan bir müddət sonra ürəyimdən keçdi ki, Bakıya gedəndə Avropa Liseyini axtarıb tapım, məktubu mənim qismətimə düşmüş Əsma ilə görüşüm. Nəhayət, günlərin birində ölkəmizin paytaxtına gəlməli oldum. Liseyin direktoru ilə telefonla danışıb tanışlıq verdim, Əsma ilə görüşmək istədiyimi bildirdim. Məktəbin rəhbərliyi təşəbbüsümü hörmətlə qarşıladı.  Görüş üçün ertəsi günə vaxt təyin etdi. Deyilən vaxt Bakı Avropa Liseyinə getdim. Məktubu da özümlə götürmüşdüm. Nədənsə çox həyəcanlı idim. Həmin dəqiqələr Murovdağın ətəklərində Əsmanın yazdıqlarını oxuduğum anlar yadıma düşdü. O gərgin vaxtlar heç ağlıma da gəlməzdi ki, bu qanlı müharibədən sağ-salamat çıxacam, məktubunu oxuduğum qızcığazın təhsil aldığı məktəbə gedəcəm, onunla görüşəcəm. Yəqin ki, heç Əsma da döyüşçülərə məktub yazıb göndərəndə bunları ağlına gətirməmişdi. Fikirləşməmişdi ki, od-alovun içində məktubunu oxuyan əsgər onunla görüşmək üçün təhsil aldığı məktəbə gələcək. Əvvəlcə bizi liseyin rəhbərliyi ilə tanış etdilər. Sonra birlikdə Əsmanın təhsil aldığı sinfə getdik. Həmin anlar həyəcanım bir az da artdı. Nə isə, Əsma ilə görüşüb tanış oldum. O, arıq, gülümsər bir qız idi. Məktubu yazdığı vaxtdan bəri bir yaş da böyümüşdü. İçəridəki bütün şagirdlərlə, müəllimlə görüşdüm. Əsmanın məktubunu hansı şəraitdə aldığımı, oxuduğumu şagirdlərə, müəllimlərə danışdım. Sonra yazdığı məktubu məktəbli qızın özünə verdim ki, oxusun. Əsma uca səslə əsgərlərə yazdıqlarını sinif yoldaşlarına  oxudu. Bu anlar onun çöhrəsində təbəssüm dolaşırdı, gözlərində sevinc parlayırdı. Belə sevincli anlarda yəqin ki, Əsma özünü dünyanın ən xoşbəxt bəndəsi hesab edirdi.

Görüş başlayandan bir az sonra Əsmanın atası zabit İsmayıl Tağıyev də sinfə gəldi. Onunla da görüşüb tanış olduq. Söhbət zamanı öyrəndik ki, zabit İsmayıl Tağıyev də 44 günlük Vətən müharibəsində əvvəldən-sonadək iştirak edib. Döyüşlərdə göstərdiyi igidliyə, cəsarətə görə "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medallarına layiq görülüb. Məktəbdə keçirilən bu görüş, bu tanışlıq mənim üçün yaddaqalan oldu. Həmin anlar sevincim yerə-göyə sığmırdı. Hiss edirdim ki, Əsma da bu görüşdən, bu tanışlıqdan çox sevinir. Fürsətdən istifadə edib iştirakçısı olduğum döyüşlərdən məktəblilərə ətraflı danışdım. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi igidlikdən, qəhrəmanlıqdan söz açdım. Müəllimlər və şagirdlərin suallarını cavablandırırdım. Bu təsadüfi və gözlənilməz görüş hamı üçün maraqlı oldu".

Söhbətinin sonunda Sənan Rəşidli dedi: "Vətən nə vaxt əmr eləsə, onun çağırışına, müdafiəsinə həmişə hazır olacam. Çünki Vətən torpaqları hər birimiz üçün müqəddəsdir, əzizdir. Onu qorumaq hər birimizin borcudur".

Vahid MƏHƏRRƏMOV, 

"Azərbaycan"

Избранный
129
azerbaijan-news.az

1Источники