RU

Xəzər rayonunda Anım günü ilə bağlı silsilə tədbirlər keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Anım Gününün təsis edilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi ilə bağlı Xəzər rayonunda silsilə tədbirlər keçirilib.

"Unikal" xəbər verir ki, tədbirlər çərçivəsində Xəzər rayonu, Buzovna və Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında gülqoyma mərasimi baş tutub və şəhid ailələri ilə görüş keçirilərək ailələrin qayğıları ilə maraqlanılıb.

Daha sonra 27 sentyabr- Anım gününün 5-ci ildönümünün qeyd olunması ilə bağlı anım tədbiri keçirilib.

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Şəhid ailələri, qazilər və müharibə iştirakçıları, din xadimləri, idarə  və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, ictimai birliklərin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Respublikanın Əməkdar artisti Ağalar Bayramov tərəfindən açıq elan edilib və Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İlk olaraq Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının, əlbəttə, Müzəffər Ali Baş Komandanımızın sərkərdə məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə vurğulayıb, həmçinin ordumuz tərəfindən Qarabağdakı erməni terrorçularını zərərsizləşdirmək üçün antiterror əməliyyətlarında qazanılan uğurlardan söhbət açıb. E.Salahov Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağını, onların adlarının daim uca tutulacağını qeyd edərək Xəzər Rayon İcra Hakimiyyəti olaraq hər zaman şəhid ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılaraq problemləri ilə daim yaxından maraqlanıldığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı Gülşən Paşayeva və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıb, həmçinin qalib Azərbaycan ordusunun keçdiyi tarixi yolundan və Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin ordu quruculuğu ilə bağlı xidmətlərini vurğulayıblar.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı və şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov çıxış edərək Vətən müharibəsində xüsusi şücaət göstərərək şəhid olanların ailə üzvlərinə və qazi olanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra Binə qəsəbəsi, 149 nömrəli tam orta məktəbin şagirdləri və Respublikanın Əməkdar artisti Ağalar Bayramov tərəfindən Vətən Müharibəsi şəhidlərinin xatirəsinə şeirlər səsləndirilib.

Daha sonra Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Избранный
8
50
unikal.az

10Источники