Məlum həqiqətdir ki, müstəqillikdən sonra Azərbaycan iqtisadiyyatı əsasən neft və qaz sektorundan asılı olub. Bu, ölkəyə böyük maliyyə gəlirləri qazandırsa da, dünya bazarında enerji qiymətlərinin dəyişkənliyi iqtisadi sabitliyi risk altına alırdı. Buna görə də iqtisadiyyatın şaxələndirilməsi, yəni qeyri-neft sektorunun inkişafı Azərbaycanın qarşısında duran əsas prioritetlərdən biri oldu. Çünki şaxələndirmə yalnız iqtisadi sabitlik deyil, həm də sosial rifah, məşğulluq və regional inkişaf üçün mühüm amildir.
Ötən dövr ərzində Azərbaycan bu istiqamətdə mühüm nailiyyətlərə imza atəb. Bu məsələyə prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı geniş toxunub: “Azərbaycan neft və qaz sektorundan əlavə, iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olub. Yoxsulluğun və işsizliyin tarixi minimum həddə – 5 faizə endirilməsi ölkəmizin daha bir nailiyyətidir. Bu yaxınlarda iki aparıcı beynəlxalq reytinq agentliyi (“Moody’s” və “Fitch”) Azərbaycanın reytinqini artırdı. Çox güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas güclü tərəflər kimi göstərilməklə, Azərbaycana sərfəli investisiya dərəcəsi verildi. Bu, ölkəmizdə iqtisadi dayanıqlılığın, güclü fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir. Xarici borcumuz ÜDM-in cəmi 6,5 faizini təşkil edir ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Azərbaycanın valyuta ehtiyatları xarici borcumuzdan təxminən 16 dəfə artıqdır”. Real vəziyyətin təhlili bir daha göstərir ki, Azərbaycan neft ixracatçısı ölkə kimi qlobal enerji bazarında öz mövqeyini qoruyub. Lakin neftin qiymətindəki enişlər büdcə gəlirlərinə birbaşa təsir göstərir. Bu risklərin qarşısını almaq üçün qeyri-neft sənayesi, kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika və rəqəmsal texnologiyalar sahələrinin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərinə çevrilib. Elə prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, iqtisadiyyatın dayanıqlılığı yalnız şaxələndirmə yolu ilə təmin edilə bilər. Son illərdə ölkədə sənaye parkları və sənaye məhəllələri yaradılıb. Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Mingəçevir Yüngül Sənaye Parkı kimi layihələr qeyri-neft sektorunda istehsal gücünü artırır. Bu müəssisələrdə kimya məhsulları, tekstil, tikinti materialları, elektronika kimi məhsullar istehsal olunur və həm daxili bazarın, həm də ixracın genişlənməsinə şərait yaradır. Azərbaycanın əlverişli iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün böyük potensial yaradır. Dövlət bu sahəyə subsidiyalar, texnika təminatı, güzəştli kreditlər və sığorta mexanizmləri ilə dəstək verir. Pambıqçılıq, üzümçülük, fındıqçılıq, çayçılıq və digər ənənəvi sahələr yenidən dirçəldilir. Həmçinin istixana təsərrüfatlarının artması tərəvəz və meyvə ixracını genişləndirir. Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya ilə yanaşı, artıq , Avropa və Yaxın Şərq bazarlarına çıxır.
Azərbaycanın coğrafi mövqeyi tranzit imkanlarını genişləndirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə logistika mərkəzinə çevrilir. Bakı-Tiflis-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və yeni avtomobil yolları regionda ticarət dövriyyəsini artırır. Bu, həm tranzit gəlirlərini artırır, həm də ölkənin iqtisadi şaxələndirməsinə mühüm töhfə verir. İqtisadiyyatın şaxələndirilməsində xarici sərmayələrin rolu böyükdür. Azərbaycan əlverişli vergi mühiti, azad iqtisadi zonalar və hüquqi islahatlarla investorlar üçün cəlbedici mühit yaradır. Qeyri-neft sektoruna yatırılan investisiyalar yeni texnologiyaların gətirilməsinə, iş yerlərinin açılmasına və ixracın genişlənməsinə şərait yaradır. Ölkənin sərmayə baxımından əlverişli məkan olmasını prezident İlham Əliyevin himayəsi altında Bakıda “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu da təsdiq etdi. Forum çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanıb. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarını keçir. “Daşkəsən Dəmir Filiz” MMC və “Fonte GreenMet Investments Fund OEIC Limited” investisiya şirkəti arasında imzalanan sazişə əsasən, yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmir istehsalı birgə müəssisənin yaradılması məqsədilə ölkəmizə 700 milyon dollar dəyərində xarici investisiya yatırılacaq. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi və istismarına dair dəyəri 407 milyon dollar olan və xarici investisiya hesabına maliyyələşdirilən Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi imzalanıb. İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” konsepsiyasının inkişafına dair imzalanan Əməkdaşlıq Müqaviləsi 5 milyard dollarlər investisiyanın Azərbaycana cəlbini özündə ehtiva edir. Bu kontekstdə Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zona yaradılacaq. İqtisadiyyat Nazirliyi ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında dövlət-özəl tərəfdaşlığı sahəsində potensialın artırılması, İqtisadiyyat Nazirliyi ilə “MAN Truck & Bus SE” və “Improtex Trucks & Buses” şirkətləri arasında Azərbaycanda elektrik avtobuslarının istehsalı, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi və “China Datang Overseas Investment Co” şirkəti arasında Azərbaycanda “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılmasına dair anlaşma memorandumları, AZPROMO və Dünya İqtisadi Forumu arasında Assosiativ Mərkəz Əməkdaşlıq Sazişi, Azərbaycan Biznesinin İnkişafı Fondu və “Basalt Group” MMC arasında “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC-yə dair Birgə İştirak Müqaviləsi, ABİF və “ARGS Holding” MMC arasında “AzerFloat” QSC-nin nizamnamə kapitalına investisiya qoyuluşuna dair Birgə İştirak Müqaviləsi, “EEL electric” MMC və “ABB Group” arasında Modulyar Panel Sistemlərinin Quraşdırılması üzrə Müqavilə imzalanıb. “See Breeze Resort” turizm zonası və “Crowne Plaza Hotels & Resorts by IHG”, “MEAIT and Rixos”, “Radisson Blue”, “Digital Residence”, “Sana Hospital Group”, “Don Agro Intl” kimi tərəfdaşlar arasında imzalanan anlaşma memorandumları ümumilikdə ölkəmizə 500 milyon dollar xarici investisiyanın cəlbini nəzərdə tutur. Onu da qeyd edək ki Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi artıq strateji seçim deyil, zərurətdir. Dövlət siyasəti, özəl sektorun təşəbbüsləri və beynəlxalq əməkdaşlıq bu prosesin uğurla həyata keçirilməsinə imkan yaradır. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının, turizmin, logistikanın və rəqəmsal iqtisadiyyatın inkişafı ölkəni enerji resurslarından asılılıqdan azad edir və uzunmüddətli dayanıqlı inkişaf üçün zəmin yaradır.
Nahid SALAYEV