Afsəddin Nəbiyev: “Bu, uzun müddətdir ləngiyən prosesin artıq yekunlaşmaq üzrə olduğuna işarədir”
Azərbaycan və İran arasında Rəşt-Astara dəmir yolu layihəsi üçün torpaq sahələrinin alınması bu ilin sonunadək tamamlanacaq. Bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq məlumat verib.
Onun sözlərinə görə, bu məsələ Tehranın strateji mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır və İran Prezidenti Məsud Pezeşkian dəhlizlərin bərpasına xüsusi önəm verir. Nazir bildirib ki, dəmir yolunun təxminən 10 kilometrlik hissəsinə səfəri zamanı ümidverici məlumatlar əldə edib və yaxın vaxtlarda prezidentə hesabat təqdim edəcək. Fərzanə Sadiq onu da qeyd edib ki, Bakıda keçiriləcək Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüşdə əsas müzakirə mövzularından biri Rəşt-Astara dəmir yolu olacaq, həmçinin yüklərin daşınması ilə bağlı razılaşmaların da davam etdiriləcəyi gözlənilir.
Belə məlum olur ki, Pezeşkian prezident seçiləndən sonra Şimal-Cənub Nəqliyyat Dəhlizinin son halqası olan Rəşt-Astara dəmir yolunun tikintisi sürətləndiriləcək. Hesab etmək olarmı ki, Tehran, əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə dəmir yolunun tez ərsəyə gəlməsinə laqeyd yanaşmayacaq?
“Həm İranın yeni siyasi iradəsi, həm Rusiyanın iqtisadi maraqları, həm də Azərbaycanın tranzit potensialı nəzərə alındıqda...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bu, uzun müddətdir ləngiyən prosesin artıq yekunlaşmaq üzrə olduğuna işarədir: “Nazirin sözlərinə görə, məsələ Tehranın strateji mövqeyindən irəli gələn ciddi əhəmiyyət daşıyır və Prezident Məsud Pezeşkian dəhlizlərin bərpasına xüsusi önəm verir. Fərzanə Sadiq dəmir yolunun təxminən 10 kilometrlik hissəsinə səfəri zamanı ümidverici mənzərə gördüyünü, əldə olunan nəticələrlə bağlı tezliklə dövlət başçısına hesabat verəcəyini də açıqlayıb. Burada indiyə qədər gecikmənin əsas səbəbi torpaqların alınmasıdır. Mətbuatda gedən xəbərlərə görə, yaxın vaxtlarda Bakıda Azərbaycan, İran və Rusiya arasında keçiriləcək üçtərəfli görüşdə dəmir yolunun gedişi əsas müzakirə mövzusu olacaq. Bununla yanaşı, yükdaşımalarla bağlı yeni razılaşmaların da əldə ediləcəyi gözlənilir. Bu, layihənin yalnız texniki deyil, həm də regional əməkdaşlıq müstəvisində prioritet hesab olunduğunu göstərir. Müşahidələr göstərir ki, Prezident Məsud Pezeşkianın seçilməsindən sonra İran hökuməti bu dəhlizə əvvəlki dövrlərlə müqayisədə daha həssas və məsuliyyətli yanaşır. Əgər keçmişdə torpaq məsələləri, maliyyələşmə və texniki gecikmələr səbəbindən layihə yubanırdısa, indi Tehran tərəfindən iradə və praktiki addımlar görünür. Bu, dəhlizin tezliklə reallaşacağına dair inamı artırır. Digər tərəfdən, Rusiyanın maraqları da bu prosesdə həlledici rol oynayır. Moskva üçün Rəşt-Astara xətti Fars körfəzi limanlarına, Yaxın Şərq bazarlarına, oradan isə Afrika istiqamətinə birbaşa çıxış deməkdir. Rusiya bu layihəni öz logistik şəbəkəsinin genişlənməsi və ixrac potensialının artması üçün həyati vacib hesab edir. Ona görə də həm maliyyələşmədə, həm də mütəxəssis dəstəyi ilə prosesdə aktiv iştirak edir. Azərbaycan da öz ərazisində Şimal-Cənub dəhlizi üzrə infrastrukturun təkmilləşdirilməsi istiqamətində böyük işlər görür. Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulması, yeni körpülərin istifadəyə verilməsi və yolun mərhələli şəkildə müasirləşdirilməsi bu kontekstdə strateji addımlardır. Beləliklə, həm İranın yeni siyasi iradəsi, həm Rusiyanın iqtisadi maraqları, həm də Azərbaycanın tranzit potensialı nəzərə alındıqda, Rəşt-Astara dəmir yolunun yaxın illərdə sürətlə inşa ediləcəyinə inanmaq üçün kifayət qədər əsas var. Bu xətt yalnız üç ölkəni deyil, bütövlükdə regionu yeni iqtisadi imkanlara bağlayacaq”.
Vidadi ORDAHALLI