RU

Hakim süni intellektin rəyinə kor-koranə İNANA BİLMƏZ- VƏKİLDƏN AÇIQLAMA

Ajans.az mövzunu ətraflı araşdırıb.  Məsələ ilə bağlı vəkil Asim Abbasov Ajans.az-a açıqlama verib.  Vəkil söyləyib ki, məhkəmədə sübut – hər hansı faktın doğru və ya yanlış olduğunu göstərən məlumatdır. Bu məlumat şahid ifadəsi, sənəd, şəkil, video və ya ekspert rəyi şəklində ola bilər. Süni intellekt də müəyyən hallarda rəy verərək məhkəmə üçün əlavə məlumat mənbəyi ola bilər. Süni intellektin əsas üstünlüyü ondan ibarətdir ki, çox böyük məlumat bazasını insandan qat-qat tez və dəqiq şəkildə analiz edə bilir. Bu, bəzən daha obyektiv nəticə əldə etməyə imkan verir. Lakin süni intellekt də səhv edə bilər. 
Əgər proqram düzgün tərtib edilməyibsə, yaxud istifadə olunan məlumatlar natamam və ya qərəzlidirsə, nəticə də qeyri-dəqiq ola bilər. Buna görə də hakim süni intellektin verdiyi rəyə tam kor-koranə inanmalı deyil. Həmin rəy yalnız yardımçı sübut kimi qiymətləndirilməli və digər sübutlarla – sənədlərlə, şahid ifadələri ilə, ekspert rəyləri ilə birlikdə dəyərləndirilməlidir. Hakim yalnız süni intellektin nəticəsinə əsaslanaraq qərar verməməlidir.
Asim Abbasov qeyd edib ki, süni intellektin hüquq sistemində tətbiqi bir sıra risklər doğura bilər. Əgər süni intellektin öyrədildiyi məlumatlarda qərəz və ya səhvlər varsa, nəticələr də qeyri-obyektiv ola bilər. Bu isə məhkəmənin ədalətsiz qərar qəbul etməsinə səbəb ola bilər. Hakimlər süni intellektə həddindən artıq güvənsələr, qərarvermə faktiki olaraq texnologiyaya ötürülə bilər. Bu isə insan faktorunun zəifləməsinə və məhkəmə müstəqilliyinin formal xarakter almasına gətirib çıxara bilər. Süni intellekt çox böyük həcmdə şəxsi məlumatları emal etdiyindən, onların sızması və ya qanunsuz istifadəsi təhlükəsi vardır.  Süni intellekt ölkə məhkəmə sistemində yardımçı alət kimi faydalı ola bilər. Bunlara misal olaraq, telefon yazışmaları, elektron poçtlar, sosial şəbəkə paylaşımlarının avtomatik təhlili, bank əməliyyatlarının yoxlanılması, şübhəli və qanunsuz əməliyyatların aşkarlanması, mətnlərin, musiqi və vizual materialların müqayisəsi və plagiatın aşkarlanması kimi işlərdə istifadə oluna bilər. 

Vəkil həmçinin deyib ki, oxşar məhkəmə işlərinin müəyyən edilməsi və hakimə praktika üzrə tövsiyələrin təqdim olunması, qanunvericilik aktlarının və məhkəmə presedentlərinin tez və dəqiq axtarışı üçün köməkçi vasitə kimi istifadəsində köməkçi rolunu oynaya bilər.

Избранный
53
Ajans.az

1Источники