RU

BMT-də Azərbaycanın sədrliyi ilə AQEM-in iclası

Dünən Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının Azərbaycan Respublikasının Sədrliyi ilə qeyri-rəsmi iclası keçirilib.

Toplantıda AQEM-ə üzv dövlətlərin xarici işlər nazirləri və digər yüksəksəviyyəli nümayəndələri tərəfindən 2024-cü ilin dekabrından etibarən Azərbaycanın AQEM-də Sədrliyi dövründə əldə olunmuş tərəqqi müzakirə edilib, aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM Nazirlər Şurasının sədri qismində açılış nitqi ilə çıxış edərək Sədrliyin müxtəlif sahələr, o cümlədən bağlantılar, rəqəmsallaşma və dayanıqlılıq istiqamətləri üzrə müəyyən olunmuş strateji prioritetlərini vurğulayıb.

AQEM Baş katibi və Təşkilata üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri də bəyanatlarla çıxış ediblər. Natiqlər Azərbaycan Sədrliyinin nümunəvi liderliyini, baxışını və AQEM-i gücləndirməyə sadiqliyini yüksək qiymətləndiriblər.

İclas əlamətdar qərarların qəbulu, xüsusilə iki yeni məsləhətçi orqanın – AQEM Maliyyə Sammiti və AQEM Qadınlar Şurasının yaradılması ilə yekunlaşıb. Nazirlər Şurası, eyni zamanda, İkinci Dünya müharibəsinin bitməsi və Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80-ci ildönümü münasibətilə bəyanatlar qəbul edib.

Nazirlər Şurasının Bəyanatında Azərbaycanın AQEM Sədrliyinin səyləri yüksək qiymətləndirilib.

XQ

Избранный
10
4
xalqqazeti.az

10Источники