Payız və qış mövsümlərində insanların ən çox üzləşdiyi sağlamlıq problemlərindən biri soyuqdəymədir. Havanın dəyişməsi, immun sisteminin zəifləməsi və virusların fəallaşması bu xəstəliklərin yayılmasına şərait yaradır.
Həkim-professor Adil Qeybulla Operativ Media-ya açıqlamasında bildirib ki, soyuqdəymə adlanan hallar əslində virus mənşəli infeksiyalardır və düzgün profilaktik tədbirlər görülmədikdə həm xəstənin həyat keyfiyyətinə təsir edir, həm də ətrafdakılar üçün yoluxma mənbəyinə çevrilir:
"Əlamətlərə burun tutulması, asqırma, öskürək, burun axması, bəlğəmin yaranması, əzələ və bel ağrıları, baş ağrısı, ümumi halsızlıq və zəiflik daxildir. Bu simptomlar həm xəstənin gündəlik fəaliyyətinə təsir edir, həm də ətrafdakılar üçün yoluxma mənbəyi yaradır”.
Adil Qeybulla qeyd edib ki, xüsusilə payız-qış dövründə insanlar özlərini kifayət qədər qorumadıqları üçün yoluxma halları artır: “Məsələn, xəstəliyi olan şəxslərin işə getməsi, maskadan istifadə etməməsi ətrafdakılar üçün risk yaradır. Ona görə də bu mövsümlərdə profilaktik tədbirlər mühüm əhəmiyyət daşıyır:
- qapalı məkanlarda və ictimai nəqliyyatda maskadan istifadə;
- şəxsi gigiyena qaydalarına, xüsusilə əl gigiyenasına riayət edilməsi;
- təmiz havada gəzinti;
- vitaminlə zəngin qidaların, tərəvəz və meyvələrin qəbulu;
- fiziki aktivliyə diqqət yetirilməsi.
"Müqayisə üçün qeyd etmək olar ki, Yaponiyada bu cür mövsümlərdə maskadan istifadə geniş yayılıb və artıq sosial davranışın bir hissəsinə çevrilib. COVID-19 pandemiyası da göstərdi ki, maska istifadəsi virusların yayılmasının qarşısını almaqda təsirli vasitələrdən biridir. Buna görə də pandemiyadan çıxarılan dərslər nəzərə alınmalı və mövsümi respirator infeksiyaların qarşısının alınmasında profilaktik tədbirlər gündəlik həyatın tərkib hissəsi olmalıdır”, - o, qeyd edib.
Ayşən Sadıxzadə