RU

İlham Əliyevin BMT-də tarixi görüşləri - diplomatik zirvələrdə Azərbaycan

Xəbər verdiyimiz kimi, sentyabrın 22-dən etibarən Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərində işgüzar səfərdədir. Bu səfər Azərbaycan üçün həm diplomatik platforma, həm də beynəlxalq əlaqələri genişləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirərək ölkəmizin regionda sülh təşəbbüslərini, iqtisadi və enerji potensialını beynəlxalq ictimaiyyətə nümayiş etdiriblər. 

Səfərin diqqətçəkən məqamlarından biri Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza ilə baş tutan görüşdür. Görüşdə de Souza Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə olunan nəticələri yüksək qiymətləndirib. Prezident İlham Əliyev isə Vaşinqtonda keçirilmiş zirvə toplantısının tarixi əhəmiyyətini vurğulayaraq, Azərbaycanın bölgədə sülhün gücləndirilməsi və təhlükəsizliyin təmin olunması istiqamətində fəal rol oynadığını diqqətə çatdırıb. 

Görüş zamanı Azərbaycanla Portuqaliya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişafı, siyasi məsləhətləşmələrin davam etdirilməsi, həmçinin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti qeyd olunub.  

Prezident İlham Əliyev səfər çərçivəsində Bolqarıstanın Baş naziri Rosen Jelyazkovla da görüşüb. Görüş zamanı enerji sahəsində uğurlu əməkdaşlıq və gələcək layihələr müzakirə olunub.  

Beynəlxalq iqtisadi əlaqələr sahəsində də Azərbaycan nümayəndə heyəti mühüm görüşlər keçirib. Prezident İlham Əliyev ABŞ Ticarət Palatasının baş vitse-prezidenti Kuş Çoksi, “Ares Management” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Maykl Aruqeti, “Franklin Templeton” şirkətinin baş icraçı direktoru Cenni Conson, habelə “Global Infrastructure Partners”in təsisçisi və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb. Görüşlərdə qlobal investisiya perspektivləri, infrastruktur layihələrində əməkdaşlıq imkanları və Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşu məsələləri geniş müzakirə edilib. 

Səfər çərçivəsində həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar rəsmi qəbulda iştirak ediblər. Bu tədbir Azərbaycanın diplomatik nüfuzunu artırmaqla yanaşı, ölkəmizin qlobal gündəlikdəki rolunu daha da möhkəmləndirib. 

Azər

Azər Həsrət

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a açıqlamasında deyib ki, istər Azərbaycanda, istərsə də kənarda Prezident İlham Əliyevin bu səfəri diqqətlə izlənilir: “İlham Əliyevin ABŞ-yə, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün etdiyi səfər yenə də gündəmə çevrilib. Diqqət çəkən əsas məqamlardan biri budur ki, Prezident İlham Əliyev ötən günlər ərzində çoxsaylı görüşlər keçirib və o görüşlərdə ən önəmli məqam odur ki, demək olar, görüşlərin hamısı qarşı tərəflərin istəyi ilə olub. Yəni faktiki olaraq Azərbaycan Prezidentinin ABŞ-yə gəlməsi ayrı-ayrı böyük şirkətlərin təmsilçiləri, eyni zamanda müxtəlif dövlətlərin rəhbərləri, həmçinin beynəlxalq qurumların nümayəndələri üçün fürsətə çevrilib. Onlar Azərbaycan Prezidenti ilə görüşmək, müzakirə aparmaq, əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətini əldən verməyiblər. Bu isə Azərbaycan Prezidentinə və dövlətinə olan diqqətin bariz nümunəsidir. 

Ümumilikdə, çox uğurlu bir səfərdir və hələ də davam edir. Üstəlik, Azərbaycanın birinci xanımı və Prezidentin ailə üzvlərinin də onu müşayiət etməsi əlavə üstünlükdür. Çünki bu, əlavə təmas imkanları yaradır. Bundan başqa, ABŞ Prezidenti Donald Trampla baş tutan və artıq televiziya kanallarında yayımlanan dialoq da diqqət çəkir. Yəni Azərbaycan Prezidentinə ABŞ Prezidenti səviyyəsində, eləcə də digər liderlər səviyyəsində göstərilən diqqət kifayət qədər yüksəkdir". 

Xalidə GƏRAY, 
“Yeni Müsavat” 

Избранный
30
50
musavat.com

10Источники