RU

Burhanettin Duran: Ərdoğan və Tramp bir sıra mövzularda mühüm irəliləyiş əldə ediblər

BAKI, 26 sentyabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp arasında Vaşinqtonda baş tutan danışıqlar zamanı bir sıra mövzularda mühüm irəliləyiş əldə olunub.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Ərdoğanın ABŞ səfərinin nəticələrini şərh edərkən deyib.

“Onun ABŞ Prezidenti Trampla Ağ Evdə keçirdiyi tarixi görüş olduqca səmimi bir mühitdə keçdi. Görüşdə müdafiə sənayesindən ticarətə, enerjidən regional və qlobal problemlərə qədər bir çox mövzular müzakirə olundu və müəyyən mövzularda mühüm irəliləyişlər əldə edildi”, - Duran “X” sosial şəbəkəsində yazıb.

O, Ərdoğanın ABŞ səfərinin olduqca dinamik və səmərəli keçdiyini qeyd edib.

“Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstinin səsi və beynəlxalq toplumun vicdanı kimi çıxış edən dövlət başçımız, eyni zamanda Türkiyənin xarici siyasətinin regional və qlobal baxışını da ortaya qoydu. O, Afrika, Asiya, Amerika və Avropa qitəsindən bir çox dövlət və hökumət başçıları ilə ikili və çoxtərəfli görüşlər keçirdi, fikirlərini “Newsweek” və “Fox News” kimi kanallarda dilə gətirdi”, - Duran məlumat verib.

Избранный
9
teleqraf.com

1Источники