RU

“Xahiş edirəm, azadlığa buraxın, evlənək...” - 8 il həbs verildi

Bakıda sevgilisini oğurlamaqda ittiham olunan gəncin məhkəməsi maraqlı məqamlarla yadda qalıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu məhkəmə prosesinin əsas iştirakçıları 24 yaşlı Fərrux (bütün adlar şərtidir) və 19 yaşlı sevgilisi Nailədir.

Gənclər uzun müddət bir-birini seviblər. Lakin qızın anası evliliyə razılıq verməyib. Fərrux bir neçə dəfə elçi göndərsə də, hər dəfə rədd cavabı alıb. Oğlan izdivacın valideyn razılığı ilə baş tutmayacağını anlayaraq sevgilisini qaçırmaq qərarına gəlib. Bu işdə ona dostu İlkin kömək edib.

Fərrux sonuncu gün Nailə ilə danışaraq onu görüşə çağırıb. Həmin vaxt dostu İlkin də avtomobillə kənarda hazır gözləyib. Bir neçə dəqiqə sonra Fərrux Nailəni avtomobilə mindirib.

Lakin bir az getdikdən sonra Nailə bu addımın düzgün olmadığını düşünüb, xüsusilə də anasının xəstə olduğunu xatırlayaraq Fərruxdan onu geri qaytarmasını xahiş edib. Bu zaman sevgililər arasında mübahisə yaranıb. Nə baş verdiyini anlamağa çalışan İlkin isə qəfil idarəetməni itirərək əks yola çıxıb. Elə bu vaxt polis maşını saxlayaraq hər üçünü şöbəyə aparıb. Orada saxlanılan şəxslərin nəyə görə mübahisə etdikləri məlum olub.

İstintaq orqanı ilkin dindirmələrdən sonra Fərruxla İlkinin əməlini adam oğurluğu kimi qiymətləndirib. Hər ikisi barəsində həmin vaxtdan həbs qərarı verilib.

Dostların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Onlar hadisənin necə baş verdiyini hakim qarşısında ətraflı danışıblar. Məhkəmə ifadələri dinləyib, cinayət işindəki xüsusatları araşdırdıqdan sonra dostların əməlini adam oğurluğu yox, adam oğurluğuna cəhd kimi tövsif edib. Bu, cinayət hadisəsinin başa çatmaması ilə əsaslandırılıb.

Cinayət işində zərərçəkmiş kimi tanınan Nailə məhkəmədə etiraf edib ki, əslində onu qaçırmasını Fərruxdan özü xahiş edib. O, sevgilisini sevdiyini və birlikdə olmaları üçün yeganə yolun bu olduğunu düşündüyünü deyib: "Fərruxla bir-birimizi çoxdan sevirik. Mən əvvəldən Bakıda yaşayıram, o, isə rayonda böyüyüb, şəhərdə fəhlə işləyirdi. Amma anam bizim evlənməyimizə razılıq vermədi. Nəhayət məni başqa şəxslə evləndirmək istəyəndə Fərruxdan məni qaçırmasını istədim. Bəli, özüm könüllü qaçmaq istədim. Sadəcə maşına minəndən sonra aramızda mübahisə yarandı. Bir az sonra da anamın xəstə olmasını xatırladığım üçün fikrimi dəyişdim. Sonra da polis postunda saxlanıldıq, bizi şöbəyə apardılar. Düzdür, əvvəlki ifadəmdə başqa cür yazılıb. Bunun da səbəbi odur ki, mən 8-ci sinfə qədər oxumuşam. Ərizədə nə yazıldığını bilmədən imza atdım. Nə Fərruxdan, nə dostundan şikayətçiyəm. Heç biri mənə təzyiq göstərməyib".

Nailə son sözlərində hələ də Fərruxu sevdiyini deyib, onunla evlənmək istədiyi üçün azadlığa buraxılmasını xahiş edib. Bu vaxt Fərrux da şüşə qəfəsdən sevgilisinə səslənərək azadlığa çıxan kimi onunla evlənəcəyini deyib.

Gənclər məhkəmə zalında bir-birinə sevgi etirafları etsələr də, uzun müddət qovuşa bilməyəcəklər. Çünki sevgi ilə yanaşı ortada cinayət də var.

Bu əsasla hakim Vüqar Quliyev Fərruxun 8 il, dostunun isə 6 il 9 ay həbslə cəzalandırılması barədə hökm çıxarıb.

Избранный
7
18
day.az

10Источники