RU

Ukrayna yeni hücuma hazırlaşır - Trampa məlumat verildi

ABŞ Prezidenti Donald Tramp Ukraynanın yeni hücum əməliyyatına hazırlaşdığı barədə məlumatlandırılıb.

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti iki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Trampa döyüş meydanındakı vəziyyət izah olunub və son illərdə Rusiyanın yalnız cüzi irəliləyiş əldə etdiyi bildirilib.

Qəzet yazır ki, Ukraynanın mümkün hücum planı barədə məlumatı ona ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog və BMT-dəki daimi nümayəndəsi Maykl Uolts çatdırıblar.

Tramp 23 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdükdən sonra ritorikasını kəskinləşdirib. ABŞ lideri bəyan edib ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə öz ərazi bütövlüyünü tam bərpa edə və “hətta daha irəli gedə bilər”. O, Rusiyanı “kağız pələngi” adlandıraraq, Moskvanın iqtisadiyyatının dağılmaqda olduğunu vurğulayıb: “İndi Ukraynanın hərəkət etməsinin ən doğru vaxtıdır.”

WSJ qeyd edir ki, Tramp ritorikasını dəyişsə də, siyasətində ciddi dönüş etməyib. Belə ki, o, Kiyevə ABŞ silahlarının satışına icazə verir, lakin bu silahların Rusiya ərazisinə zərbələrdə istifadəsini məhdudlaşdırır.

Kiyevin əlində 300 km məsafəyə qədər hədəfi vura bilən uzaqmənzilli ATACMS raketləri olsa da, onların Rusiya ərazisinə qarşı istifadəsi yasaqlanıb.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə ümidini ifadə edib ki, Tramp əvvəlki mövqeyinə qayıdacaq və Ukraynanın məğlub olduğunu, ərazi güzəştlərinə razılaşmalı olduğunu yenidən bəyan edəcək.

Избранный
8
1
modern.az

2Источники