
O, bildirib ki, layihə ilk dəfə olaraq rəqəmsal platforma üzərindən həyata keçiriləcək. “Uzun illər ərzində Mərkəzi Bank real sektor müəssisələri arasında sorğular keçirib. Bu sorğular əsasən sənaye, tikinti, xidmət və digər sahələri əhatə edib, 400-dən artıq iri müəssisə üzrə aparılıb. Onların nəticələri ictimaiyyətlə paylaşılaraq işgüzar inam indeksləri və digər göstəricilər açıqlanıb”. “Lakin bu dəfə fərqli bir layihəyə start veririk” - deyə S.Nəsirov əlavə edib: “Ev təsərrüfatlarının maliyyə davranışları və niyyətləri ilə bağlı sorğunun keçirilməsində əsas məqsəd ailələrin maliyyə vəziyyəti, iqtisadi gözləntiləri, borc yükü və ödəniş qabiliyyəti barədə məlumat toplamaqdır. Bu məlumatlar həm ümumi tələbin formalaşmasında, həm də inflyasiya və gözləntilərin idarə olunmasında xüsusi rol oynayacaq,” – deyə Samir Nəsirov qeyd edib. Onun sözlərinə görə, sorğunun nəticələri Mərkəzi Bankın proqnoz modellərində gözləntilərin dəqiq müəyyən edilməsinə imkan verəcək və qəbul edilən siyasət qərarlarında əhəmiyyətli baza rolunu oynayacaq. “Sorğu metodologiyası beynəlxalq standartlara əsaslanır. Avropa Komissiyasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təcrübəsi nəzərə alınıb. Layihə ildə iki dəfə həyata keçiriləcək və 29 sualdan ibarət olacaq” Samir Nəsirov vurğulayıb ki, sorğu həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini əhatə edəcək:
“Ev təsərrüfatlarının maliyyə vəziyyəti ilə bağlı dəyərləndirmələr;
ölkə iqtisadiyyatı barədə gözləntilər;
iri alışlar və daşınmaz əmlakla bağlı planlar;
borclanma məqsədləri və ödəniş imkanları;
qiymətlərin dəyişməsi ilə bağlı gözləntilər.
Məsələn, respondentlərdən “Son 12 ayda ailənizin maliyyə vəziyyəti necə dəyişib?” və ya “Növbəti 12 ayda qiymətlərin necə dəyişəcəyini gözləyirsiniz?” kimi suallara cavab vermələri xahiş olunacaq.
Sorğu Mərkəzi Bankın rəsmi internet səhifəsində xüsusi bölmə vasitəsilə elektron formada aparılacaq”.
Departament direktoru əlavə edib ki, əldə olunacaq məlumatlar pul-kredit siyasəti və maliyyə sabitliyinin təmin olunması baxımından əhəmiyyətli qərarların qəbuluna töhfə verəcək.