RU

Rusiya hərbi təlimlərinin SSENARİSİ: Hədəfdə hansı ölkədir? - ŞƏRH

"Rusiyanın hərbi əməliyyatların miqyasını genişləndirməsi, hərbi təlimlər keçirməsi, o cümlədən də Belarus-Rusiya hərbi təlimləri digər ölkələr üçün təhdiddir. Ələlxüsus, söhbət Baltikyanı ölkələrdən, Ukrayna və Polşadan gedirsə..".

Bunu politoloq Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert xatırladıb ki, 2021-ci ildəki hərbi təlimlərdən 5 ay sonra Ukrayna ilə müharibə başladı:

"Həmin müharibədə hərbi təlimlərdə edilən məşqin senarisinin eyniylə tətbiq edilməsini gördük. Ukraynaya desant qüvvələrin hücumu, bataqlıqdan keçərək ərazilərə soxulma və s.”

Müsahibimiz qeyd edib ki, Rusiyanın hərbi təlimlərinə nəzər salsaq, daha bir məqam da üzə çıxır. Dediyinə görə, "Qafqaz- 2008-ci il" təlimi Gürcüstan-Rusiya sərhədində, Osetiya istiqamətində keçirildi və 6 gün sonra Rusiya ordusu təlim keçirilən tunel vasitəsi ilə Gürcüstan ərazilərinə hücum etdi:

“Belə olan təqdirdə, gələcəkdə Rusiya hansısa istiqamətdə növbəti hücumlarına başlaya bilər. 2023-cü ildə Rusiya-Belarus arasında kiçik miqyaslı təlimlər də keçirildi. Hətta "İsgəndər-M" raketləri Belarusa gətirildi. "Vaşinton Post" qəzeti o zaman yazırdı ki, Rusiya məqsədli şəkildə diqqəti Belarusa yönəldib. Çünki istəyib ki, Ukrayna Belarusdan Kiyevə hücumun olacağını düşünsün. Bunun əvəzində isə Rusiya Ukraynanın şərq, qondarma "respublikalar" istiqamətindən işğala başladı. Kim bilir, bəlkə yenidən aldadıcı fəndlər işə salınacaq”.

Zaur Məmmədov: ABŞ Avropa ilə birlikdə Ukraynanın müdafiəsinə qoşulmadığı müddətdə Rusiyanın həmlələri davam edəcək

Politoloqa görə, hələlik ən pozitiv proqnoz odur ki, xüsusən Alyaska görüşündən sonra ABŞ prezidenti Donald Trampın gözündən tamamilə düşməmək üçün Vladimir Putin buna getməyəcək:

“ABŞ Avropa ilə birlikdə Ukraynanın müdafiəsinə qoşulmadığı və neytrallığını saxladığı müddətdə Rusiyanın həmlələri davam edəcək".

Aydın Baxış

Избранный
9
1
bakivaxti.az

2Источники