RU

“Dünya rekordu qırdığım üçün sevinirəm, amma bu hələ son deyil” - Selcan Mahsudovanın İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycanın tanınmış batut gimnastı, Paris Olimpiadasının iştirakçısı Selcan Mahsudova mövsümün payız mərhələsinə uğurlu start verib. İdmançımız qardaşı Maqsud Mahsudovla birlikdə Kotbusda keçirilən Dünya Kubokunda qarışıq cütlüklərin sinxron tullanmalarında qızıl medal qazanıb. Turnir zamanı Selcan həm də qadınlar arasında üçqat salto icra edərək yeni dünya rekorduna imza atıb.

Hazırda gimnast dünya çempionatına və yaxın günlərdə Gəncədə start götürəcək MDB Oyunlarına hazırlaşır. Selcan Mahsudova gələcək planları və yarışlar barədə İdman.biz-ə açıqlama verib.

– Mövsümün ikinci yarısına qızıl medalla başladınız. Qardaşınız Məqsudla birlikdə sinxron tullanmada qalib gəldiniz. Yarış sizin üçün nə dərəcədə həyəcanlı idi?

– İlk dəfə idi ki, Dünya Kubokunda birgə çıxış edirdik. Belə nəticə bizi çox sevindirdi. Dövlət himnimizin səslənməsi ilə qürur duyduq. Xüsusilə Məqsudun fərdi çıxışda qazandığı bürünc medal da ayrıca fərəh gətirdi. Bu, onun böyüklər arasında ilk startı idi və nəticə çox ruhlandırıcı oldu.

– Bu, ilin əvvəlindən bəri qarışıq sinxron üzrə üçüncü mükafatınızdır. Demək olarmı ki, artıq bu kateqoriyada özünüzü rahat hiss edirsiniz?

– Rahatam, amma hələ də uyğunlaşıram. Çünki əvvəllər yalnız fərdi çıxış etmişəm, heç vaxt tərəfdaşım olmayıb. Öyrəşmək bir az çətindir, amma üzərində işləyirik. Üstəlik, qarışıq cütlüklərin sinxron tullanmaları bu mövsümdən beynəlxalq təqvimə daxil edilib və bütün yarışlarda medal uğrunda mübarizə gedir.

– Kotbusda üçqat salto icra etməklə dünya rekordu qırdınız. Bu haqda hissləriniz necədir?

– Çox sevinirəm ki, arzuma çatdım və rekorda imza atdım. Dörd dəfə üçqat salto qadınlar üçün çox çətindir. Yarışlarda bunu indiyədək heç kim etməmişdi. Mən risk etdim və bacardım. Amma bu, son deyil. Planlarımızda daha mürəkkəb kombinasiyalar da var!

– Belə nailiyyətə baxmayaraq medal qazana bilməməyiniz sizdə təəssüf doğurmadı?

– Əlbəttə, istərdim ki, bir medal da götürüm. Təəssüf ki, alınmadı. Amma məşqçim həmişə deyir ki, pis nəticəyə köklənmək lazım deyil. Fəndləri təhlil edib səhvlər üzərində işləyəcəyik.

– Dünya çempionatına hazırlıq necə gedir?

– Hazırlıq çox ciddi aparılır. Orada həm fərdi çıxış, həm də qardaşım Məqsudla qarışıq sinxron üzrə mübarizə aparacağam.

– Yeni Olimpiya tsikli və Los-Anceleslə bağlı gözləntiləriniz nələrdir?

– 2027-ci ildə Yay Olimpiya Oyunlarına seçim başlayacaq. Böyük planlarımız var – ölkə üçün 3 lisenziya qazanmaq istəyirik. Şanslarımız mövcuddur. Maksimum nəticə göstərib bu fürsətdən yararlanmağa çalışacağıq və yenidən tarix yazmaq arzusundayıq.

– Qarşıdakı günlərdə Gəncədə III MDB Oyunları başlayır. Komandadan nə gözləyirsiniz?

– İlk dəfədir ki, batut gimnastikası MDB Oyunlarının proqramına salınıb. Dörd növ üzrə yarış olacaq. Əsas məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir. Eyni zamanda medal qazanmaq şanslarımız da var. Əlimizdən gələni edəcəyik.

Zəki Feyzullayev

İdman.biz

Избранный
12
idman.biz

1Источники