RU

“Bu, ilk dəfə deyil, artıq öyrəncəliyik” – “Qarabağ”ın kapitanı etiraf etdi

“Qarabağ”ən kapitanı Bədavi Hüseynov Sportinfo.az-a müsahibə verib.

34 yaşlı müdafiəçi Ağdam təmsilçisinin “Araz-Naxçıvan” üzərində qazandığı 5:0 hesablı qələbədən sonra sualları cavablandırarkən qırmızı vərəqənin əsas rol oynadığını etiraf edib.

- Çətin Portuqaliya səfərinin ardından iddialı rəqiblərinizdən birini böyük hesabla məğlub etdiniz.

- Bəlkə də Lissabondakı zəfərin yaratdığı möhtəşəm ab-havanın nəticəsiydi. Komandada çox yaxşı ab-hava var. “Araz-Naxçıvan”la oyunlarımız həmişə ağır keçib. Güclü rəqibdir həqiqətən. Hesabı açana qədər müəyyən çətinliklər yarandı. Qol vurandan sonra rahatlıq tapdıq. Rəqibin azlıqda qalması işimizi xeyli asanlaşdırdı. “Araz-Naxçıvan” çox rəqiblərin əhvalını korlayacaq. Xoşbəxt olduğumuzu deyə bilərəm.

- Slavik Alxasovun aldığı qırmızı vərəqə nə dərəcədə işinizə yaradı?

- Çox böyük rol oynadı. Bəlkə də 70-80 faiz. “Qırmızı” olmasaydı, təbii ki, bizə çətin olacaqdı. Hətta 10 nəfər qalandan sonra da qapımız qarşısında təhlükə yaradırdılar. Əsas məqamlardan biri də odur ki, rəqibin azlıqda qalması uşaqları arxayınlaşdırmadı. Əksinə, təzyiqi artırdıq, xarakter göstərdik.

- Oyundan əvvəl kimsə sənə 5:0 hesabı ilə qalib gələcəyinizi desəydi, həmin şəxsə hansı cavabı verərdin?

- Nə deyəcəyimi bilmirəm (gülür). Amma səmimi desəm, belə hesab gözləmirdim. Söhbət “Araz-Naxçıvan”dan gedirsə, qeyd etdiyim kimi, fərqli ab-hava, fərqli oyun təsəvvür edirdim. Qırmızı vərəqə hesabda özünü göstərdi.

- “Benfika” ilə səfər qarşılaşmasında möhtəşəm stadionda 70 minə yaxın azarkeşin qarşısında oynayıb, 5 gündən sonra yararsız meydanda, 500 nəfərin qarşısında mübarizə aparmaq psixoloji baxımdan çətin deyil?

- Bu, ilk dəfə deyil. Artıq buna öyrəncəliyik. Təbii ki, atmosfer və motivasiya fərqlidir. Lakin söhbət peşəkarlıqdan gedirsə, hər vəziyyətə hazır olmalıyıq. Növbəti mövsümdə də Çempionlar Liqasında oynamaq istəyiriksə, çempion olmalıyıq. Bunun üçünsə Premyer Liqa matçlarına da ciddi yanaşmaq vacib şərtdir.

- Cari mövsümün gərgin keçəcəyini 5 turda qeydə alınan nəticələr göstərməkdədir. Fikrimcə, çempionluq əvvəlki illərdəki qədər asan olmayacaq. Sən necə düşünürsən?

- Bizim üçün mövsümün əvvəli həmişə çətin olur. İki cəbhədə mübarizı aparırıq deyə, xal itkiləri ilə üzləşirik. Bəzi futbolçular komandaya yeni qoşulur, optimal formada olmurlar. Belə olması normaldır. Nəriman zədəlidir, Yankoviç də zədələndi. Qarşıda isə çətin oyunlarımız var. Buna baxmayaraq, bütün futbolçular hər an meydana çıxmağa hazırdır. Hələ ki, 100 faiz formada deyilik. İnşallah, zamanla işlərimiz tam qaydasına düşəndən sonra rahat olacaq.

HƏBİB

Избранный
22
sportinfo.az

1Источники