Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pavel Radomski ilə görüşüb.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Kəmaləddin Heydərov Azərbaycan ilə Polşa arasında münasibətlərin qarşılıqlı hörmət və səmimi tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Bu çərçivədə, nazir həmsədri olduğu Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ötən müddət ərzində səmərəli fəaliyyətinə toxunub, qarşıda duran məsələlərdən danışıb.
Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, o cümlədən Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə qonağa məlumat verən nazir Kəmaləddin Heydərov bu istiqamətdə iki dost ölkənin uyğun qurumları arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını vurğulayıb.